Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Beş ildən artıq Fələstinin "Həmas" islamçı hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit "Karam Əbu Səlim" nəzarət-buraxılış məntəqəsi (NBM) yaxınlığındakı İsrail hərbi düşərgəsinə gətirilib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.
İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. Onun azad edilməsi üçün hərəkatın üzvləri mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb ediblər. "Həmas", habelə İsrail həbsxanalarından bütün fələstinli qadın və uşaqların buraxılmasını da tələb edib.
Oktyabrın 11-də "Həmas"la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə əldə olunan sazişə görəŞalitin müqabilində 1027 fələstinli azad olunacaq. Onların arasında 27 qadın var. Dustaqlar iki mərhələdə azadlığa buraxılacaqlar. Tərkibində 450 məhbuusn olduğu (onlardan 315 nəfəri ömürlük cəzaya məhkum olunub) birinci qrup Şalitin israillilərə təhvil verilməsindən sonra, digərləri isə iki aydan sonra azad olunacaqlar. Bununla yanaşı İsrail azad edilmiş 40 fələstinlini İordan çayının Qərb sahilinin və Qəzza sektorunun hüdudlarından kənara, Qərb sahilindən olan 163 nəfəri isə Qəzzaya deportasiya edir.