...

Azərbaycan Parlamentinin dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası başlayıb (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 18 Oktyabr 2011 14:44 (UTC +04:00)
Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası çərşənbə axşamı öz işinə başlayıb. Trend-in məlumatına görə, iclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Parlamentinin dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası başlayıb (ƏLAVƏ OLUNUB-2)

Deputatların çıxışı əlavə olunub (İlk xəbər 12:03-də yayılıb)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası çərşənbə axşamı öz işinə başlayıb. Trend-in məlumatına görə, iclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi, həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Spiker Oqtay Əsədov iclasın açılışında bildirib ki, sovetlər birliyinin dağılması ilə 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb.

"Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb, çox çətin vəziyyətə düşmüşdü. Erməni təcavüzü, xarici ölkələrin Azərbaycana qarşı təxribatı ilə üzləşmişdik. O vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos, özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Bu da taleyin qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasi dahi Azərbaycanın "sükanı arxasında" olmalı idi", - Əsədov deyib.

Spikerin sözlərinə görə, xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olma təhlükəsindən xilas etdi.

"Ulu öndər ölkəmizin gələcək siyasi iqtisadi inkişafının təməlini qoydu", - Əsədov qeyd edib.

O bildirib ki, bu gün İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məruzəsində Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verib.

Əsgərov ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətindən danışıb.

O, Azərbaycanın Sovet İttifaqının tərkibindəki dönəmindən danışaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu.

"Həmin dövrdə yalnız Rusiya və Azərbaycan büdcədən dotasiya almadan dolanıb", - Əsgərov qeyd edib.

Birinci vitse-spiker müstəqillik əldə olunandan sonra Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışaraq müstəqilliyin ilk illərində ölkənin Ermənistanın təcavüzkar siyasəti və ölkə rəhbərliyinin səriştəsizliyi ilə üzləşdiyini qeyd edib.

Əsgərov çıxışında Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yolundan danışaraq qeyd edib ki, artan imkanlar qarşıya qoyulan bütün məqsədlərin həyata keçirilməsinə şərait yaradır.

"Azərbaycan Parlamenti 16 ildir ki, qanunvericilik sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən illərdə Azərbaycan parlamenti milli qanunvericiliyin Avropa hüquq normalarına uyğunlaşdırılmasına nail olub, hüququn aliliyinin bərqərar olmasına şərait yaradıb", - birinci vitse-spiker deyib.

Millət vəkili Vahid Əhmədov parlamentin iclasda çıxışında bildirib ki, SSRİ-nin süqutu Azərbaycanın müstəqilliyinin əsas amili olsa da, bu müstəqillik 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan xalqının qanı bahasına qazanılıb.

"O vəfat etmiş insanların ruhu müstəqilliyin itirilməsini bizə bağışlamaz", - o deyib. Millət vəkili işğal altında olan Dağlıq Qarabağ ərazilərinin azad olunmasının ölkə qarşısında duran əsas məsələ olduğunu vurğulayaraq qeyd edib ki, bunun üçün Azərbaycan öz ordusunu gücləndirməlidir. Onun sözlərinə görə, ölkədə aparılan siyasi və iqtisadi islahatlar Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasına inam yaradır.

"Azərbaycan xalqının yalnız bir hissəsi öz müstəqilliyinə qovuşub və cənubda yaşayan 35 milyon soydaşımızın da müstəqillik qazanmasını arzulayardım", - öz çıxışında millət vəkili Fazil Mustafa bildirib.

"Bu heç bir dövlətin daxili işinə qarışmaq deyil, sadəcə olaraq xalqın haqqının səsləndirilməsidir", - Mustafa əlavə edib.

Millət vəkili Rəbiyyət Aslanova çıxışında bildirib ki, hər kəsin dəyərini tarix verir.

"Yaşamaq istəyən dövlət bir sıra vektorları müəyyən etməlidir ki, sabahını müəyyənləşdirə bilsin. 20 il ərzində baş vermiş hadisələr hər kəsin gözü qarşısındadır və biz sabahı düşünməliyik", - Aslanova deyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bütün azərbaycanlıları təbrik edib.

"Azərbaycan dövlətinin müstəqilliyi bütün azərbaycanlılar üçün ən müqəddəs nemətdir", - o deyib. Millət vəkili qeyd edib ki, Gülüstan müqaviləsindən sonra Vətənin keçdiyi faciələrə baxsaq, dövlət müstəqilliyinin nə qədər önəmli olduğunu görərik. Paşayeva ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü ugrunda canından keçən insanları xatırlayıb və deyib ki, onların qarşısında hər zaman baş əyirik.

"O insanlardan biri də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətlərin müəllifi ümummilli lider Heydər Əliyevdir", - Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, müstəqilliyin 20 illiyinin Qarabağda, Şuşada qeyd olunmaması içimizdə olan kədərdir. "Ölkənin bugünkü inkişafı, nailiyyətləri bunu deməyə əsas verir ki, Qarabağda qeyd edəcəyimiz müstəqillik günü uzaqda deyil", - o bildirib.

İclasda bəzi millət vəkilləri Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktına imza atan 43 millət vəkilinə xüsusi imtiyazlar verilməsi barədə fikirlər səsləndiriblər.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında qeyd edib ki, o vaxt həmin akta imza atan 43 nəfərin əziyyətini indi danmaq olmaz. Vitse-spiker onların əməyini yüksək qiymətləndirdiyini deyib.

"Müstəqillik haqqında Konstitusiya aktının qəbul olunması zamanı parlamentin bu zalına Elmira Qafarova rəhbərlik edirdi. Ayaz Mütəllibov o vaxt qısa müddət ərzində o akta imza atdı. Amma sonra onu nəyə vadar etdilər? Nələr oldu? Vaxtilə bu kürsüdə bir-birinə aman verməyənlər bilmirdilər ki, Azərbaycan xalqının müqəddəs amalı var? Bu gün hər şeyə qiymət vermək özümüzdən asılıdır", - Muradova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti