Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.
Trend-in məlumatına görə, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik edib. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirib.
Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olunub, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.