...

Ankara Suriya hökumətindən Türkiyənin diplomatik nümayəndəliklərinə hücumların təqsirkarlarının cəzalandırılmasını tələb edir

Siyasət Materials 15 Noyabr 2011 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend müxbir A.Tağıyeva/

Ankara Suriya hökumətindən bu ölkədəki Türkiyə diplomatik nümayəndəliklərinə edilən hücumların təqsirkarlarını tapmağı və cəzalandırmağı tələb edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Üzr istəmək azdır. Suriya hakimiyyəti təqsirkarları cəzalandırmalıdır" , - Ərdoğan deyib.

Suriyanın bir sıra şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərinə hücumlar edilib.

Ötən bazar günü təxminən min nəfərə yaxın nümayişçi daş və şüşələrlə Türkiyənin Dəməşqdəki səfirliyinə hücum ediblər. Ancaq polisin hadisə yerinə gəlməsi səfirliyin nümayişçilər tərəfindən tutulmasının qarşısını alıb.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti