...

Azərbaycan Prezidenti Şəkidə "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 17 Noyabr 2011 20:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şəki şəhərində "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Şəkidə "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şəki şəhərində "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid "Aşağı Karvansaray" Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq var.

Dövlətimizin başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxdı.

Diqqətə çatdırıldı ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılmışdır. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir.

Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirildi ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulub, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülüb. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənib və yenidən qurulub. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənib. Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülüb. Ərazidə 5 min 280 kvadratmetr sahəyə kərpic döşənib, 3 min 82 kvadratmetr sahəyə yeni tirlər qoyulmaqla taxta döşəmə vurulub. Eyvanlar bərpa olunub, 8 tay darvaza, 170 pəncərə, 128 qapı yenilənib. Bundan başqa, kompleksdə 32 eyvan tağı bərpa edilib. Burada ümumilikdə, zirzəmi də daxil olmaqla 253 otaq var.

Diqqətə çatdırıldı ki, "Aşağı Karvansaray" kompleksində aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulur. Kompleksdə ilk dəfədir ki, bu cür əsaslı təmir-bərpa işləri həyata keçirilir.

Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti