Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/
Avropaya miqrasiya daha da asanlaşıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Aİ miqrasiya və mobillik üzrə qlobal metoda dair müraciətinin qəbul edilməsi ilə bağlı Aİ-nin yeni Miqrasiya Portalı işə salınıb.
Miqrasiya məsələlərinə dair yeni, praktiki və anlaşılan məlumatın əldə edilməsi üçün http://ec.europa.eu/immigration internet səhifəsi əsas giriş nöqtəsidir.
"Aİ-nin Miqrasiya Portalı bütün növ miqrasiya məsələlərinə dair praktiki məlumat verən xüsusi vahid pəncərə mexanizmidir. Aİ-yə köçməyi planlaşdıran, bunu necə etmək barədə biliyi olmayan və Aİ-də artıq yaşayan miqrantlar, eləcə də öz hüquqlarını bilməyənlər üçün Portal faydalı ola bilər", - Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib.
Portal miqrasiya imkanlarını müəyyən etməyə yardım edir, Aİ-nin milli siyasətləri və qanunları, qaçaqmalçılıq və insan alveri kimi qeyri-qanuni miqrasiya ilə əlaqədar risklərə dair ümumi məlumat verir. Portal həm də istifadəçiləri Avropa İttifaqına 27 üzv dövlətin miqrasiyaya dair internet səhifələrinə yönəldir.
Aİ-nin Miqrasiya Portalı ingilis və fransız dillərində http://ec.europa.eu/immigration/ ünvanında yerləşir.