...

İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib.
İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.

Qeyd edildi ki, yeni binalardan səkkizi 60, biri isə 45 mənzillidir. Mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülüb. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib.

Bildirildi ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli 12 beşmərtəbəli binadan ibarət bir məhəllə salınmışdır.

Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Q.Sadıqov qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.

Sonra Azərbaycan Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Burada ayrıca "Xocalı faciəsi - xalqın qan yaddaşı" adlı fotoguşə də vardır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılıb.

Məlumat verildi ki, musiqi məktəbində tar, qarmon, nağara və fortopiano sinifləri yaradılmışdır.Burada uşaqların musiqini dərindən mənimsəmələri üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

Daha sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşüb.

Məcburi köçkün Məmməd Baxışov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti