...

8 aprel mitinqinin ifadə etdiyi gerçəkliklər...

Siyasət Materials 10 Aprel 2012 12:35 (UTC +04:00)
8 aprel mitinqinin ifadə etdiyi gerçəkliklər...
8 aprel mitinqinin ifadə etdiyi gerçəkliklər...

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Demokratik cəmiyyətdə müxalifət

Demokratik cəmiyyətlərdə sosial-siyasi sistemin əsas atributlarından biri də məhz müxalifətçilik institutudur. Müxalifət cəmiyyət və dövlət qarşısında konkret məsuliyyət daşıyan, konkret məqsəd və hədəfləri olan aparıcı institut olmaqla, eyni zamanda, cəmiyyətdaxili siyasi, mədəni proseslərin iştirakçısı kimi həm də onlara yeni istiqamətlər verməklə keyfiyyətini şərtləndirir. Bir sıra sosioloq və cəmiyyətşünaslar müxalifətin hədəfi kimi iqtidara gəlməyi göstərsələr də, çox hallarda müxalifətin tək hədəfinin iqtidara gəlmək olmaması da məhz zəruri şərt kimi qeyd olunur. Müxalifətin əsas missiyası və funksiyası cəmiyyətdaxili münasibətlərdə mövcud olan problemləri ictimai platformada aktuallaşdırılaraq iqtidarın diqqətinə təqdim etməklə onların həllinə nail olmaqdır. Amma müxalifətin vəzifəsi təkcə bununla da bitmir. Müxalifət, eyni zamanda, mövcud olan obyektiv problemlərin aradan qaldırılması ilə bağlı iqtidara daima ardıcıl şəkildə müxtəlif təkliflər irəli sürməlidir. Yəni hər bir sivil, normal cəmiyyətin müxalifəti hadisələri "necə olmalıdır" idealizmi platformasinda deyil, məhz "necədir", "necə etmək lazımdır" kimi istiqamətlərdə aktuallaşdırmaqla prosesləri real müstəvidə təhlil etməlidir. Çox təəssüf ki, bəzi cəmiyyətlərdə müxalifətin bu missiyası və funksiyası dərk olunmur. Müxalifətçilik tənqid, təhqir hətta bir çox hallarda sərhədsiz və səbatsız azadlıqlar kimi təqdim olunur ki, bu da nəticə etibarı ilə həmin ölkənin sosial-siyasi sisteminin inkişafına əngəl törədir.

Sosial bazanın yoxluğu müxalifəti aqressivləşdirir

Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz kimi, müxalifət ölkədaxili problemləri aktuallaşdıraraq bunun həlli yolları ilə bağlı təkliflər verməklə, iqtidarın diqqətinə çatdırmalıdır. Amma bunun üçün ilk növbədə müxalifətin hədəfləri düzgün müəyyənləşdirilməli və doğrudan da həmin problemlərin nə dərəcədə aktual olması dəqiqləşdirilməlidir. Çünki belə olmasa, muxalifət qeyri obyektiv yaxud qərəzli siyasi təşkilatlanmaya çevrilərək bir müddət sonra arxasında sosial baza və sosial güc hiss etməyərək zəifləyəcəkdir. Zəiflik isə muxalifətə şübhəsiz ki, yeni aqressiv keyfiyyətlər qazandıracaqdır. Beləliklə, xalq tərəfindən dəstəklənməyən müxalifət daha da radikallaşacaq və aqressiv olacaq. Məhz Azərbaycan müxalifəti də hamının görüb qəbul etdiyi iqtisadi inkişafı, tərəqqini, siyasi sistemin gəlişməsini, sosial problemlərin öz həllini tapması həqiqətlərini görməyib inkar etdiyinə görə ictimai təfəkkürdə obyektiv obraz yarada bilmir. Ona görə də, Azərbaycan xalqı və ictimaiyyət nümayəndələrinin əksəriyyəti tərəfindən qəbul edilmir. Məhz bu keyfiyyətlər haqlı olaraq Azərbaycanda bir qrup müxalifətin "radikal müxalifət" adlandırılmasına yol açır.

Radikal müxalifət adından da bəlli olduğu kimi, radikalizmə və aqressiyaya meyilli olur. Hər dəfə populyar və zəruri olmayan qeyri-obyektiv tələblər və siyasi şoularla cəmiyyət qarşısına çıxan zaman istər cəmiyyət, istərsə də, dövlət orqanlarından uyğun, adekvat cavab almağa məhkum olurlar. İllərdir davam edən bu proses müxalifəti hətta o qədər zəiflədib ki, uzun müddət Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərən və özlərini lider adlandıran bəzi siyasətçilər öz ətrafına hətta bir qeyri-hökumət təşkilatının, bir tələbə hərəkatı liderinin topladığı qədər insanı toplaya bimirlər. Ona görə də, hesab edirik ki, bu gün radikal müxalifət nə müxalifətçilik fəlsəfəsini mənimsəyib, nə onun elmi-nəzəri əsaslarını öyrənib, nə də müxalifətçiliyin praktik keyfiyyətlərinə yiyələnə bilib.

Müxalifət siyasi sistemin "qarınaltı yük"ünə çevrilib

Aprel ayının 8-də keçirilən mitinq də onu göstərdi ki, müxalifət Azərbaycan cəmiyyətində, ölkənin siyasi sistemində "qarınaltı yük"ə çevrilib. Və bir daha bu proseslər onu göstərdi ki, cəmiyyət bu yükdən mümkün qədər tez xilas olmağa çalışır. Buna görə də, məhz uzun müddətdir bir neçə mətbuat orqanında təbliğatı aparılan mitinq bu gün belə iflasa uğradı. Hesab edirik ki, bundan sonra radikal müxalifətin atacağı ən doğru addım məhz cəmiyyətin siyasi sisteminin "qarınaltı yük"ü olduğunu anlayaraq bundan imtina etməsidir. Əgər belə olarsa, müxalifət doğrudan da heç olmasa, son addımı ilə Azərbaycan siyasi sisteminin inkişafına müəyyən töhfə vermiş ola bilər.
Bu gün Azərbaycan müxalifətinin qəbul, əxz etdiyi və fəaliyyətində öz əksini tapan sadəcə bir prinsip var: nə olursa olsun, iqtidar tərəfindən nə həyata keçirilirsə keçirilsin, onu qaralamaq və ona qara yaxmaq. Çox təəssüf ki, bu təhqiri və qarayaxmanı, qeyri-obyektivliyi müxalifət özünə peşə edib. Bu heç də yaxşı peşə deyil. Təbii ki, müxalifət nə qədər ki, bu prinsipə sadiqdir, bir o qədər də o əhali tərəfindən dəstək almayacaq. Peşə seçəndə elə peşə seçmək lazımdır ki, onun ictimai faydası olmasa belə, heç olmasa fərdi müstəvidə faydalı olsun.

Azərbaycan müxalifəti ictimai faydalı təşkilatlanma deyil

"Qabusnamə"nin müəllifi Qabus ibn Vəşmgir hələ XI əsrdə oğluna nəsihətində yazırdı ki, "Əgər bir şeyi öyrənmək istəyirsənsə, onun həm elmi, həm də peşə tərəflərini öyrən. Yoxsa birtərəfli öyrənsən, ac qalarsan. Əgər fiqihi (yəni islam hüququnu) öyrənmək istəyirsənsə, mütləq qazılığı da öyrən. Çünki sadəcə hüquq öyrənmək, nəzəri bilikləri öyrənməklə, sən ailəni dolandıra və ictimai faydalı ola bilməyəcəksən. Amma qazılığı öyrənsən, məhkəmə proseslərində iştirak etməklə, həm cəmiyyətdə ədalətin bərpa olunmasına xidmət göstərəcək, həm də bir peşə kimi burdan gəlir əldə edəcəksən. Yox əgər ilahiyyat elmini öyrənmək istəsən, eyni zamanda, həm də imamlığı öyrən, xütbə oxumağı, dini şərh etməyi bil. Çünki öyrəndiyin elm özün üçündür və bunun ictimai faydası az olacaqdır. Amma xütbə və imamlığı da peşə kimi öyrənib cümə namazlarında İslam əhlinə bunu öyrətsən, həm öz maddi vəziyyətini düzəltmək üçün gəlir əldə edəcəksən, həm də öyrəndiyin elm ictimai faydalı olacaq". Məsələ burasındadır ki, müxalifət bu gün nə müxalifətçiliyin fəlsəfəsini, nə sosial institut kimi onun əhəmiyyətini, nə onun elmi-nəzəri əsaslarını öyrənir, nə də cəmiyyətin fərdləri arasında siyasi mədəniyyəti və müxalifətçiliyi bir nəzəriyyə və sistem kimi təbliğ edə bilir. Deməli, bu ictimai faydalı bir iş deyil.

İngilisdilli plakat və şüarlar görəsən, kimə ünvanlanmışdı?

Çox təəssüf ki, Azərbaycan müxalifətinin bu prosesdə əldə etdiyi yalnız xaricdən aldığı qrantlardır. Bu isə nə Azərbaycan xalqı, nə də dövlətçiliyi üçün lazım olan bir məsələdir və sadəcə, müxalifətin fərdi, eqoist, maddi məqsədlərinə xidmət edir. Biz bunu aprel ayının 8-də keçirilən mitinqdə də bir daha müşahidə etdik. Əgər yuxarıda söylədiyimiz kimi deyildisə, müxalifət mitinqdə Azərbaycan dilində və Azərbaycan xalqına ünvanlanan plakat və şüarlar hazırlayar və ictimai narazılığını bu şəkildə ifadə etmiş olardı. Yox əgər hakimiyyətə gəlməyin yolu Azərbaycan xalqının iradəsindən keçirsə, Azərbaycan konstitusiyasında hakimiyyətin yeganə mənbəyi xalq kimi göstərilirsə, o zaman maraqlıdır, görəsən ingilis dilli şüarlarla müxalifət kimə müraciət edirdi və məqsədi nə idi?! Bu qədər təzad və özünütəkzib ola bilərmi?! Bu addımı atanlar ağıllı insanlar hesab oluna bilərlərmi?! Görəsən, Azərbaycan cəmiyyətinin hansı üzvü, hansı fərdi məhz bu cür insanları öz iradəsinin təmsilçisi kimi görərək hakimiyyətə gətirmək istəyər?! Əsla mümkün olan məsələ deyil.

Hesab edirik ki, aprel ayının 8-də keçirilən mitinq bir sıra hadisələrlə də əlamətdar oldu.
Birincisi, müxalifət bir daha sübut etdi ki, milli müxalifət deyil. Xaricdən aldıqları direktiv əsasında hərəkət edərək şüar və plakatlarını da məhz direktiv aldıqları təşkilat və ya antiazərbaycançı mərkəzlərin dilində onlara yönəltmiş olurlar.
İkincisi, bir daha isbat olundu ki, bu radikal müxalifətin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, bir məsələ də təkrar olaraq sübut olundu ki, müxalifət Azərbaycan cəmiyyətinin siyasi sisteminin "qarınaltı yük"üdür. Heç bir ictimai faydalı fəaliyyətlə məşğul olmur. Beləliklə, Azərbaycan siyasi sisteminə fayda verə bilmir, əksinə, ölkədə aparılan siyasi və iqtisadi islahatlarda tormozlayıcı funksiya yerinə yetirir.

Nəhayət, sonuncu, müxalifət bir daha isbat etdi ki, bu səbəblərdən də onun elektoratı yoxdur. Müxalifət liderlərinin ətrafında olan sadəcə onların yaxın dost-tanışları və yaxud bölünən qrantdan pay alanlardır.

Ona görə də, hesab edirik ki, məhz bu keyfiyyətlər Azərbaycanda İctimai Palatada təmsil olunan müxalifət partiyalarının bir daha ölkə ictimaiyyəti üçün yararsız olduğunu göstərdi. Ona görə də, bu qüvvələr reallıqla barışıb, Azərbaycanın siyasi palitrasından çəkilib getməlidirlər.

Xəbər lenti

Xəbər lenti