...

Respublika Partiyası ölkəni idarə etmək iqtidarında deyil - erməni müxalifətçi

Siyasət Materials 13 Aprel 2012 18:36 (UTC +04:00)
Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin (EMK) tərkibinə daxil olan Ermənistan Liberal Partiyasının lideri Ovanes Ovannisyan hakimiyyətin ünvanına sətr ittihamlar səsləndirib.
Respublika Partiyası ölkəni idarə etmək iqtidarında deyil - erməni müxalifətçi

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin (EMK) tərkibinə daxil olan Ermənistan Liberal Partiyasının lideri Ovanes Ovannisyan hakimiyyətin ünvanına sətr ittihamlar səsləndirib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputatlığa namizəd Ovannisyan indiyədək 4 dəfə ölkə parlamentinin üzvü olduğunu, onlardan 3-nün müstəqillik illərinə təsadüf etdiyini söyləyib. "2007-ci ildə 5 saylı seçki dairəsində mübarizə aparırdım və xatırlayırsınızsa, həmin dairədə namizədlər çox idi. Onların arasında Respublika Partiyasından Levon Sarkisyan da var idi. Bütün hesablamalara görə həmin il qalib mən olmuşdum. Amma əlbəttə ki, mandat Levon Sarkisyana verildi. Nə etmək olar? Belə zamanda və belə ölkədə yaşayırıq", - o deyib.

Namizədin sözlərinə görə, hazırda seçki qərargahı seçici siyahılarının yoxlanılması ilə məşğuldur. Məqsəd siyahıda yanlışlıqların ortaya çıxacağı təqdirdə onların imkan daxilində aradan qaldırılmasıdır. "Mənzilləri gəzirik. Artıq uzun illərdir Ermənistanda yaşamasalar da, adları seçici siyahısında olan xeyli şəxs aşkarlamışıq. Siyahıya dünyasını dəyişmiş insanların adlarının salınması hallarına da rast gəlinir. Müxalifətin seçici siyahılarındakı çatışmazlıqları nə dərəcədə aradan qaldıra biləcəyini bilmirəm, lakin bu istiqamətdə ardıcıl iş aparırıq. Halbuki, bu, dövlətin işidir. Amma o, problemi aradan qaldırmır və hazırkı vəziyyəti normal hal sayır. Məsələ ondadır ki, bu cür seçici siyahıları hakimiyyətin seçkinin nəticələrini saxtalaşdırması üçün əsasdır", - Ovannisyan qeyd edib.

Namizədlərə yaradılmış şərait haqqında da danışan siyasətçinin sözlərinə görə, onun mübarizə apardığı 5-ci seçki dairəsinə daxil olan rayonlarda hər tərəfdə hakim partiyanın seçki qərargahı var. Reklam şitlərində də Respublika Partiyasının təbliğat plakatları asılıb. Ovannisyanın fikrincə, oxşar mənzərə qarşıdakı günlərdə keçiriləcək mitinq və görüşlər zamanı da müşahidə olunacaq: insanlar tədbirlərə qatılmağa məcbur ediləcək, bununla da beynəlxalq ictimaiyyətə guya xalqın əksəriyyətinin hazırkı hakimiyyəti dəstəklədiyi nümayiş olunacaq.

Ovannisyan bildirib ki, Respublika Partiyasının siyasi monopoliyası Ermənistanın bütün sahələrdə inkişafı üçün ciddi maneəyə çevrilib. "Mənim şüarım belədir: Ermənistanda siyasi monopoliya sındırılmalıdır! Respublika Partiyasının siyasi monopoliyası ölkəyə, milli təhlükəsizliyimizə ciddi problem yaradır. Bu partiya ölkəni idarə etmək iqtidarında deyil. Respublika Partiyasının hakimiyyəti dövründə ölkədə yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib, hakim partiya verdiyi vədləri yerinə yetirməyib. Mən müsbət heç nə görmürəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti