Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası Azərbaycan Demokratik Respublikasının nailiyyətlərinin və ilk Azərbaycan-Amerika təşkilatı kimi Amerika Azərbaycan Cəmiyyətinin irsini tanıması haqqında qətnamə qəbul edib. Trend-in məlumatına görə, bu barədə Amerika Azərbaycan Cəmiyyətinin (AAC) bazar günü yaydığı məlumatda deyilir.
Assambleyanın sədri Şeyla Oliver tərəfindən imzalanan və AAC prezidenti Tomris Azərinin göstərdiyi səylərin nəticəsi olan qətnamə bazar günü, 2012-ci il mayın 27-də AAC-nin Nyu-Yorkda təşkil etdiyi Respublika Günü təntənələrində təqdim olunacaq.
Bu, ADR-in son üç ay ərzində dövlət səviyyəsində səkkizinci, ümumilikdə isə altıncı tanınmasıdır. Son iki həftə ərzində Rod-Ayland, Nyu-York və Konnektikut ştatlarının qubernatorları, eləcə də Konnektikut ştatının Assambleyası və Orange County dairəsi (Kaliforniya ştatı) Azərbaycanın milli bayramını təbrik bəyannamələri ilə tanıyıblar.
Dövlət müstəqilliyinin bərpası günü - Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.