...

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi

Siyasət Materials 1 İyun 2012 19:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında fərman imzalayıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilsin və onun əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılsın. Müəyyən edilsin ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir.

Bu fərmanla ləğv edilmiş Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilir.

Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə şirkətin Nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdıraraq iki ay müddətində müəyyən etmək; şirkətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi və Əmlak Məsələlərinə Dövlət Komitəsinə şirkətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsi tapşırığı verilib.

Dövlət başçısının sərəncamı ilə Akim Bədəl oğlu Bədəlov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilib.

Xəbər lenti

Xəbər lenti