...

Azərbaycanın Niderlanddakı səfirliyinin yeni binasının açılışı olub (FOTO)

Siyasət Materials 13 İyun 2012 14:57 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın Niderlanddakı səfirliyinin yeni binasının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının mülkiyyəti olan, 2000 kvadratmetr ərazidə yerləşən və 3 binadan ibarət səfirlik kompleksi Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar keçirilməsi və filmlərin nümayişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və səfirin igamətgahı yerləşir. Səfirliyin həyətyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb.

Mərasimin başlanğıcında tədbir iştirakçıları tərəfindən səfirliyin giriş zalında yeni quraşdırılmış ümummilli lider Heydər Əliyevin büstünün qarşısına güllər qoyulub, ulu öndərə ehtiram bildirilib.

Tədbiri Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov açaraq, səfirliyin fəaliyyəti barədə qısa məlumat verib.

Təntənəli açılış mərasiminə Niderland tərəfindən çıxış edən Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq Azərbaycanın Niderlanddakı səfirliyinin yeni inzibati binasının rəsmi açılışı münasibətilə Azərbaycan Respublikasını Niderland hökuməti adından təbrik edib. Niderlandın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayan Kronenburq, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, iki dövlət arasında 20 illik tarixi olan münasibətlərimizin daha da möhkəmlənməsi arzusunu ifadə edib.

Geniş nitqlə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan ilə Niderland arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirib. Azərbaycan Respublikasının gündən-günə inkişaf etdiyini, iqtisadi cəhətdən gücləndiyini, bu inkişafın respublikanın xarici əlaqələrinin daha da genişlənməsinə təkan verdiyini deyib. Səfirlik binasının rəsmi açılış mərasimi ilə yanaşı, bu il Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd edildiyini nəzərə çatdıran nazir, bu əlamətdar gündə Azərbaycan üçün daha bir tarixi əhəmiyyət daşıyan günlərdən biri olan Respublika Gününü məhz Niderlandda qeyd etməsindən məmnun olduğunu vurğulayıb.

Tədbirə Niderland Krallığı hökumətinin və Kraliça Sarayının ali üzvləri, parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilib və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Təntənəli mərasim Niderlandın yerli mətbuatında geniş işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti