Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Dövlət Qulluğu Strategiyası hazırlanacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə bildirib.
"Strategiyada dövlət qulluğunda yaxşı idarəçilik metodları, elektron hökumət, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının ixtisaslarının və potensiallarının artırılması öz əksini tapacaq", - o deyib.
Xəlilov qeyd edib ki, hazırda Komissiya Strategiya və Dövlət Qulluğu Məcəlləsi üzərində işləyir: "Strategiyada ölkədə dövlət qulluğunun həyata keçirilməsinin inkişaf yolu əks olunacaq. Çünki indiyədək bir çox işlər görülüb, lakin hələ görüləsi işlər çoxdur".