Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev/
İran Prezidenti Mahmud Əhmədinejadın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana səfəri iki ölkə arasında daha sıx əməkdaşlığa yardım edir. Bu barədə Tehranda mətbuat konfransında İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib. Trend-in məlumatına görə, bu barədə Press TV xəbər verir.
İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən İƏT sammitində iştirak etmək üçün bazar ertəsi Azərbaycana səfərə gəlib.
Mehmanpərəstin sözlərinə görə, yüksək səviyyədə bu cür görüşlər bütün region ölkələri üçün mühüm əhəmiyyətə malikdir, çünki onlar xalqlar arasında əməkdaşlığa yeni təkan verir.
"Bu sammit əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar açır. İranla Azərbaycan arasında əlaqələr çox yaxşıdır, onlar bütün sahələrdə inkişaf və möhkəmlənmə potensialına malikdirlər. Bəzi qüvvələr region dövlətləri arasında gərginlik yaratmağa çalışırlar, lakin bu cəhdlərin hamısı məğlubiyyətə düçardır", - İran XİN-in rəsmi nümayəndəsi deyib.