...

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub (FOTO)

Siyasət Materials 27 Oktyabr 2012 19:40 (UTC +04:00)
Şənbə günü Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Şənbə günü Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılmışdır. Xəstəxana üç korpusdan ibarətdir. Onlardan biri ikimərtəbəli, ikisi isə üçmərtəbəlidir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün xəstəxananın ərazisində 330 kilovoltluq generator qoyulmuşdur.

Xəstəxananın həyətində də geniş abadlıq işləri görülmüş, 9,3 min kvadratmetr sahəyə asfalt salınmış, 5 min kvadratmetr sahədə yaşıllıq zolaqları yaradılmışdır.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılmışdır. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım şöbələri, laboratoriyalar, uşaq və böyüklər üçün infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur.

Bildirildi ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv palatası vardır. Digər palatalar da yüksək səviyyədə yaradılmışdır.

Qeyd olundu ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları vardır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xəstəxananın həkimi Adelina Ələkbərova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti