Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi", "Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili" və "Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini bildirərək qeyd edib ki, insan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından hər üç məsələ əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.
Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilib, habelə 33-nün tikintisi davam etdirilir. Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşıb, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalıb. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılıb, İctimai şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı Şura üzvlüyünə qəbul edilib.
Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13 720 cinayətin 70 faizi, o cümlədən 81 qəsdən adam öldürmə, 198 qəsdən sağlamlığa ağır zərər vurma, 1614 oğurluq, 671 dələduzluq, 113 soyğunçuluq, 69 quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1231 cinayətin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olub.
Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Emil Usubov qeyd edib ki, cari ilin 9 ayında respublikanın polis orqanlarına daxil olmuş 70 621 cinayət xarakterli məlumat araşdırılıb ki, onların da 86 faizi təhqiqatçıların icraatında olub. 2011-ci ilin anoloji dövrü ilə müqayisədə icraatda olan materialların sayı ötən 9 ayda 30 faizədək, müvafiq məsələ ilə bağlı nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalıb. Xidməti vəzifələri layiqincə yerinə yetirdiklərinə görə cari ilin ötən dövründə təhqiqat qurumlarının 266 əməkdaşı haqqında müxtəlif həvəsləndirmə tədbiri tətbiq edilib.
İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanlarının fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirməklə bərabər, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, ilin başa çatmasına bir ay qaldığını xatırladan nazir cinayətkarlığa qarşı mübarizədə səylərin daha da artırılmasının, ağır və xüsusilə ağır cinayətlərin açılmasının, axtarışda olanların tutulması işinə bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat-xidməti fəaliyyətin səmərəliyinin yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.