...

Gürcüstan yeni tranzit layihələri təklif edir

Siyasət Materials 20 Dekabr 2012 17:10 (UTC +04:00)
GUAM ərazisində yeni tranzit layihələrinin həyata keçirilməsi mümkündür. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze deyib.
Gürcüstan yeni tranzit layihələri təklif edir

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

GUAM ərazisində yeni tranzit layihələrinin həyata keçirilməsi mümkündür. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze deyib.

Onun sözlərinə görə, GUAM Parlament Assambleyasına sədrliyi dövründə Gürcüstan tranzit potensialının artırılması, iqtisadiyyat sahəsində islahatların aparılması və bu sahənin inkişafı, eləcə də GUAM nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət ayıracaq.

"Bu məqsədlə konkret layihələrin, eyni zamanda, bu istiqamətdə dövlətlərarası layihələrin həyata keçirilməsi mümkündür. Azərbaycan və Gürcüstan arasında artıq belə layihələr həyata keçirilir. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" layihəsi, həmçinin Bakı-Tbilisi-Qars dəmiryol magistralıdır. Moldovalılar və ukraynalıların qoşulduqları layihələr də olmalıdır", - vitse-spiker qeyd edib.

Onun sözlərinə görə, mövcud layihələri genişləndirmək, davam etdirmək və fəallaşdırmaq lazımdır.

"GUAM ərazisində yeni tranzit layihələrinin həyata keçirilməsi Ukrayna və Moldovanın daha fəal yardımı ilə mümkündür", - Abaşidze bildirib.

O qeyd edib ki, GUAM-a azad ticarət zonalarının imkanlarından maksimum istifadə etməyə yardım etmək və yeni qarşılıqlı sərfəli iqtisadi layihələrin hazırlanması, o cümlədən maraqlı tərəflərlə birgə belə layihələrin reallaşdırılması imkanlarının öyrənilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti