...

Gənclər Fondunun icraçı direktorunu Azərbaycan Prezidenti təyin edəcək

Siyasət Materials 30 Dekabr 2012 07:55 (UTC +04:00)
Azərbaycan Prezidenti Gənclər Fondunun yaradılması haqqında Fərmana dəyişiklik edib.
Gənclər Fondunun icraçı direktorunu Azərbaycan Prezidenti təyin edəcək

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən fərmanın müvafiq bəndləri aşağıdakı redaksiyada verilir:

- Fondun icraçı direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
- Fondun işçilərinin say həddini və Fondun icraçı direktorunun aylıq vəzifə maaşını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
- Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir.
- Şura, beş üzvü müvafiq dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edən doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.
- Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Şuranın beş üzvünü aşağıdakı dövlət orqanları (hər dövlət orqanından bir nəfər olmaqla) təqdim edirlər:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.

Şuranın gənclər təşkilatlarını təmsil edən dörd üzvü həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından təyin edilir.

Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; iki ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bir ay müddətində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməli və on beş gün müddətində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dövlət qeydiyyatına alınmasını təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti