Azərbaycan, Bakı, 15 may /Trend/
Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-da işgüzar səfərdədir. Trend-in məlumatına görə, Saakaşvili artıq 2016-cı ildə prezident seçkilərində iştirak edəcək namizədlərdən biri - senator Mark Rubio ilə görüşüb.
Məlumatda bildirilir ki, görüş zamanı tərəflər Gürcüstanda cərəyan edən siyasi prosesləri və geosiyasi əməkdaşlıq xartiyası çərçivəsində ikitərəfli münasibətləri müzakirə ediblər.
Rubio və Saakaşvili Gürcüstanda demokratik proseslərin və NATO-ya inteqrasiyanın, bu prosesdə isə ABŞ-ın dəstəyinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Rubio qeyd edib ki, Gürcüstan göstərilən istiqamətdə əhəmiyyətli nəticələr əldə edib və yeni hökumət də eyni tendensiyanı qoruyub saxlamalıdır.
O, bir daha Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Senator prezidentə Gürcüstanın NATO çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirak etməsinə görə təşəkkür edib və bildirib ki, ABŞ Tbilisinin beynəlxalq terrorizmlə mübarizədə dəstəyini qiymətləndirir.
Qeyd edək ki, Gürcüstan prezidenti Vaşinqtonda və Nyu-Yorkda amerikalı konqresmenlərlə və senatorlarla görüşlər keçirəcək.