...

Möhsün Rzayi İran prezidenti seçilsə, Kabinetdə bütün milli və etnik azlıqlardan nazirlər olacaq

Siyasət Materials 10 İyun 2013 17:17 (UTC +04:00)
Nazirlər Kabinetində İranda yaşayan bütün milli və etnik azlıqlardan, xüsusilə kürd ziyalılardan nazirlər işləyəcək.
Möhsün Rzayi İran prezidenti seçilsə, Kabinetdə bütün milli və etnik azlıqlardan nazirlər olacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Cəfərov/

Nazirlər Kabinetində İranda yaşayan bütün milli və etnik azlıqlardan, xüsusilə kürd ziyalılardan nazirlər işləyəcək. Bunu hakim Mühafizəkarlar (Üsulgəralar) düşərgəsindən prezidentliyə namizədliyini irəli sürmüş İslam İnqilabı Keşikçilər Korpusunun sabiq komandiri Möhsün Rzayi Kürdüstan əyalətində çıxışı zamanı deyib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Rzayi deyib ki, etnik azlıqlar arasında ayrı-seçkilik olmamalıdır: "Kürdlər və digər etnik azlıqlar arasında heç bir fərq yoxdur. Ölkədə tərəfbazlıq olmamalıdır".

O deyib ki, xalqın rifahını yüksəltmək üçün işi mütəxəssislərə və iş bilənlərə verməklə yanaşı, həm də xalqın dini, milli azadlıqlarını təmin etmək lazımdır: "Prezident seçilsəm, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 19 və 15-ci maddələrini icra edəcəyəm. Mən etnik azlıqların doğma dillərində təhsil almasından narahat deyiləm".

İslahatçılar düşərgəsinə yaxınlığı ilə tanının prezidentliyə digər namizəd Həsən Ruhani də Kürdüstan əyalətində çıxışı zamanı deyib ki, İranda yaşayan xalqların hamısı bərabər vətəndaşlıq hüquqlarına malik olmaldır: "Mənim üçün Konstitusiyanın 3, 15, 19 və 22-ci maddələrinin digər maddələrlə heç bir fərqi yoxdur".

Ruhaninin fikrincə, İran xalqı vahid bir xalqdır, kim kürd, türk, lor, bəluç, türkmən, ərəb və farsı bir-birindən ayrı görürsə, o özü iranlı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti