Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Cəfərov/
Ötən axşam İranın Buşəhr şəhərində Mühafizəkarlar düşərgəsindən prezidentliyə namizədlər Səid Cəlili və Möhsün Rzayinin tərəfdarları arasında dava düşüb. Trend-in məlumatına görə, bu barədə Asriran.com saytı xəbər verir.
Məlumata əsasən, Buşəhrin İmam Xomeyni meydanında toplaşan Cəlilinin tərəfdarları Rzayinin tərəfdarları olan meydana tərəf yürüş ediblər və onların arasında dava düşüb. Yerli vaxtla saat 22:00 radələrində baş vermiş dava polisin müdaxiləsi ilə gecə yarısı, saat 01:30 radələrində sona çatıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Qeyd edək ki, İslam İnqilabı Keşikçilər Korpusunun sabiq komandiri Möhsün Rzayi və Ali Milli Təhlükəsizlik Şurasının katibi və bu Şurada Ali Dini Rəhbərin nümayəndəsi Səid Cəlili Mühafizəkarlar düşərgəsindən namizədliklərini irəli sürüblər.
İranda prezident seçkiləri iyun ayının 14-də keçiriləcək.