...

İranda prezident seçkilərində səsvermə başlayıb

Siyasət Materials 14 İyun 2013 08:30 (UTC +04:00)
İranda 11-ci prezident seçkiləri başlayıb. Bu barədə Trend IRIB agentliyinə istinadən məlumat verir.
İranda prezident seçkilərində səsvermə başlayıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Tariverdiyeva/

İranda 11-ci prezident seçkiləri başlayıb. Bu barədə Trend IRIB agentliyinə istinadən məlumat verir.

Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.

İran Prezidenti 4 il müddətinə seçilir.

İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İran Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

İranda prezident seçkilərini 39 ölkədən 421 jurnalist işıqlandıracaq. Bu barədə "Mehr" agentliyi İran Mədəniyyət Nazirliyinin Xarici KİV-lərlə iş üzrə idarəsinin rəhbəri Məhəmmədnasir Həqiqətə istinadən məlumat verib.

İdarə rəhbəri İranda prezident seçkilərini işıqlandıracaq tanınmış xarici KİV-lər arasında Trend İnformasiya Agentliyi (Azərbaycan), RTL, ARD, ZDS (hamısı Almaniya), ORF (Avstraliya), STS, RAI, TG-2 (hamısı İtaliya), "Russia Today", REN TV, NTV (hamısı Rusiya) kanalları və digərlərinin adını çəkib.

Seçkilərin işıqlandırılmasında, həmçinin Yaponiya, Böyük Britaniya, BƏƏ, Fransa, Türkiyə, İraq, Ukrayna, ABŞ, Suriya, Çin və digər ölkələrin jurnalistləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti