...

İran prezidentliyinə namizəd seçki bülletenlərindəki səhvlərə görə şikayət edib

Siyasət Materials 14 İyun 2013 17:26 (UTC +04:00)
İranda prezidentliyə namizəd Həsən Ruhani Qəyyumluq Şurasına şikayət məktubu göndərib.
İran prezidentliyinə namizəd seçki bülletenlərindəki səhvlərə görə şikayət edib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

İranda prezidentliyə namizəd Həsən Ruhani Qəyyumluq Şurasına şikayət məktubu göndərib. Trend-in cümə günü "KhabarOnline" xəbər portalına istinadən verdiyi məlumata görə, Ruhani məktubunda bəzi məntəqələrdə səsvermə üçün bülletenlərdə prezidentliyə sabiq namizəd Məhəmməd Rza Arifin adının hələ də olduğunu qeyd edib.

Ruhaninin seçki kampaniyasının rəhbəri Məhəmməd Rza Nemətzadə bildirib ki, bu, Arifin tərəfdarları olan seçicilər arasında çaşqınlığa səbəb ola bilər və nəticə etibarilə onların səsləri hesaba alınmayacaq.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indiki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.

İran Prezidenti 4 il müddətinə seçilir. İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti