Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda 5-ci Koreya-Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilir.
Trend xəbər verir ki, ilk dəfə Bakıda keçirilən tədbir "Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya - Mərkəzi Asiya - Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusuna həsr olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, bu forumun Azərbaycanda keçirilməsi böyük önəm daşıyır. Onun sözlərinə görə, Azərbaycan üçün sözügedən regionda baş verən proseslərə "beyin mərkəzləri"nin baxışı maraqlıdır.
O qeyd edib ki, Azərbaycanın yaxın gələcəyinin inkişaf tempini qeyri-neft sketorunun artımı təşkil edəcək. Qeyri-neft sektorunun artımı məsələsinə dünyada, xüsusilə də Avrasiya məkanında gedən iqtisadi proseslərdən kənarda baxıla bilməz. Bu baxımdan bu istiqamətdə gedən proseslərin və təcrübənin öyrənilməsi əhəmiyyət daşıyır.
O bildirib ki, Azərbaycanın iqdisadi inkişafına dair bir sıra araşdırmalar, tədbirlər həyata keçirilib: "Ölkəmizin iqdisadi inkişafının əsasını qeyri-neft sektoru təşkil edir: "Azərbaycan 2020: İnkişaf Konsepsiyası" məhz bu amillərdən biridir. Hər kəsə məlumdur ki, ölkəmizdə bu ilin əvvəlində Dünya İqdisadi Forumu keçirildi. Burada bir çox məsələlər, iqdisadi, xüsusilə enerji məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Ötən ildən etibarən Cənubi Koreya Respublikası ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq təşkil edilib. Hesab edirəm ki, nəinki Koreya ilə, eləcə də Mərkəzi Asiya regionu ilə bu əlaqələr gələcəkdə də uğurla davam etdiriləcək".
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun nümayəndəsi Jeong Yeo Çeon bildirib ki, Koreya ilə Azərbaycan arasında əlaqələr yüksək templə inkişaf edir. Bu əlaqələr tarixi köklərə malikdir. O hesab edir ki, bu əməkdaşlıq xüsusilə də iqtisadi sahədə daha geniş vüsət alacaq.
Koreya tərəfdən isə Parlamentin üzvü Hvang Jin Ha qeyd edib ki, Azərbaycan Qara və Xəzər dənizləri arasında strateji mərkəz olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı bilərşdirən körpü rolunu oynayır. Deputatın sözlərinə görə, Azərbaycan Xəzər regionunun 19,1 faiz neft, 11,3 faiz qaz ehtiyatlarına malikdir. O, qeyd edib ki, Mərkəzi Asiya regionu Koreya üçün böyük əhəmiyyət daşıyır. 2011-ci ildə Koreya ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 3,3 milyard dollar təşkil edib.
Azərbaycanın son illər yüksək inkişafa nail olduğunu deyən Koreyanın Azərbaycandakı səfiri Choi Suk-İnn isə bildirib ki, Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsi də artmaqdadır.
Forumda Azərbaycan və Cənubi Koreya alimləri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan qonaqların iştirakı və çıxışı planlaşdırılır.
Tədbirdə ilk sessiya "Koreya və Azərbaycan arasında iqtisadi əlaqələrin qiymətləndirilməsi və Azərbaycanın iqtisadi inkişafının perspektivləri" mövzusunda olacaq.
Digər panellərdə "Mərkəzi Asiya ölkələrinin sənaye şaxələndirməsi strategiyası və iqtisadi inkişaf üçün tədbirlər" və "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya - Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığına dair tədbirlər" mövzusunda müzakirələr olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu arasında əməkdaşlığın gücləndirilməsi üçün Anlaşma Memorandumunun imzalanması planlaşdırılır.