...

Mehriban Əliyeva: Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir (FOTO)

Siyasət Materials 19 İyul 2013 08:39 (UTC +04:00)
Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə iyulun 18-də Parisdə qurumun baş qərargahında mərasim keçirilmişdir.
Mehriban Əliyeva: Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə iyulun 18-də Parisdə qurumun baş qərargahında mərasim keçirilmişdir.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycan tərəfindən quruma hədiyyə olunan və tarixi irsimizi əks etdirən abidə-heykəllər UNESCO-nun baş qərargahının həyətində qoyulmuşdur.

Əvvəlcə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

Görüşdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin cari ilin dekabr ayında Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılmışdır.

Sonra Azərbaycan Höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzalamışlar.

UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi qurumla Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, birinci xanım Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğulamışdır. Baş direktor qeyd etmişdir ki, imzalanan saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır. Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökuməti adından Azərbaycan ilə UNESCO arasında humanitar əməkdaşlıq, təhsil, səhiyyə, sosial məsələlər, mədəni proseslər sahələrində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir.

Sonra Azərbaycan ərazisində tapılan daş abidələrin fotostendi ilə tanışlıq olmuşdur.

Daha sonra UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və baş direktor İrina Bokova ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimində iştirak etmişlər.

UNESCO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılmışdır. Ümumilikdə, daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Bu cür heykəllər həm atın, həm də qoçun xalqımız tərəfindən güclü və davamlı simvollar kimi qəbul olunduğunu əks etdirir.

Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova çıxış edərək dedi: "Bu gün biz burada Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyini qeyd etmək üçün bir araya gəlmişik. Dərhal sizə bu xoş xəbəri çatdırmaq istərdim. Biz indicə əməkdaşlığımızı gücləndirmək, onun səviyyəsini daha da artırmaq məqsədi ilə 5 milyon manatlıq trastın yaradılmasına dair saziş imazalamışıq. İndi isə biz əməkdaşlığımızın və dostluğumuzun rəmzi olaraq bu gözəl heykəllərin açılışında iştirak edirik. Bu gün, əziz dostlar, UNESCO sizin evinizdir, digər ölkələr kimi, Azərbaycanın da evidir. Xüsusilə, Zati-aliləri, Azərbaycanın birinci xanımını burada salamlamaq mənim üçün böyük şərəfdir. Azərbaycanda bir neçə həftə bundan əvvəl "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" mövzusunda mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumunun açılışında iştirak etmişəm. Bizim qızğın müzakirələrimiz zəmanəmizin çox mühüm məsələrini əhatə edirdi. Bu ilin sonunda - dekabrda biz Bakıda Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasını keçirəcəyik. Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. Xanımlar və cənablar, Azərbaycan rəhbərliyi UNESCO-dan bu ölkənin qədim tarixini, İpək Yolu ilə bilavasitə əlaqəsi olan mübadilə, elm və incəsənət mərkəzi kimi səmərəli istifadə edir".

İrina Bokova bildirib ki, bu ölkənin zənginliyi mədəniyyətlər arasında davamlı dialoqdan bəhs edən UNESCO-nun Mərkəzi Asiya sivilizasiyalarının tarixində öz əksini tapıb: "Bu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim İçərişəhərin divarlarında öz əksini tapıb. Lakin biz bunun, həmçinin Azərbaycanın təkrarolunmaz qeyri-maddi irsində də şahidi oluruq. Buraya qədim xalçaçılıq sənəti və Türkiyə, Hindistan, İran, Qırğızıstan, Pakistan və Özbəkistanda qeyd olunan Novruz Bayramı da daxildir. UNESCO-nun Azərbaycan ilə əməkdaşlığı zəngin və genişmiqyaslıdır. Bu gün biz bu əməkdaşlığı daha da gücləndirdik.

Xanımlar və cənablar, icazə verin əlaqələrimizin inkişafına töhfələrinə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya dərin minnətardlığımı bildirim. Hörmətli Mehriban xanım Əliyevaya təhsilin, o cümlədən qızların təhsilinin inkişafına verdiyi töhfələrə və irəli sürdüyü təşəbbüslərə görə xüsusi təşəkkür edirəm. Özünüz də bilirsiniz ki, bu, mənim üçün nə qədər əzizdir.

Pakistanda qızlar məktəbinin tikintisinin maliyələşdirilməsini çox yaxşı xatırlayıram. Bu arada digər təşəbüslər də olub, xüsusən də "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi və ölkənizin bir çox rayonlarında 132 məktəbin inşası. Mən, həmçinin bu mənada mədəniyyətlərarası dialoqun, musiqi təhsilinin, bir daha qeyd etmək istərdim, qızların təhsilinin inkişaf etdirilməsinə ölkənizin sadiqliyini yüksək qiymətləndirirəm. Bu gün açilişını etdiyimiz heykəllərdə ölkənizin ruhunun tərənüm olunduğunu görürəm. Onlar, orta əsirlərdə yaranan, şifahi şəkildə nəsildən-nisilə ötürülən sənət formasını ifadə edir. Deyərdim, onlar xalqları və dinləri, insanlar və heyvanlar aləmini, həyətla ölüm arasında körpülərlə sərhədləri bir araya gətirən kosmoqrafiyanı ifadə edir. Bu ianəyə görə Azərbaycan hökümətinə dərin minnətdarlığımı bildirirəm. Bir daha Azərbaycanın birinci xanımına və xaıqına xüsusi təşəkkür etmək istərdim".

Onun sözlərinə görə, may ayında UNESCO Gəncə şəhərində anadan olmuş dahi şair Məhsəti Gəncəvinin 900 illiyini qeyd etdi: "Məhsəti Gəncəvi insan ruhunun məziyyəti haqqında şeirlər yazırdı. Düşünürəm ki, onun şeirlərinin fəlsəfəsi sülh naminə dialoqun məğzi və həmçinin UNESCO-nun ruhudur".

Daha sonra Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış edərək dedi: "Bu gün burada, UNESCO-nun qərargahında, UNESCO ailəsinin üzvləri olan dostlarımın arasında yenidən olmağımdan şadam. Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan bu tədbirdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu fürsətdən istifadə edib Azərbaycanın ənənəvi daş sənətinin hörmət və cəsarət rəmzi olan 2 gözəl nümunəsini UNESCO-ya ianə etməyimizdən şadıq".

Birinci xanım bildirib ki, Azərbaycanda memorial abidələr yaratmaq ənənəsi qədim dövrlərə təsadüf edir və bu abidələrin əksəriyyətinin həm tarixi, həm də bədii dəyəri vardır: "Əlbətdə ki, onların hamısı bizim qədim və zəngin mədəni irsimizin bir parçasıdır. Bu iki gözəl heykəlin burada, UNESCO-nun qərargahında, baxçada yerləşdirməsinə görə xanım Baş direktora və UNESCO-nun Katibliyinə dərin minnətdarlığımı bildirmək istərdim.

Bu gün biz Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20-ci ildönümünü qeyd etdik. Azərbaycanda bu təşkilatla əməkdaşlığa verilən əhəmiyyəti vurğulamaq istərdim. Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan "Azərspeys-1"in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir".

Mehriban Əliyevanın sözlərinə görə, mədəni irsimizin qorunması Azərbaycan höküməti üçün prioritet istiqamətdir: "Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız Qalası, İşərishəhər, Şirvanshahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Ötən 20 ildə biz çox sayda birgə tədbirlər təşkil etmişik, UNESCO-nun fəaliyyətinin bütün sahələrini əhatə edən layihələr həyata keçirmişik. Burada, UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yübileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq.

Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimayət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dailoqun mərkəzi kimi tanıyır. Əsirlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Bu gün, xanım Bokova, Sizə bu ilin mayında Bakıda keçirilən Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumda iştirak etdiyiniz və bu tədbirin uğurlu nəticələnməsinə verdiyiniz töhvələrə görə ən dərin minnətdarlığımı ifadə etmək istərdim. Ölkəmiz Azərbaycan hökümətinin təşəbbüslərinə start verdiyi ilk andan UNESCO-nun bu forumun keçirilməsinə rəsmi tərəfdaşı olması faktını yüksək qiymətləndirir.

Əziz dostalr, bu gün biz UNESCO ilə Azərbaycan höküməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi imzaladıq. Bu da əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. Mən inanıram ki, bu saziş, həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarınının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəkdir".

Sonda UNESCO-ya və xanım Bokovaya bu illər ərzində tam dəstəyinə, dostluğuna görə təşəkkürünü bildirən Mehriban Əliyeva əmindir ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcək ki, gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialı tam şəkildə həyata keçirsin: "Bu gün bizimlə olduğunuz üçün çox sağ olun".

Beləliklə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 20 il əvvəl üzv olan Azərbaycan bu müddət ərzində qurumla çox səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibəti ilə bu quruma daş at və daş qoç abidələrinin hədiyyə edilməsi və bu abidələrin qurumun baş qərargahının həyətində daimi sərgilənməsi qədim tariximizin təbliği baxımından çox əhəmiyyətli addımdır.

Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti