Azərbaycan, Bakı, 15 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" İsmayıllı rayonunda da uğurla həyata keçirilir. Yerinə yetirilmiş mühüm infrastruktur layihələri, geniş abadlıq-quruculuq işləri, inşa edilmiş Olimpiya İdman Kompleksi, çoxsaylı turizm-istirahət mərkəzləri və digər sosial yönümlü obyektlər turizmin inkişafına, əhalinin məşğulluğunun artırılmasına təkan vermişdir.
Prezident İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.