Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Ermənistan bir daha sübut etdi ki, bu ölkədən hər şey gözləmək olar. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Yerevanın Gömrük İttifaqına daxil olması barədə bəyanatını şərh edərkən deyib.
F.Məmmədovun sözlərinə görə, 2012-ci ilin sonundan etibarən Ermənistanda siyasi söhbətlərin əsas mövzusu ölkənin xarici siyasi kursunun müəyyənləşdirilməsi olub. Seçim Ermənistanın əsas hərbi-siyasi müttəfiqi Rusiya Federasiyasının dəstəklədiyi Gömrük İttifaqı və Avropa İttifaqı (Aİ) ilə Assosiativ Müqavilə yolu ilə Azad Ticarət Zonası arasında olub. Bütün bu vaxt ərzində Ermənistanın rəsmi şəxsləri bəyan edirdilər ki, Aİ ilə Assosiativ Müqavilənin mətni artıq hazırdır və rəsmi Yerevan Avropaya inteqrasiya yolunu seçəcək. İlkin hesablamalara əsasən, Müqavilə Ermənistana 146 milyon avro həcmində (ÜDM-in 2,3 faizi) əlavə gəlir gətirəcək, Ermənistanın ixracatı 15,2 faiz, idxalatı isə 8,2 faiz arta bilər".
F.Məmmədov deyib ki, bu dövr ərzində Ermənistanda adıçəkilən inteqrasiya zonalarından birinə üzvlüyün imkanları və riskləri arasında əsl informasiya mübarizəsi gedib: "Ermənistanın xarici işlər nazirinin müavini Ş.Koçaryan hətta bildirmişdi ki, bilavasitə sərhədlərə malik olmayan dövlət Gömrük İttifaqının üzvü ola bilməz. Müxtəlif vəzifəli avropalı məmurlar mütəmadi olaraq təkrarlayırdılar ki, Ermənistan eyni zamanda iki stulda otura bilməz və iki layihə arasında birmənalı seçim etməlidir".
SAM-ın direktoru qeyd edib ki, Avropa və Rusiyanın geoiqtisadi platformalarının məntiqi pulların, insanların və kapitalın sərbəst hərəkətini asanlaşdırmaqdan ibarətdir: "Lakin hər iki ittifaq üçün açıq olmaq mümkün deyildi, çünki belə olan halda inteqrasiyanın əhəmiyyəti aradan qalxır və müəyyən edilmiş qaydalar pozulur. Lakin Ermənistan Prezidenti dünən birmənalı olaraq ölkənin Gömrük İttifaqına daxil olmasının lehinə çıxış edib. Qeyd etmək lazımdır ki, Serj Sarkisyan Moskvaya Zaqrebdən yola düşüb. Ermənistan ilə Assosiativ Müqavilənin imzalanması üçün sənədlərin hazırlanması üzrə işçi qrupu Zaqrebdədir".
F.Məmmədov bildirib ki, bununla da Ermənistan bir daha nümayiş etdirdi ki, bu ölkədən hər şeyi gözləmək olar. Rəsmi Yerevana bütün bu vaxt ərzində avropalılarla məzhəkə Rusiyadan əlavə maliyyə vəsaitləri almaq üçün yalnız xırda pul qismində lazım olub. Rusiyanın yaxın gələcəkdə Ermənistanda "ArmRosQazprom"un qalan 20 faizini əldə edəcəyini, Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsində iştirak edəcəyini, "Nairit" zavoduna dəstək vermək üçün investisiya şirkəti yaradacağını və s. gözləmək olar".
Onun sözlərinə görə, İsveçin xarici işlər naziri müavininin "Ermənistanın Aİ ilə danışıqları pozması" ilə bağlı bəyanatı bir daha sübut edir ki, avropalılar erməni düşüncəsinin konyunkturasını və Ermənistan rəhbərliyinin hərəkətinin irrasionallığını sonadək dərk edə bilmirlər. Ermənistan maksimum Aİ ölkələri ilə viza rejiminin asanlaşdırılmasına güvənə bilər. Yeri gəlmişkən, bu, Ermənistan əhalisinin daha çox miqrasiyasına və ölkənin boşalmasına imkan yaradacaq".