...

Aydın Mirzəzadə: Avropa Ermənistanın iç üzünü, ikiüzlü siyasətini bir daha gördü

Siyasət Materials 4 Sentyabr 2013 15:47 (UTC +04:00)
Ermənistanın ümumiyyətlə müstəqil xarici siyasəti yoxdur və Ermənistanın eyni zamanda iki stulda oturmaq istəyi aydın görünür.
Aydın Mirzəzadə: Avropa Ermənistanın iç üzünü, ikiüzlü siyasətini bir daha gördü

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın ümumiyyətlə müstəqil xarici siyasəti yoxdur və Ermənistanın eyni zamanda iki stulda oturmaq istəyi aydın görünür. Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, bir tərəfdən Avropaya inteqrasiya tərəfdarı olması, Avropa İttifaqı ilə assosiativ üzvlük, digər tərəfdən isə Rusiyanın rəhbərliyi ilə Aİ-yə alternativ yaradılmış Avrasiya İttifaqına, eyni zamanda, Gömrük İttifaqına qoşulması Ermənistanın bu istəyindən xəbər verir: "Ermənistan uzun müddət vaxt qazanmaq və son qərar vermək zamanını uzatmağa çalışırdı. Ancaq Rusiya ilə xüsusi münasibətləri gec-tez bu seçimi etməyi tələb edirdi. Ermənistan Prezidenti Serj Sarkisyan Moskvaya səfərində ölkənin artıq qəti şəkildə Avrasiya İttifaqına qoşulacağını bildirib".

A.Mirzəzadə əlavə edib ki, artıq Avropadan da sərt mövqe gəlib, Avropanın bir sıra ölkələrinin xarici işlər nazirləri Ermənistanın bu hərəkətinə sərt reaksiya veriblər: "Hesab edirəm ki, Avropa Ermənistanın iç üzünü, ikiüzlü siyasətini bir daha görmüş oldu. Ermənistanın Avropa ilə indiyə qədər oyun oynadığı və prinsip etibarilə Avropanın bir sıra proqramlarından yararlanmaq istəyi üzə çıxdı".

Millət vəkili hesab edir ki, bu, Ermənistana təsirsiz ötüşməyəcək, çünki birmənalı şəkildə Avrasiya İttifaqının, Gömrük İttifaqının üzvü olması artıq onun Avropanın bir sıra proqramlarından kənarda qalmasına səbəb olacaq və onun Avropada müəyyən güzəştlər əldə etməsinin qarşısını alacaq.

Deputatın fikrincə, bundan sonra Ermənistanın Avropadan siyasi dəstək istəməsi də qeyri-mümkün bir məsələ olacaq: "Bu məsələdə Ermənistanın Avropadakı diapsor təşkilatlarının və ermənipərəst dairələrin də köməyi ola bilməyəcək. Prinsip etibarilə Ermənistanın apardığı bu siyasət məhz belə olmalı idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Türkiyəyə torpaq iddiası, beynəlxalq hüquq normalarına etinasızlığı gec-tez Ermənistanı bu çıxılmaz vəziyyətə gətirib çıxaracaqdı".

A.Mirzəzadə vurğulayıb ki, indiki situasiya Ermənistanın onsuz da pis olan iqtisadiyyatının daha da pisləşməsinə, Avropadan siyasi dəstəyin itirilməsinə və müvafiq olaraq əhalisinin miqrasiyasının bundan sonra da artmasına səbəb olacaq: "Ermənistan rəhbərliyinin bu ikiüzlü siyasəti ilk növbədə Ermənistan dövlətçiliyinə çox ciddi zərbə vuracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti