Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyib.
E.Məmmədyarov qeyd edib ki, hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir və onların sırasına yaxın vaxtlarda yeniləri də əlavə olunacaqdır: "2013-cü il ərzində isə Azərbaycanın Avstraliya və Vyetnamda səfirlikləri fəaliyyətə başlayıb. Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər".
Nazir qeyd edib ki, Azərbaycanın xarici siyasəti üçün qismən yeni məntəqələr olan Latın Amerikası və Afrika qitəsində son dövrlərdə səfirliklərimizin açılması qısa müddət ərzində bu ölkələrlə əlaqəlimizin inkişafında mühüm rol oynayıb: "Eyni zamanda qeyd olunmalıdır ki, daxili sabitliyə, yüksək inkişaf göstəricilərinə malik olan və artıq özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq etmiş Azərbaycan ilə əməkdaşlığın inkişafında digər dövlətlər də maraqlıdırlar".
E.Məmmədyarov vurğulayıb ki, etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan ikitərəfli münasibətlərin fəlsəfəsinə, siyasi, hüquqi çərçivəsinə uyğun olaraq hər bir dövlətlə olan əlaqələrini üçüncü tərəfə qarşı istifadə etməkdən tamamilə uzaq, xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin etimad və rəğbətini qazanıb: "Bu, bir daha özünü Azərbaycanın 2011-ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində özünü göstərmişdir. Azərbaycanın bu seçkilərdə mütləq qələbəsinin qaçılmaz olduğunu dərk edən Ermənistan eyni qrupdan namizəd olsa da, biabırçı məğlubiyyətdən xilas olmaq üçün prosesin ilkin mərhələsində namizədliyini geri götürmüşdür. Azərbaycan Avropa İttifaqı ölkələrinin tam dəstəyini alaraq seçkilərdə iştirak edən Sloveniya və Macarıstanla rəqabət şəraitində dünya birliyinin tam dəstəyini qazanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, BMT TŞ-yə seçilməyimiz müstəqilliyinin 20 illiyində Azərbaycanın böyük tarixi qələbəsi idi!"
Nazir bildirib ki, qeyd olunmalıdır ki, diplomatik dairələrdə BMT TŞ-yə seçkiləri uğurla apararaq bu posta yiyələnmək və eyni zamanda, qeyri-daimi üzv kimi üzərinə düşən məsuliyyətli yükü layiqincə icra etmək və qlobal problemlərin həllinə töhfə vermək dövlətin inkişaf səviyyəsinin mükəmməlliyinin xüsusi meyarı kimi qəbul olunur.
E.Məmmədyarov xatırladıb ki, 2012-ci ilin may ayında Azərbaycan BMT TŞ-də rotasiya qaydasına əsasən sədrlik edib: "2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq Sülh və Təhlükəsizliyə Terrorizmin Açdığı Hədələr mövzusu çərçivəsində "Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirilmişdir. Bu yüksək tribunadan dünya birliyinə səslənən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, TŞ-də olduğu müddətdə Azərbaycan ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə edəcəkdir. 2013-cü ilin oktyabr ayında Azərbaycan yenidən TŞ-yə sədrlik edəcəkdir".
Nazir qeyd edib ki, Azərbaycanın TŞ-də prezidentliyi dövründə Afrika regionu üzrə Sudan və Cənubi Sudan, Konqo Demokratik Respublikası, Qvineya-Bisau, Liviya, Qərbi Afrika, Somali, Asiya regionu üzrə Əfqanıstan, Avropa üzrə BMT-nin Kosovoda Müvəqqəti İdarəçilik Missiyası (UNMİK), Bosniya və Herseqovina kimi ölkələrdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlərlə bağlı görüşlər keçirilib: "Bu baxımdan fevral ayında Afrikada sülh və təhlükəsizlik, dekabr ayında Afrikada sülh və təhlükəsizlik bəndi altında Sahel bölgəsində vəziyyət mövzusunda keçirilmiş yüksək səviyyəli iclas və görüşlər qeyd oluna bilər. Ölkəmizin TŞ-də sədrliyi dövründə qəbul olunmuş üç qətnamənin hər biri Afrika ölkələri (Sudan və Qvineya-Bisau) haqqındadır. Bu da Azərbaycanın Afrika qitəsində baş verənlərə qarşı biganə olmadığının və sözügedən regionda baş verən hadisələri yaxından izləməsinin göstəricisidir".
Nazirin sözlərinə görə, əlavə olaraq, Azərbaycan siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarından sayılan Yaxın Şərq regionu üzrə şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən də Fələstin, Suriya, Liviya, Livan, Yəmən və dünyanın gündəmində olan bu kimi digər məsələlərin müzakirəsində yaxından töhfəsini vermişdir: "BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açıb".
E.Məmmədyarov bildirib ki, çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır: "Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir".