...

Prezident İlham Əliyev: Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar

Siyasət Materials 11 Sentyabr 2013 10:59 (UTC +04:00)
Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir.
Prezident İlham Əliyev: Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olan zaman Ağdam rayonundan olan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edərkən bildirib.

Səfurə Hüseynova isə öz növbəsində bildirib: "Cənab Prezident, biz Sizin çıxışınıza həmişə baxırıq. Sizinlə fəxr edirik. Sizi televizorda görəndə elə bilirik ki, bütün dünyanı bizə bəxş edirsiniz. Sizin öz ad günlərinizi xalq içində keçirməyiniz hamıya nümunədir. Hamı nümunə götürsün. Dəbdəbəli toylar edirlər. Onun da haqqında danışmısınız. Sizin bu addımlarınız o qədər ürəyimizcədir ki!"

Prezident İlham Əliyev qeyd edib ki, belə də olmalıdır: "Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti