...

ABŞ-ın dünya şöhrətli beyin mərkəzi “Azərbaycanın regional rolu”adlı hesabatını açıqlayıb

Siyasət Materials 17 Sentyabr 2013 13:03 (UTC +04:00)
Vaşinqtonda yerləşən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin Direktoru Riçard Veytsin “Azərbaycanın regional rolu: İran və digər bölgələr” (“Azerbaijan’s Regional Role: Iran and Beyond”) adlı hesabatı dərc olunub.
ABŞ-ın dünya şöhrətli beyin mərkəzi “Azərbaycanın regional rolu”adlı hesabatını açıqlayıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Vaşinqtonda yerləşən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin Direktoru Riçard Veytsin "Azərbaycanın regional rolu: İran və digər bölgələr" ("Azerbaijan's Regional Role: Iran and Beyond") adlı hesabatı dərc olunub.

Trend-in məlumatına görə, beynəlxalq hərbi təhlükəsizlik üzrə məşhur "Müdafiənin ikinci xətti" ("Second line of Defense" (http://www.sldinfo.com/icsa/)) adlı Mərkəz tərəfindən yayımlanan hesabat həm elektron, həm də kitab formasında nəşr edilib.

Qeyd edək ki, bu Mərkəzin hesabatları əsasən, ABŞ və NATO ölkələrinin xarici siyasət və təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələri tutan və qərar vermə prosesində yaxından iştirak edən şəxsləri üçün nəzərdə tutulur.

"Müdafiənin ikinci xətti" Mərkəzin ekspertləri ABŞ və Avropanın hərbi və təhlükəsizlik sahəsində nüfuzlu şəxslərindən ibarətdir. Həmin ekspertlər ABŞ-da hərbi və təhlükəsizlik sahəsində uzun illər çalışmış və çox yüksək vəzifələr tutmuş generallar, admirallar, nüfuzlu universitetlərin və beyin mərkəzlərin nümayəndələridir.

R.Veytsin "Azərbaycanın regional rolu: İran və digər bölgələr" adlı hesabatında qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan Respublikası digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır.

Özünün dünyəvi siyasəti, müxtəlif dinlərə və xalqlara tolerant münasibəti ilə Azərbaycan çox səmərəli "yumşaq güc" əldə edib və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə edilə bilinəcək cəlbedici ölkəyə çevrilib.

Buna görə də Azərbaycanın "yumşaq güc" potensialına hərtərəfli dəstək vermək qonşu İranın Yaxın Şərqdə və digər bölgələrdə təsirinin azaldılmasına xidmət edə bilər. Hesabatda bununla bağlı xüsusi qeyd edilir ki, Azərbaycanın artan "yumşaq güc"ü və Azərbaycan modeli nəinki İranda yaşayan etnik azərbaycanlılar üçün, habelə İranda yaşayan digər xalqlar, o cümlədən farslar üçün də olduqca cəlbedicidir. Azərbaycanın "yumşaq güc"ü İranın hazırkı xarici siyasətinə qarşı ABŞ-ın qoya biləcəyi qeyri-hərbi vasitələr içərisində ən səmərəlilərdən biri ola bilər.

Giriş, nəticə və üç hissədən ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı tarixi, artan "yumşaq güc"ü, habelə digər təsir imkanlarından bəhs edilir. Burada qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və "yumşaq güc"ə sas təsir imkanları əldə etməkdədir. Azərbaycan dövlətinin strategiyası və ardıcıl siyasəti ona çox mürəkkəb və qeyri-sabit bölgədə post-Sovet "travma"sını geridə buraxmaq və müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı verib. Müstəqillik əldə etdikdən sonra Azərbaycan uğurlu inkişafa və ÜDM-ni 60 dəfədən çox artırmağa nail olub. 2011-ci ildə Azərbaycan özünün artan iqtisadi-siyasi gücü və beynəlxalq gərginliyin azalmasına etdiyi töhfələr sayəsində çox ciddi rəqib namizədlərin olduğu bir şəraitdə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.

Hesabatın ikinci hissəsində Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı roldan bəhs edilir. Qeyd edilir ki, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq, bütün dini icmaların azad şəkildə öz məscidləri, kilsələri, sinaqoqları və digər ibadət yerləri və institutları vasitəsilə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradır.

Hesabatın üçüncü hissəsi Azərbaycan-İran münasibətlərinə həsr edilir. Bu münasibətlərin mühüm məqamları ortaq tarix, mədəni və dini yaxınlıq, iqtisadi münasibətlər, ən əsası isə geostrateji rəqabətdir.

Müəllif qeyd edir ki, Azərbaycan İran ilə geniş tarixi və mədəni əlaqələrə malik olmasına və Azərbaycan hökumətinin Tehranla normal münasibətlər qurmaq üçün əlindən gələni etməsinə baxmayaraq, İran daim Azərbaycan dövlətinin dünyəvi siyasətinə qarşı mənfi münasibətini gizlətməmiş və Azərbaycanda terror aktlarını və təhrikedici fəaliyyətləri dəstəkləməklə sabitliyi pozmağa çalışmışdır.

İran liderlərinin bu cür addımlarını həm müdafiə, həm də hücum motivləri ilə izah etmək olar. Bəzi İran liderlərinə görə, əhalisinin böyük hissəsini şiələr təşkil edən Azərbaycan İrandakı İslam inqilabının ixracı üçün potensial hədəfdir. Digərlərinin Azərbaycana qarşı düşmən münasibətini müəyyən edən əsas amil isə Azərbaycanın dünyəvi dövlət quruluşu, Qərblə daha sıx münasibətlər qurmağa çalışması, müstəqil enerji, iqtisadi və təhlükəsizlik siyasəti ilə artan "yumşaq güc"üdür. Sənəddə qeyd olunur ki, son bir neçə ildə İranın xüsusi xidmət orqanları Azərbaycanda Qərb və İsrail maraqlarına qarşı bir neçə terror aktlarını həyata keçirməyə cəhd edib və bunların qarşısı Azərbaycan təhlükəsizlik orqanları tərəfindən uğurla alınıb. İranın bu cür addımlarının arxasında məhz Azərbaycanın yumşaq gücünün artması və bunun İran rəhbərləri tərəfindən bir hədə kimi qiymətləndirilməsi durur. İranın ali rəhbərliyini qorxudan ən mühüm məqam odur ki, İranda yaşayan azərbaycanlılar, tarixi və mədəni baxımdan yaxın olan digər xalqlar bir gün İran rəhbərliyindən məhz Azərbaycan nümunəsində səmərəli daxili və xarici siyasətə malik hökumətin olmasını tələb edə bilərlər.

Məhz bunlara görə, xüsusilə vurğulanır ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı İran özünün müsəlman qonşusuna deyil, xristian Ermənistanına daim dəstək olur.

Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan 11 sentyabr terror aktından sonra ABŞ-a terrorizmə qarşı mübarizədə qeyri-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdəndir. Azərbaycan eyni zamanda Əfqanıstanda taliblərin hakimiyyətdən devrilməsi, hərbi əməliyyatların gedişi zamanı və hazırda NATO-nun silahlı qüvvələrinin bu ölkədən çıxarılması prosesində əvəzsiz rola malikdir.

Bundan əlavə, Azərbaycan qlobal miqyasda ABŞ-ın enerji strategiyasında və maraqlarında mühüm rol oynayır. Xəzər və Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına çıxarılması zamanı alternativ dəhlizin əsas ölkəsi olan Azərbaycan bu bazarlarda Rusiya və İran kimi ölkələrin öz enerji resurslarından siyasi məqsədlərlə təzyiq vasitəsi kimi istifadə imkanlarını azaldır.

Hesabatda o da vurğulanır ki, ABŞ şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanın neft sektorunda geniş fəaliyyət göstərir, Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi digər mexanizmlərlə də ABŞ-ın regional və qlobal maraqlarının təmin olunmasında yaxından iştirak edir.

Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək, çox böyük iqtisadi problemləri aradan qaldırıb, yoxsulluq səviyyəsini minimuma endirib, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olub. 1990-cı illərin sərmayə idxal edən ölkədən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə, bölgədə öz ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilib. Bütün bunlar isə Azərbaycana özünün "yumşaq güc"ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan verib.

Hesabatda xüsusilə qeyd edilir ki, Azərbaycan bütün bunlara ilk baxışda onun müstəqil siyasət həyata keçirməyə əngəl ola biləcək çox ciddi maneələrin olduğu bir coğrafi məkanda- Rusiyanın, İranın, Yaxın Şərqin və Avropanın maraqlarının kəsişdiyi nöqtədə nail olub. Azərbaycan özünün mürəkkəb coğrafi məkanını öz xeyrinə istifadə edə bilərək, müxtəlif layihələrlə Qərblə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilib. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülmüş və çox praqmatik siyasəti ilə müvəffəq olub. Hesabatda habelə Azərbaycanın ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və təcavüzkar siyasətin fəsadları üzərində xüsusilə dayanılıb.

Hesabatın nəticə hissəsində yuxarıda göstərilən məqamları nəzərə alaraq, ABŞ rəhbərliyinə Azərbaycanla bağlı siyasətində Azərbaycanın regionda oynadığı rolu nəzərə almaq və qiymətləndirmək, habelə bu ölkəyə regionda oynadığı rola görə dəstək vermək tövsiyə edilir.

Hesabat barəsində ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

http://www.sldinfo.com/enhancing-the-regional-role-of-azerbaijan-a-key-consideraton-for-the-united-states/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti