...

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ilk aralıq hesabatının əsassız olduğunu bəyan edib

Siyasət Materials 25 Sentyabr 2013 15:37 (UTC +04:00)
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını təhlil edib və hesabatın əsassız olduğunu üzə çıxarıb.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ilk aralıq hesabatının əsassız olduğunu bəyan edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını təhlil edib və hesabatın əsassız olduğunu üzə çıxarıb.

Trend-in məlumatına görə, ASKTM-in bununla bağlı qeydlərində bildirilir ki, son illərdə Azərbaycan Respublikasında siyasi vəziyyət böyük diqqətlə izlənilir. Ölkənin indiki vəziyyəti və gələcəyi bir çox aspektlərdə Qərb ölkələrinin siyasi və iqtisadi xadimlərində böyük maraq doğurur.

Azərbaycan Respublikası neft və təbii qaz ehtiyatlarına, eyni zamanda, dövlət ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının təsirlərini dinc yolla aradan qaldırmaq sahəsindəki bacarıqlarını nümayiş etdirdiyinə görə daha çox mühüm işgüzar tərəfdaşa çevrilməkdədir. Qeyd etmək lazımdır ki, sülh siyasəti Cənubi Qafqaz regionunda, hətta bütövlükdə Qafqaz regionunda müstəsna haldır, lakin şübhəsiz, bu siyasət Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərindəki suverenliyindən imtina etməsi anlamına gəlmir.

2011-ci ilin payızında ASKTM Bakıda daimi ofisini açmışdır və ekspertlər komandamız bir sıra aidiyyəti missiyalar icra etmişlər. Növbəti missiyamızı 2013-cü il oktyabrın əvvəlinə planlaşdırırıq və oktyabrın 9-da prezident seçkilərində ölkədə müşahidə missiyasını icra edəcəyik.

Seçki ilə bağlı sorğularımız, eləcə də ekspertlərimizin Azərbaycan Respublikasının lehinə, yaxud əleyhinə olmasından asılı olmayaraq, topladığı məlumatların təhlilindən sonra belə nəticəyə gəldik ki, ölkə Avropa İttifaqı ölkələrinə bənzər demokratik ruhlu sistemə sadiq "müsbət idarəçilik" modelidir.

ASKTM 9 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının cari vəziyyəti barədə ictimai hesabat yayımladı. Bu sənədin hazırlanması məqsədilə digər mənbələrdən başqa, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sənədlərini çox diqqətlə araşdırdıq. ATƏT/DTİHB-nin missiyasının (ehtiyacların qiymətləndirilməsi missiyası) hesabatına dair fikirlərimizi artıq 2013-cü ilin iyununda bildirmişik.

ATƏT/DTİHB oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə dair ilk aralıq hesabatını dərc etdirib. Biz sənədləri çox diqqətlə oxuduq və bəzi qeydlərimiz var. Əvvəla qeyd etməliyik ki, ASKTM ATƏT/DTİHB-nin Bakı ofisinin nümayəndələri ilə təkrarən görüşməyə çalışsa da, müraciətlərimiz indiyə kimi cavabsız qalıb.

Azərbaycan Respublikasının səyləri

ATƏT/DTİHB ilk aralıq hesabatında iki dəfə göstərir ki, 2010-cu ildə keçirilmiş seçkilərdə şikayətlər barədə qərar çıxarılması müddəti istisna olmaqla, Azərbaycan hakimiyyət qurumlarına verdiyi digər tövsiyələr icra edilməyib.

Bu iddia diqqətimizi cəlb etdi. Azərbaycan Respublikası ATƏT-in 57 üzv dövlətindən biridir və onun təşkilatın ekspertlərinin az qala bütün tövsiyələrini rədd etməsi əməkdaşlığın olmamasının açıq-aşkar sübutu olardı.

Yoxlanışlardan sonra aşağıdakı tövsiyələrin ciddi və rəsmi icra edildiyini aşkar etdik:

1. İnkluziv namizəd qeydiyyatı prosesini təmin etmək.
2. Dinc sərbəst toplaşma və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət edilən təşviqat müddətinə icazə vermək.
3. Seçki Məcəlləsi təmin etməlidir ki, yalnız müraciətlərin son tarixi bitdikdən və bütün müraciətlərə məhkəmələrdə baxıldıqdan sonra MSK yekun nəticələr protokolunu hazırlasın və təsdiq üçün Konstitusiya Məhkəməsinə ötürsün.
4. MSK cari iş təcrübəsini və xüsusilə, administrasiyası ilə işlərin bölüşdürülməsinə dair prosedur qaydalarını nəzərdən keçirməli və MSK-nın bütün üzvlərinin işləmək üçün zəruri məlumat və materialları əldə etdiyini təmin etməlidir.
5. Səsvermənin bərabərliyini təmin etmək məqsədilə seçki dairələrinin sərhədləri Seçki Məcəlləsinin 29.3.1-ci maddəsində tələb olunan qaydada yenidən elə çəkilməlidir ki, qeydiyyatlı seçicilərin sayında xətalar minimuma ensin və dairənin ölçülərində əhəmiyyətli xətalarla bağlı bir neçə cari hallar baş verməsin.
6. MSK aşağı instansiya komissiyalarının fəaliyyətini təkmilləşdirmək məqsədilə vaxtında tənzimləmələr qəbul etməli və həmin komissiyalara zəruri effektiv təlimlər keçməlidir.
7. Namizədliyin ləğvi müddəaları ləğvin səbəblərini azaltmağı nəzərdə tutaraq nəzərdən keçirilə bilər, belə ki, bu səbəblərin bəzisi qeyri-mütənasibdir.
8. Seçki Məcəlləsinin 77, 80 və 83-cü maddələrinə düzəlişlərin edilməsinə baxıla bilər.
9. Yerli və beynəlxalq müşahidəçilərin seçki günü prosedurlarını izləmək hüququ təmin edilməlidir.
10. MSK bir neçə dairədə səsverməyə qarşı mühüm zəmanət olan barmaqların mürəkkəblənməsi prosedurunun ciddi və birmənalı şəkildə seçki komissiyası tərəfindən icra edildiyini təmin etməlidir.
11. Səsvermənin gizliliyinə riayət edilməsini təkmilləşdirmək üçün səylər göstərilə bilər.

Növbəti mərhələdə ATƏT/DTİHB-nin çox mühüm məsələ - mətbuat azadlığı və mediaya çıxış - ilə bağlı tövsiyələrindən bəhs edəcəyik.

Lakin əvvəlcə xatırlamalıyıq ki, ATƏT/DTİHB 2008-ci il prezident seçkilərində tövsiyələr siyahısı hazırlamışdı. Hərtərəfli araşdırmadan sonra aşağıdakı tövsiyələrin artıq icra edildiyini aşkarladıq:

1. Bütün təlimat və qaydaların (təsdiqlənmiş) ölkə ərazisində vahid formada tətbiqini təmin etmək üçün bu tövsiyə və qaydalar MSK tərəfindən aşağı seçki komissiyalarına lazımi qaydada çatdırılmalıdır.
2. MnSK-lar üçün xüsusi diqqət hesablama prosedurlarına və nəticələr protokollarının doldurulmasına aid qaydaların onlar tərəfindən qavranılması və əməl olunmasına yönəlməlidir.
3. MSK-nın iclasları üçün gündəlik və materiallar Seçki Məcəlləsinin 19.8-ci maddəsinə uyğun şəkildə vaxtında paylanmalıdır.
4. Seçici siyahılarının tərtibatına aid aydın təkmilləşdirmə işləri aparılsa da, onların dəqiqliyini yaxşılaşdırmaq üçün əlavə səylər göstərilməlidir.
5. MSK DSK və MnSK-lara təlim verilə bilər ki, onlar seçicinin qeydiyyatdan çıxmaq kartlarını verdikdə, qeydiyyatı ləğv olunmuş seçicilərin şəxsiyyət vəsiqəsinin seriya və rəqəmli nömrəsi həmin kartların üzərində qeyd olunsun.
6. Bu seçkilərdə yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə halları azalsa da, tövsiyə olunur ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları, o cümlədən Prezident Administrasiyası və MSK bu sahədə qalan nöqsanları aradan qaldırsınlar.
7. MSK kampaniya zamanı Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq edərək, seçki məcəlləsinin media ilə bağlı müddəalarına əməl edilməsini, o cümlədən dövlətin mülkiyyətində olan və ya maliyyələşdirdiyi mediada seçki iştirakçılarının xəbərlərdə bərabər şəkildə işıqlandırılmasını təmin etməlidir.
8. MSK və MnSK səviyyəsində ekspert qrupları ilə bağlı mövcud sistem saxlandığı təqdirdə, həmin qruplar xarici hüquqşünaslar və digər ekspertlərdən ibarət olmalıdır.
9. Hər hansı bir rəylə razılaşmadığı halda, digər ekspertlər fərqli rəy təqdim etmək hüququna malik olmalıdırlar və həmin rəy sonradan MSK tərəfindən də müzakirə olunmalıdır.
10. MSK-da ekspert qrupu ilə media üzrə işçi qrupu arasında səlahiyyətlərin bölünməsi aydınlaşdırılmalıdır.
11. Yerli bitərəf müşahidə qruplarının tam azad şəraitdə işləməsinə icazə verilməlidir.
12. İstənilən mümkün yerdə təmin oluna bilər ki, müvafiq DSK-lar tərəfindən seçilən seçki məntəqəsinin yerləri bu məqsədə, xüsusən də ölçü, yerləşdirilmə və çıxış yollarına münasib olsun.
13. Seçki məntəqələrində veb-kameraların istifadəsi davam etdirilərsə, bu, Seçki Məcəlləsi ilə tənzimlənməlidir.
14. Ailə səsverməsi məsələsinin həll edilməsi ilə bağlı cəhdlər edilməlidir, çünki bu təcrübə səsvermənin gizliliyi və toxunulmazlığını sarsıdır. Bu məqsədlə seçici maarifləndirilməsi kampaniyaları və seçki komissiyalarına təlim keçirilməsi daxil olmaqla, bir sıra tədbirlər görülə bilər.

Azərbaycan Respublikası hakimiyyətinin 2008-ci ildən bəri ATƏT/DTİHB-nin 25 tövsiyə siyahısını icra etməsi ölkənin demokratik seçki prosesinin ən tələb olunan standartlarına cavab vermə istəyini aydın nümayiş etdirir.

Azərbaycan Respublikasında media mühiti

Aralıq hesabatda ATƏT/DTİHB Azərbaycan Respublikasının mətbuat azadlığını sual altına qoyur. Hazırda ölkədə olan müşahidə missiyası (SMM) prezident seçkilərinə müxtəlif namizədlərin mediaya bərabər çıxışının olmasını yoxlamaq üçün altı televiziya kanalı və beş qəzetdə müxtəlif keyfiyyət və kəmiyyət monitorinqi aparacaq. Bu monitorinq 4 sentyabrda başlamışdır və biz indi cavabları gözləyirik.

SMM 11 monitorinq keçirilmiş medianın seçilmə meyarlarını təqdim etsəydi, maraqlı olardı. Həqiqətən nəzərə alınmalıdır ki, media, xüsusilə, televiziya dövlət və özəl kanallardır.

Xatırladaq ki, bütün ölkə boyu yayım etmək üçün lisenziya almış özəl kanallar sayəsində son illərdə media mənzərəsi nəzərçarpan dərəcədə genişlənib. Əlbəttə, müşahidə missiyasının nəticələrini əldə etməmiş bu barədə hər hansı rəy bildirmək tezdir.

ATƏT/DTİHB-nin birinci aralıq hesabatında qaldırılmış digər bir məsələ anonim əlaqələrin 8 jurnalistin fikir azadlığına görə həbsdə olması barədə şahidlik etməsidir. Bu 8 jurnalistin şəxsiyyəti ATƏT/DTİHB tərəfindən açıqlanmamışdır. Həbs edilmiş jurnalistlərə gəldikdə, müsbət media yayımını nəzərə alsaq, bu ehtiyatlanma istəyi təəccüb doğurur.

Öz növbəmizdə, biz hazırda həbsdə olan və ya rəsmi ittiham olunan doqquz jurnalist və fəalın (onlardan ikisi növbəti siyahıda 3-cü bənddə, digər 7 iş isə fərdi təqdim edilmişdir) məhkəmə işini müəyyən edə bilərik. İlk baxışda görünür ki, ittihamlar "fikir azadlığı cinayəti" deyil, adi ağır cinayətlərə görədir.

1. Hilal Məmmədov üzərində və evində tapılmış 33,475 qram qeyri-qanuni heroin saxlamaqda ittiham olunur. O, ittihamı inkar etməmiş, ancaq narkotik vasitənin "şəxsi istifadə" üçün olduğunu bildirmişdi.

Hilal Məmmədov, həmçinin dövlətə xəyanətdə ittiham olunur. Belə ki, o, İran İslam Respublikasının kəşfiyyat xidmətləri ilə casusluq fəaliyyətlərinə cəlb olunmuşdur. Bundan başqa, 2006-cı ilin aprel və oktyabr aylarında kütləvi informasiya vasitələrində açıq-aydın dövlətə nifrət və düşmənçiliyin salınması məqsədi daşıyan fəaliyyətlər göstərmişdir. 2012-ci il dekabr ayında onun işi istintaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə istintaqı davam edir.

2. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bir neçə şəxsin şəxsi və işgüzar reputasiyalarına ziyan vura biləcək məlumatlarını nəşr etməklə onları şantaj etməkdə təqsirli bilinmişdir. O, eyni zamanda, böyük məbləğdə rüşvət almaqda, vergidən yayınma və məhkəmə qərarlarına riayət etməməkdə təqsirli bilinmişdir.

3. Tofiq Yaqublu və İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı şəhərində gərginliyi artırmaq və ictimai asayişi pozmaq məqsədilə polis məmurlarına qarşı həyata təhlükə törədəcək zorakılığın təşkilində, kütləvi iğtişaşdan istifadə, qəsdən şəxsi mülkün dağıdılması və digər qanunsuz hərəkətlər etməkdə ittiham olunurlar.

Bu işin ilkin istintaqı davam edir.

4. Fərəməz Allahverdiyev Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2012-ci il 22 avqust tarixli hökmü ilə kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində təqsirli bilinərək, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

F.Allahverdiyev 2010-cu ilin noyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının ərazisindən müvafiq sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək Türkiyə Respublikasına getmiş, 2011-ci ilin oktyabr ayında yenə də dövlət sərhədini Naxçıvan Muxtar Respublikasının ərazisindən müvafiq sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır.

F.Allahverdiyev, həmçinin internetdə Bakı şəhərində ictimai qaydanın kobud şəkildə pozulması, yanğınların törədilməsi, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara çağırışlar etmişdir.

5. Hüseynov Fuad silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

F.Huseynov ona görə məhkum olunmuşdur ki, o, qərəzli xuliqanlıq hərəkətləri edərək iki nəfərə cib bıçağı ilə xəsarətlər yetirmişdir.

F.Hüseynov qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, xuliqanlıq, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma, məhkəməyə hörmətsizlik etmə və digər cinayətlərin törədilməsinə görə əvvəllər 5 dəfə məhkum olunmuşdur.

6. Əliyev Nicat qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı və dini məzmunlu məlumat materiallarını yayma, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, dövlət əleyhinə yönələn açıq çağırışlar və qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində ittiham olunmuşdur.

Hazırda barəsində olan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir.

7. Araz Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2013-cü il tarixli hökmü ilə qanunsuz olaraq döyüş sursatı əldə etmə, saxlama və daşıma, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə, dini nifrət və düşmənçiliyin salınması, Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər və hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Hazırda A.Quliyev və digərləri barəsində olan cinayət işinə apelyasiya instansiyası məhkəməsində baxılır.

8. Sərdar Əliyev (Əlibəyli) 2013-cü il 29 iyul tarixində, saat 22:00 radələrində əsaslı səbəb olmadan N.Əliyev ilə mübahisə edib, daş parçası ilə vuraraq N.Əliyevə bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Sərdar Əliyev 2013-cü il 1 avqust tarixində təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda onun barəsində cinayət işi üzrə istintaq gedir.

Azərbaycan Respublikasında qanunlar və demokratiya
ATƏT/DTİHB aralıq hesabatının 9-cu bəndində aydın olmayan şəkildə Cinayət Məcəlləsinə edilmiş son düzəlişləri və məlumat əldə etmə və ticarət sirlərinə dair qanunları sual altına qoyur. ATƏT/DTİHB-yə görə bu qanunvericilik dəyişiklikləri fikir azadlığına təhlükə ola bilər.

Bu mətnləri araşdırdıqdan sonra biz müxtəlif nəticələrə gəldik.

2012-2013-cü ildə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərə yalnız sanksiyaların artması kontekstində baxılmamalıdır. Düzəlişlər Məcəllədəki bəzi boşluqları və ziddiyyətləri aradan qaldırmaq və beləliklə, insanların hüquqları və qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınmasını və ictimai asayişin qorunmasına bundan sonra zəmanət verilməsini təmin etmək məqsədilə təqdim edilmişdir.

Düzəlişlər ictimai nümayişlər təşkil etmək və keçirmək üçün qaydaları pozan şəxslərə daha kəskin cərimələr və hətta həbs cəzası təmin edən cinayət sanksiyalarının əvəzinə inzibati sanksiyalar tətbiq etməyə imkan yaradıb.

Eyni zamanda, indi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi qeyri-qanuni nümayişləri təşkil edənlər və belə nümayişlərdə iştirak edənlərin məsuliyyəti arasında fərq qoyur. Bundan əlavə, inzibati həbsin tətbiq olunduğu məhkəmə işlərinin sayını azaltmaq üçün İnzibati Xətalar Məcəlləsinə inzibati sanksiyaların yeni növü olan ictimai iş daxil edilmişdir.

Düzəlişlər nəinki qeyri-qanuni nümayişlərin təşkilatçıları və iştirakçılarına, eyni zamanda, qanuni ictimai mitinqlərin keçirilməsinə mane olan şəxslərə qarşı da sanksiyaları artırıb. Qeyd olunmalıdır ki, daha demokratik ölkələrdə qeyri-qanuni mitinqlərin qarşısını almaq üçün müxtəlif və daha kəskin sanksiyalar tətbiq olunur.

2013-cü il 14 may tarixində Azərbaycan Respublikasının Parlamenti Azərbaycanın Cinayət Məcəlləsinə düzəlişləri qəbul edib. Cinayət Məcəlləsinin xüsusilə 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə "ictimai şəkildə nümayiş etdirilən internet informasiya resursu vasitəsilə" törədilmiş hərəkətlərə görə məsuliyyətə cəlb etmənin daxil edilməsi üçün düzəliş edilmişdir. Bu düzəlişlərin arxasındakı ideya fərdi şəxsləri internet resurslarında böhtan və təhqirə qarşı qanuni müdafiə ilə təmin etməkdir. Son statistik məlumatlar göstərir ki, Azərbaycan əhalisinin 65%-dən çoxu internetdən istifadə edir və hökumət kiberməkanda sosial münasibətlərin tənzimlənməsinə yönəlmiş bir sıra tədbirlər qəbul etmişdir. Bu tədbirlərə, məsələn, elektron hökumətin yaradılması, fərdlərə elektron xidmətin göstərilməsi və kibercinayətə qarşı cinayət məsuliyyətinin təqdim edilməsi daxildir. Demək olar ki, bütün Avropa Şurasına üzv dövlətlərin qanunvericiliyində diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını nəzərə alsaq, bu tədbirlər o qədər də qeyri-adi deyil.

"İnformasiya əldə etmək haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Kommersiya sirri haqqında" qanunlarında 12 iyun 2012-ci il tarixində edilmiş dəyişikliklər bu sahədə mövcud beynəlxalq praktikaya əsaslanır. Belə ki, düzəlişlərin işlənib hazırlanması zamanı Avropa Şurasının "Rəsmi sənədlərə müraciət etmə haqqında Konvensiyası", Avropa İttifaqının Parlamentinin və Şurasının Avropa Parlamentinin, Şurasının və Komissiyasının sənədlərinə açıq müraciət haqqında Əsasnaməsinin müddəaları, habelə bir sıra dövlətlərin qanunvericiliyi nəzərə alınmışdır.

Olduqca "Avropa" kontekstində

Görünür ki, ATƏT/DTİHB ilk aralıq hesabatının 3 saylı bəndində respublikanın hazırkı Prezidenti cənab İlham Əliyevin üçüncü müddətə namizədliyini irəli sürə bilməsi faktını sual altında qoyur. Əvvəlki hesabatımızda qeyd etdiyimiz kimi, Konstitusiya ilə icraedici hakimiyyətin rəhbərinə verilən dəfələrlə seçilmək imkanı bir çox Qərb demokratiyaları tərəfindən tamamilə qəbul olunur.

"Böyük Britaniyaya gələndə, məsələn, baş nazirlər Marqaret Tetçer və Toni Bleyer hər ikisi üç dəfə ardıcıl olaraq seçkidə qalib gəlmişlər. Almaniyada Kansler Angela Merkel hazırda vəzifəsinə ardıcıl üçüncü müddətə namizəddir, sabiq Kansler Helmut Kol isə 16 il hakimiyyətdə qalmışdır. Ardıcıl olaraq iki dəfədən artıq vəzifələrini icra edən siyasi liderlərin sayı və ya nümunələri həqiqətən çoxdur".

Venesiya Komissiyasının özü Avropa Şurasının Siyasi Məsələlər və Demokratiya üzrə Komitəsinin tələbi ilə 2009-cu ildə hazırladığı hesabatda bununla razılaşır:

"Müəyyən bir ölkədə mandatların məhdudiyyət prinsiplərinin təsiri və siyasi funksiyaların uzlaşmaması təkcə geniş konstitusiya və hüquqi ölçüdən deyil, əsasən, bu ölkədə hakimiyyət bölgüsü modelindən asılıdır".

Bu nəticəni nəzərə alaraq, "əhatə olunan sahələrdə Avropa Şurasının bütün üzvlərinə tətbiq edilə biləcək ən yaxşı təcrübənin olmadığını" iddia edən komitə bu barədə Assambleyaya qətnamə layihəsini təqdim etməyi uyğunsuz hesab edir.

İlk aralıq hesabatının yenə eyni bəndində ATƏT/DTİHB ümumiyyətlə çoxluq təşkil edən partiyanın mövqeyi ilə uyğunlaşdıqlarını iddia edərək 42 müstəqil parlament üzvünün parlament işini də faktiki olaraq sual altında qoydu.

Belə mövqe obyektiv təhlildən daha çox dəyərləndirmə mühakiməsi kimi görünür. Heç bir şey bitərəf müşahidəçiyə təcrübədən əvvəl müstəqil millət vəkillərinin qanunvericilik işlərini sual altında qoymağa imkan vermir. ATƏT/DTİHB-nin mülahizələrini ciddi şəkildə nəzərə almaq üçün müstəqil millət vəkillərinin siyasi çoxluğun mövqeyi ilə avtomatik olaraq necə uyğunlaşdıqlarını sübut etmək lazımdır. Hər hansı bir sübutun olmadığına görə, biz yalnız ölkə Parlamentinin üçdə birindən çoxunun bütövlüyünün əsassız olaraq şübhə altına qoyulması qərarına təəssüflənə bilərik.

Müvafiq seçki prosesi - Həssas geosiyasi kontekstdə

Azərbaycan Respublikasının ətrafında olan geosiyasi kontekstdən asılı olmayaraq, heç kim oktyabrın 9-da başa çatacaq prezident seçkiləri ilə bağlı mövcud təşviqat kampaniyasını təhlil edə bilməz.

Hazırkı respublika keçmiş SSRİ-nin dağılmasından sonra yaranmışdır. Milli ərazinin böyük bir hissəsi - Dağlıq Qarabağ Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasına baxmayaraq, hələ də işğal altındadır. Ölkə erməni işğalının səbəb olduğu bir milyon köçkünün yaratdığı böyük problemlərlə üzləşmişdir. Bu maneələrə baxmayaraq, Azərbaycan Respublikası tərəqqi və sosial inkişaf yoluna qətiyyətlə qədəm qoyma qabiliyyətini nümayiş etdirmişdir. Bu daimi tərəqqi və əhalinin həyat şəraitindəki əlamətdar irəliləyişlər seçicilərin siyasi sabitlik arzularını geniş izah edir.

Bu kontekstdə və qonşu qüvvələr, ilk növbədə, Rusiya Federasiyası və İran İslam Respublikası tərəfindən göstərilən təzyiqləri nəzərə alaraq etiraf etməliyik ki, seçki qanunu ölkəni xarici təsirlərdən mümkün qədər qorumalıdır.

Mahiyyət etibarilə başa düşmək vacibdir ki, Azərbaycan Respublikasının qanunları respublika Prezidentinin ikinci vətəndaşlığının olmamasını və onun uzun illər ərzində (10 il) ölkədə daimi yaşayış yerinin təsis edildiyini sübut edə bilməsini təmin etməlidir.

Müxalifət tərəfindən müntəzəm olaraq demokratiyanın pozulması halı kimi qeyd edilən cənab İbrahimbəyovun namizədliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edilməsi bu vəziyyətin mükəmməl təsviridir.

Bundan əlavə, doğrudur ki, Avropa standartları alimlik dərəcəsi olmadan hökumətə başçılıq da daxil olmaqla hər bir vətəndaşın siyasi mandatı yerinə yetirmək hüququnu təmin edir. Azərbaycan Respublikasının seçki qanununun namizədin ali təhsilli olması tələbi ATƏT/DTİHB-nin də etdiyi kimi tənqid edilə bilər, lakin bununla belə, sırf ritorik tənqid olaraq qalır. Bundan başqa, qadın namizədlərin olmamasını vurğulamaq fransız demokratiyasında heç vaxt qadın prezidentin olmamasını sorğulamaq qədər anlamsızdır. Bununla yanaşı, iş tam sənədləşdirilmiş və asanlıqla əlçatandır.

Nəticə

Oktyabrın 9-da keçiriləcək seçkilərin yerli, regional və beynəlxalq məsələləri nəzərə alınaraq, ATƏT/DTİHB-nin növbəti aralıq hesabatının daha sənədləşdirilmiş olacağına və ilk növbədə, aydın şəkildə müəyyən olunmuş və nəticədə yoxlanılan faktlara etibar edəcəyinə yalnız ümid etmək olar.

Eyni zamanda, Azərbaycan Respublikasının hakimiyyət orqanları tərəfindən bir sıra QHT-lərin fəaliyyətinə qoyulan limit aydınlaşdırılmalıdır. ATƏT/DTİHB-nin ilk aralıq hesabatında nə dərəcədə və hansı QHT-lərdə narahatlıq var? Bu detallar məlumatların doğru olduğunu təmin etmək üçün əhəmiyyətlidir. Təsdiqlənməsi üçün kifayət qədər məlumat verməyən hesabatın həlledici hesabat olduğu iddia edilə bilməz.

Azərbaycan Respublikasının yaxşı idarəçiliyinin anonim həmsöhbətçilər tərəfindən daimi təkzibi, ciddi və etibarlı olmaması fikirləri, xüsusilə qeyri-sabit geosiyasi ərazidə yerləşən ölkənin irəlidən gələn siyasi sabitliyinin təhdid edilməsinə imkan yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti