...

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ikinci aralıq hesabatını araşdırdıqdan sonra şərh edib

Siyasət Materials 7 Oktyabr 2013 17:25 (UTC +04:00)
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ikinci aralıq hesabatını araşdırdıqdan sonra şərh edib.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ikinci aralıq hesabatını araşdırdıqdan sonra şərh edib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi ATƏT/DTİHB-nin ikinci aralıq hesabatını araşdırdıqdan sonra şərh edib.

Trend-in məlumatına görə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi 9 oktyabr prezident seçkiləri ərəfəsində Azərbaycanda siyasi vəziyyətin təhlilini davam etdirir: "Biz bir daha ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatına diqqətimizi yönəldirik. Bir neçə gün əvvəl ATƏT/DTİHB seçkilərə hazırlığa dair, daha dəqiq, 13-26 sentyabr 2013-cü il müddətini əhatə edən "ikinci aralıq hesabat"ını dərc etdi. Biz həmin son həftələrdə ATƏT/DTİHB-nin Azərbaycanın siyasi həyatına yanaşmasının qərəzli və ədalətsiz olduğunu bir neçə dəfə qeyd etdik. Həqiqətən də yeni hesabat əvvəlkindən o qədər də fərqlənmir, lakin müəyyən irəliləyiş olduğunu qəbul edirik: bu hesabat bu təşkilatın Azərbaycan haqqında dərc etdirdiyi ən pis qiymətləndirmə deyil".

Məlumatda qeyd olunur ki, ATƏT/DTİHB üçün "Azərbaycanı tənqid etmək" sadəcə "ənənəvi iş" kimi görünür: "Təşkilat açıq-aydın "Azərbaycan avtoritar dövlətdir və Prezident İlham Əliyev və ya onun administrasiyası vətəndaş hüquqlarına hörmət etmir" aksiomasından çıxış edir. Bura kimi yaxşıdır. Bir məqam istisnadır: fəlsəfə və ya riyaziyyatda aksiomanın sübuta ehtiyacı yoxdur. Bu, sadəcə hər hansı fikir və ya arqumentin əsası olan müstəqil həqiqətdir. Təəssüf ki, siyasətdə buna bənzər heç nə yoxdur. Beləliklə, ATƏT/DTİHB öz mövqeyinin əsaslı olduğunu nümayiş etdirməyə çalışaraq, ümidsizcəsinə onu dəstəkləyən sübutlar axtarır və hətta bu məqsədlə faktlar "təşkil etməli" və ya onları olduqca "yaradıcı" formada şərh etməlidir. Məsələn, ATƏT/DTİHB öz yeni hesabatında bəyan edir ki, "kampaniya konkret siyasi platforma deyil, daha çox şəxsiyyətlər üzərində qurulması və əsaslı debatların çatışmaması ilə xarakterizə olunur". Lakin eyni mətndə bunu da oxumaq mümkündür: "Hazırkı Prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, ölkənin iqtisadi inkişafı və prezidentlik dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub". Yaxşı, bəs bu bir qədər ziddiyyətli səslənmirmi?"

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin məlumatında qeyd olunur: "Biz ATƏT/DTİHB ədəbiyyatının sadiq və hətta azarkeş oxucuları olaraq təəccüb içindəyik. Bu uyğunsuzluğu üç və yalnız üç hipoteza ilə izah edə bilərik: a) bu 8 səhifəlik hesabatın müəllifi eyni ekspert deyil; b) yalnız bir müəllif var, lakin o, "konkret siyasi platforma"nın yoxluğundan şikayət etməzdən 12 sətir əvvəl yazdığını unudub; c) Avropada sülh, təhlükəsizlik, əməkdaşlıq və insan hüquqlarına görə məsul olan ATƏT/DTİHB üçün "regional sabitlik və iqtisadi inkişaf" heç də "konkret siyasi platforma" deyil..."

Məlumatda vurğulanır: "Sözün düzü, vergilərini ödəyən (və beləliklə, ATƏT/DTİHB-nin həyat və işinə təvazökarlıqla töhfə verən) Avropa vətəndaşı üçün bu üç izahatdan hansının daha az narahatedici olduğunu bilmirik. Lakin gəlin, ATƏT/DTİHB-nin yeni hesabatının özək arqumentlərinə keçək:

A) Namizədlərin qeydiyyatı
ATƏT/DTİHB bildirir ki, "Sentyabrın 13-ü Mərkəzi Seçki Komissiyası (MSK) daha 3 şəxsin namizədliyi haqqında öz qərarını vermişdir. Onlardan yalnız birinin namizədliyi qeydə alınmış, digər ikisinin isə namizədliyi kifayət qədər etibarlı imza təqdim etmədiklərinə görə MSK tərəfindən qeydə alınmamışdır".

Məlumata deyilir ki, təşkilat o faktı qəbul edir ki, Seçki Müşahidə Missiyasının (SMM) "yoxlama prosesində iştirakı tam təmin olunmuşdur. Namizədlər və onların səlahiyyətli nümayəndələri bu prosesdə iştirak etmə hüququna malikdirlər..."

Sözügedən məlumata görə, bu son qeydiyyatla birlikdə on namizəd qeydə alınıb: Yeni Azərbaycan Partiyasından hazırkı Prezident İlham Əliyev, İqbal Ağazadə (Ümid Partiyası), Zahid Oruc (müstəqil namizəd), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Hafiz Hacıyev (Müasir Müsavat Partiyası), Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası), Fərəc Quliyev (Milli Dirçəliş Partiyası), İlyas İsmayılov (Ədalət Partiyası), Cəmil Həsənli (müstəqilcəsinə namizədliyini vermiş, lakin bir neçə müxalifət partiyasının dəstəklədiyi) və Sərdar Məmmədov (Azərbaycan Demokratik Partiyası).

Mərkəzdən bildirilir ki, bütün ölkələrdə namizədlərin qeydiyyatı hüquqi və ya digər səbəbdən rədd edilir. Fransada 39 şəxs 2012-ci il prezident seçkilərinə namizədliklərini vermək iradələrini elan etmişdi, lakin yalnız 10 nəfəri birinci turda iştirak edirdi, qalan 12-si isə kifayət qədər imza toplamadığından qeydə alınmamışdı.

Məlumatda bildirilir ki, 9 oktyabr seçkilərində 10 namizədin iştirakına icazənin verilməsi faktı digər ölkələrdəki vəziyyətə uyğundur və real demokratik həyatın olduğuna aydın işarədir: "Hesabatın bu hissəsi ilə bağlı hər hansı digər qeydimiz yoxdur.

B) Seçkiqabağı təşviqat kampaniyası və kampaniyanın maliyyələşdirilməsi

B.1. İnsidentlər

ATƏT/DTİHB bəyan edir ki, "İndiyə qədər kampaniyanın ümumi olaraq sakit keçməsinə baxmayarq, siyasi xadimlərin ailə üzvlərinin qorxudulmasıilə əlaqədar bəzi hallarvəziyyəti pisləşdirmişdir."

Məlumat verilən hallar aşağıdakılardır:

1) Sentyabrın 22-si Bakıda 3 nəfər (müxalifət liderinin oğlu daxil olmaqla) həbs edilmiş və "təşviqat materiallarının qəsdən məhvi"ndə ittiham edilmişdir.

2) Daha faciəvi insident Prezidentin əsas rəqibi Cəmil Həsənlinin nümayəndəsinin oğlunun Bakıda naməlum subyektlər tərəfindən döyülməsi və bıçaqlanması oldu (hazırda polis məhkəmə işini araşdırır).

Həmin insidentlərin "siyasi xadimlərin ailə üzvlərinin qorxudulması" kimi göstərilməsi bir qədər sərt və arzuolunmazdır, belə ki, mahiyyət etibarilə hökumətin və ya hökumətlə əlaqəli hansısa "qara qüvvələr"in buna görə məsuliyyət daşıdığını nəzərdə tutur".

Mərkəzin məlumatında qeyd olunur: "İlk insident olduqca xarakterik seçkiqabağı hadisədir: seçkilərlə bağlı siyasi həyatı olan bütün dünya ölkələrində belə hadisə baş verir və "təşviqat materialları" məhv edilir. Polis qüvvələri bəzən həmin hadisələri törədənləri (şübhəliləri) həbs edir, bəzən isə yox. Bu tip "məlumatlar" Azərbaycanın siyasi həyatının xarakteri barədə bizə heç nə demir.

İkinci hadisəyə (C.Həsənlinin nümayəndəsinin oğluna təcavüz və onnu bıçaqlanması) gəldikdə, bir daha bu, təəssüf ki, Avropada adi hal almış cinayətdir: Avropa İttifaqında hər gün onlarla (bəlkə də yüzlərlə) gənc döyülür və bıçaqlanır".

Məlumatda vurğulanır ki, məhz bu hal siyasi həyatla əlaqəli ola da bilərdi, olmaya da. Bu, prezidenti dəstəkləyən şəxslər qrupunun faktı ola da bilərdi, olmaya da. Faktiki olaraq, müxalifət liderləri arasında böyük gərginliklər olduğundan, bu dəhşətli hadisəni törədənlər digər müxalifət istiqaməti ilə də əlaqəli ola bilərdi.

Bu mərhələdə heç nə həmin faktları "qorxudulma" kimi xarakterizə etməyə əsas vermir.

Həqiqətən də hər ölkədə siyasi həyat və hər seçki müəyyən səviyyədə ayrıca zorakılıqla xarakterizə olunur. Avropada siyasi zorakı insidentlərə bəzi nümunələr:

1) 4 may 2013-cü ildə Fransanın Xalq Hərəkatı uğrunda İttifaq Partiyasının gənc üzvləri Prezident Fransua Ollandın plakatlarını asarkən zorakılığa məruz qalmışdılar;

2) 10 iyun 2012-ci ildə polislər Merikurtda (Pa-de-Kale, Fransa) sağçı namizəd Marine Le Penin tərəfdarlarını qorumalı olmuşdular, belə ki, onlara solçu namizədin tərəfdarları tərəfindən qeyri-qanuni maneə törədilirdi;

3) 7 may 2012-ci ildə Lilldə (Fransa) xuliqanlıq edən bir şəxs afişa yapışdıran 4 nəfərə silahlı hücum etmişdir;

4) 3 aprel 2013-cü ildə Marseldə (Fransa) sosialist namizədin afişa yapışdıranları ilə ekoloji namizədinkilər arasında zorakı hadisə baş vermişdi;

5) 5 iyun 2009-cu ildə seçki kitabçaları paylanarkən Linkebikin (Brüsseldən kənarda kiçik şəhər, Belçika) meri Damien Tierifinland ekstremistləri tərəfindən təhqir və daş-qalaq edilmişdi;

Olduqca nadir hal olsa da, belə insidentlərin bəzisində qan tökülüb:

1) 5 iyun 2013-cü ildə Parisdə solçularla sağçıların tərəfdarları arasında zorakı insident zamanı solçuların fəalı gənc Kleman Meric öldürülmüşdü;

2) 12 sentyabr 1970-ci ildə Brüsselin fransız dili müəllimi (və Fransız müdafiə partiyasının fəalı) Jak Georgin Belçika paytaxtında afişalar yapışdırarkən finland ekstremistləri tərəfindən döyülərək öldürülmüşdü.

Bu insidentlər bizə Fransa və ya Belçikada demokratiyanın səviyyəsi barədə nəsə deyirmi? Heç də yox. Onlar bizə insan təbiətindən xəbər verir: bəzi insanlar zorakıdır və başqalarına qarşı çıxmağı və ya hücum etməyi xoşlayırlar.

Mərkəzin məlumatında vurğulanır ki, demokratiya üçün qəti və müəyyənedici məqam bu zorakılığın səviyyəsi və cəmiyyətin ona dözümlülüyüdür. Əgər belə hallar hələ də az-az baş verir və cəmiyyət tərəfindən qəti pislənilirsə, demokratiya təhlükədə deyil.

Və Azərbaycanın vəziyyətində də məhz belədir. ATƏT/DTİHB-nin özünün bəyan etdiyi kimi: təşviqat kampaniyası "sakit" keçmişdir...

B.2. Maliyyə və insan resurslarının çatışmazlığı
Hesabatda bildirilir ki, "Bir sıra namizədlər maliyyə və insan resurslarının olmaması barədə ATƏT/DTİHB SMM-ə məlumat verdi. Bu vəziyyət bir çox digər ölkələrə də aiddir və xüsusi şərhə ehtiyac yoxdur. Bəzi partiyaların və siyasi təşkilatların vəsaiti var, digərlərinin isə yoxdur (və ya eyni məbləğdə deyil).

C) Seçki administrasiyası
ATƏT/DTİHB-nin hesabatında 5273 daimi seçki məntəqəsinin və 219 "xüsusi seçki məntəqəsinin" yaradıldığı qeyd olunur. Bu "xüsusi seçki məntəqələrinə" həbsxanalardakı məntəqələr də daxildir.

Qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə həbsxanalarda səsverməyə icazə verilmir, beləliklə, səs vermək üçün imkanın yaradılması siyasi açıqlığın əlaməti kimi görünür.

Hesabatda bildirilir ki, "hesabat dövrü ərzində ATƏT/DTİHB SMM 125 dairə seçki komissiyasının hamısına baş çəkib və onlarla tam səviyyəli əməkdaşlıq edilib. Hesabatın bu hissəsi üçün hər hansı digər şərhə ehtiyac yoxdur.

D) Seçici qeydiyyatı
Hesabatın bu hissəsində heç bir xüsusi şərhə ehtiyac yoxdur.

E) KİV
Hesabatda bildirilir ki, 19 sentyabr tarixində Cəmil Həsənliyə "Prezident və ailəsinin şərəf və ləyaqətini təhqir etdiyi üçün ciddi xəbərdarlıq [...]" edilmişdi. ATƏT/DTİHB vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "kriminal diffamasiya müddəalarını və dövlət rəsmilərinə verilən xüsusi mühafizəni ifadə azadlığının lazımsız məhdudiyyəti" hesab edir.

İfadə azadlığının əhəmiyyətini tam dərk etdik, qəbul etdik və bu azadlığa hər hansı məhdudiyyətin qoyulmasının problem sayıla biləcəyini hesab edirik.

Bununla belə, qeyd etməliyik ki, dövlət başçılarını (o cümlədən digər şəxsiyyətləri) müdafiə edən belə qanunlar çoxsaylı köhnə demokratiyalarda mövcuddur: məsələn, Fransada 7 avqust 2013-cü il tarixinə qədər "Respublika Prezidentinə qarşı təhqir" cinayət hesab edilirdi ("Mətbuat azadlığı haqqında" qanunun 26-cı maddəsi).

Mərkəzin məlumatına qeyd olunur ki, gənc demokratiya və müstəqil dövlətlə əlaqədar olaraq (fikrimizcə, Azərbaycan kimi) hesab edirik ki, normal poetik debatlar və təhqir arasında aydın limitləri ("qırmızı xətlər") müəyyən etmək əhəmiyyətlidir. Belə olmadığı halda, ölkə hər şeyin icazə verildiyi bir növ daimi "soyuq vətəndaş müharibəsində" yaşamaq riski altındadır.

Mərkəzin məlumatında bildirilir: "Eyni zamanda ATƏT/DTİHB bildirir ki, "digər siyasi aktorlarla müqayisədə hazırkı Prezident televiziya xəbərləri proqramlarında daha çox işıqlandırılır.

Qəbul edirik ki, əlbəttə, bu belədir. Dünyanın bütün demokratik ölkələrində belədir: dövlət başçısı mediada geniş işıqlandırılır, çünki o ... dövlət başçısıdır. Bu siyasi status məsələsi deyil, "vəzifəsini icra etmə mövqeyi" məsələsidir. Fransada prezidentin, Böyük Britaniya, İtaliya və ya Fransada Baş nazirin, Almaniyada Kanslerin və s. halında olduğu kimi seçkilər zamanı prezident işləməyə davam edir və KİV-in diqqətini daha çox cəlb edir. Bu tənqidlər hər bir ölkəyə aid edilə bilər (və tez-tez edilir)".

F) ATƏT/DTİHB-nin hesabatı ilə birbaşa bağlı olmayan şəxsi müşahidələr və qeydlər
23 və 27 sentyabr arasında Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Bakıda yeni sahə tədqiqatı aparmışdır. 24 və 25 sentyabr tarixində Claude Moniquet şəxsən üç müxalifət lideri və namizədi ilə görüşüb: Qüdrət Həsənquliyev, Araz Əlizadə və Cəmil Həsənli. Müzakirələr son dərəcə açıq idi və üç namizədin danışmaqdan qorxmadığını sübut edən ab-havada bütün mövzular səmimi olaraq müzakirə edildi:

1) Q.Həsənquliyev və A.Əlizadə namizədlər arasında gərginliyi və verbal zorakılığı izah etmək üçün ölkədə "ümumilikdə demokratiya mədəniyyətinin olmadığını" qeyd etdilər.
2) İkisi də siyasi həyatın "qütbləşdiyini" etiraf etdilər: "razılaşmalıyıq ki, demokratiyada bütün yaxşı insanlar, yaxşı ideyalar bir tərəfdən və bütün pis insanlar, pis fikirlər digər tərəfdən ola bilməz", - deyə A.Əlizadə qeyd etdi.
3) Həm Q.Həsənquliyev, həm də A.Əlizadə Azərbaycanı diktatorluq [bir çox QHT-nin təsvir etdiyi kimi] və ya senzuranın mövcud olduğu dövlət kimi təsvir etməyin düzgün olmadığını, belə ki, bir çox müxalifət qəzetinin, saytların olduğunu və onların sərbəst şəkildə mövcudluğunu bildirdilər".
4) Müxtəlif cinayətlərdə günahkar bilinən və çox vaxt "siyasi məhbus" kimi təqdim edilən "Xural" qəzetinin baş redaktoru Avaz Zeynallının işi ilə bağlı A.Əlizadə qeyd etdi: "o, vəzifəsindən sadəcə olaraq görkəmli şəxsiyyətləri şantaj etmək və rüşvət almaq üçün istifadə etdi..."
5) Q.Həsənquliyev bizə izah etdi ki, "həyat səviyyəsinin yüksəldiyi və iqtisadiyyatın yaxşılaşdığı üçün əhali yeni ideyalara bir o qədər də maraqlı göstərmir [müxalifət ideyaları]"
6) Q.Həsənquliyev və A.Əlizadə siyasi həyata və partiyalara az maliyyə vəsaitinin icazə verildiyi üçün hökuməti açıq tənqid etdi.
7) A.Əlizadə bizə Prezident İlham Əliyevin beynəlxalq və regional müstəqillik siyasəti ilə razılaşa biləcəyini, lakin daxili siyasəti ilə qəti şəkildə razılaşmadığını bildirdi. Daha dəqiq desək, o, korrupsiyaya və oliqarxiyaya şərait yaratdığı üçün "sistemi" günahlandırdı.
8) Bu tənqidlərə baxmayaraq, A.Əlizadə vurğuladı ki, "onun təşviqat kampaniyasının və söz azadlığının hər hansı yolla məhdudlaşdırıldığından şikayət edə bilməz".
9) Müşahidə etmişik ki A.Əlizadənin Sosial-Demokrat Partiyasının çox az sayda maliyyə və insan resursu var. A.Əlizadə özünü "solçuların yeganə namizədi, təqaüdçülərin və yoxsulların namizədi ..." kimi təsvir etdi.
10) C.Həsənli ilə Müsavat Partiyasında (onun namizədliyini dəstəkləyir) görüşdüyümüz zaman müşahidə etdik ki, bu namizəd (tez-tez əsas müxalifət namizədi kimi təqdim edilir) çox mühüm insan resurslarına malikdir: partiyanın ofisləri gənc və çox fəal aktivistlərlə dolu idi. Onların heç biri qisas üçün narahatlıq doğuracaq qorxu ilə bağlı heç bir işarə göstərmədi.
11) C.Həsənli uzaqdan Prezident İlham Əliyevə, eyni zamanda, digər müxalifət namizədlərinə qarşı ən tənqidçi mövqedə idi. "Dırnaqarası müxalifət namizədlərinin çoxu əsl opponentlər deyil, sadəcə mövqeyimi sarsıtmaq üçün oradadırlar. Onlar hakimiyyətin oyununa tabedirlər və saxta namizəddirlər...", - deyə bildirdi.
12) C.Həsənli "daimi nəzarət və böyük təzyiq altında olduğundan, tez-tez təhqir və təhdid edildiyindən" şikayətləndi. O, "hər an həbs edilə, hətta qətlə yetirilə biləcəyini ..." bildirdi.

Məlumatda vurğulanır: "Qiymətləndirməmizə görə, o sərt tənqidlər Cəmil Həsənlinin tez-tez təkrarladığı kimi Azərbaycanda əsl demokratiyanın olmadığı iddiası ilə uyğun gəlmir.

Digər vacib məqam da odur ki, 6 oktyabrdan 11 oktyabradək Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Azərbaycanda Seçki Müşahidə Missiyasını həyata keçirəcək. Hər birinin müvafiq peşə hazırlığı və əlaqədar təcrübəsi olan doqquz müşahidəçidən ibarət qrup və birbaşa təşkilatımızla bağlı olmayan 7 nəfəri işə cəlb edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti