Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/
Bakı vaxtı ilə saat 12.00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.
Bu da ümumi seçicilərin 36,81 faizidir.
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.