...

ATƏT PA Daimi Komitəsinin iclasında ATƏT DTİHB-nin hesabatı kəskin şəkildə tənqid edilib

Siyasət Materials 13 Oktyabr 2013 21:33 (UTC +04:00)
Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın payız sessiyası öz işinə başlayıb.
ATƏT PA Daimi Komitəsinin iclasında ATƏT DTİHB-nin hesabatı kəskin şəkildə tənqid edilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın payız sessiyası öz işinə başlayıb.

Millət vəkili Elxan Süleymanovun Trend-ə verdiyi məlumata əsasən, sessiyanın ilk iş günündə ATƏT PA-nın Daimi Komitəsinin iclası keçirilib.

Komitə iclasında Azərbaycanda keçirilən Prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazan məruzə ilə çıxış edib.

Vuazan ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu və bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirib.

O, ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını qeyd edərək bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini komitə üzvlərinin diqqətinə çatdırıb.

Vuazan Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük bir addım adlandıraraq seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğulayıb, bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri çıxışı zamanı ATƏT DTİHB-nin oktyabrın 10-da Bakıda verdiyi bəyanatın ilk cümləsində güya həmin bəyanatın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə səyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də öz kəskin etirazını bildirib.

O, qətiyyətlə bəyan edib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak edib və bu bəyanata qarşı etirazını bildirib.

Daimi Komitənin iclasında Vuazan Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib və ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti