Azərbaycan, Bakı, 19 oktyabr / Trend/
Qərəzli mövqelər Azərbaycan həqiqətlərinə kölgə sala bilməyəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Azərbaycan" qəzetində yazısında bildirib.
Avropa ilə Asiyanın həm coğrafi, həm də siyasi-iqtisadi baxımdan qovuşduğu məkanda yerləşən, mühüm geostrateji və geoiqtisadi mövqeyə malik olan Azərbaycan Respublikasının beynəlxalq aləmdə rolu və əhəmiyyəti getdikcə artmaqdadır.
Ölkəmizin regional lider olaraq siyasi və iqtisadi potensialı, inkişaf istiqamətləri və tempi, dövlətçilik prinsipləri, beynəlxalq münasibətlər sistemində yeri, qlobal və regional sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində tutduğu mövqe, onun Avropaya, islam və türk dünyasına inteqrasiya imkanları, ictimai, siyasi və mədəni həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər bu gün təkcə aparıcı dövlətlərin, beynəlxalq qurumların deyil, bir sıra nüfuzlu beyin mərkəzlərinin də tədqiqat və müzakirə mövzularındandır.
98 ölkədən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi seçkilərin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etdi
Təsadüfi deyildir ki, bu il oktyabr ayının 9-da keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində dünyanın bir çox analitik qurumu, ayrı-ayrı siyasi ekspertlər ümumxalq kampaniyasının ehtimal olunan nəticələri və ölkənin gələcək inkişaf istiqamətləri haqqında təhlili materiallarla çıxış etmiş, öz proqnozlarını vermişlər. Maraq doğuran məqamlardan biri də budur ki, onların Azərbaycana, ölkənin gələcək siyasi kursuna dair proqnoz və ehtimallarının böyük hissəsi öz təsdiqini tapmışdır. Əgər bu uğur bir tərəfdən təhlilçilərin peşəkarlığının nəticəsidirsə, digər tərəfdən Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratikləşmə yolunda, xarici və daxili siyasət kursunda tutduğu ardıcıllığın, sabitliyin bariz nümunəsidir.
Azərbaycanın artmaqda olan siyasi-iqtisadi imkanlarını şərtləndirən başlıca amillərdən biri onun heç bir qlobal güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütməsi, dövlətin siyasi iradəsi və xalqla hakimiyyətin sarsılmaz birliyi sayəsində əldə edilən ictimai-siyasi sabitlikdir. O da yaxşı məlumdur ki, Azərbaycan Respublikasının güclənməsi, regional və beynəlxalq səviyyələrdə həlledici söz və qətiyyətli mövqe sahibi olması, xalqımızın maraqlarına cavab verən, dövlət müstəqilliyimizin qorunmasına xidmət edən balanslaşdırılmış siyasət yürütməsi bəzi fövqəldövlətlərin geosiyasi və geoiqtisadi mənafelər çərçivəsinə sığmır və bu səbəbdən ölkəmiz təzyiq cəhdləri ilə də üzləşməkdədir. Lakin müasir Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki köməksiz, zəif, əhalisi ümidsiz, qarşıdurmalara məruz qalan ölkə deyildir. Bu gün Azərbaycanla yüksək tonda, təkəbbürlə danışmaq, onu hansısa şərtlər qarşısında qoymaq mümkün deyildir!
Oktyabr ayının 9-da Azərbaycan xalqı özünün tarixi seçimini etmiş, hazırkı dövlət başçısı İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə respublika prezidenti seçmişdir. Dünyanın 98 ölkəsindən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi, eləcə də Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının və digər qurumların müşahidə missiyaları Azərbaycanda prezident seçkilərinin gedişini və nəticələrini müsbət dəyərləndirmiş, ümumxalq səsverməsinin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etmişlər.
ATƏT-in qurumlarından ikili yanaşma: həm ədalətli münasibət, həm qərəzli mövqe
Məsələn, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyalarının birgə təşkil etdikləri mətbuat konfransında AŞ PA-nın nümayəndə heyətinin rəhbəri Robert Volter aydın şəkildə bildirmişdir: "Biz heç bir ciddi seçki pozuntusu müşahidə etməmişik. Hətta səslərin sayılması zamanı da məntəqələrdə olmuşuq. Gördüyümüz odur ki, İlham Əliyev səs çoxluğu ilə yenidən prezident seçilmişdir".
Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki isə seçki prosesinə münasibətini belə ifadə etmişdir: "Biz Azərbaycana dərs keçməyə, demokratik inkişafın dərinliyini müəyyənləşdirməyə gəlməmişik. Əksinə, demokratiyaya doğru səyləri dəyərləndirmək istəyirik. Biz Azərbaycan xalqını seçki günü dinc seçki kampaniyası keçirməsi münasibəti ilə təbrik edirik. Azad, ədalətli və şəffaf seçki prosesi gedib. Biz seçki məntəqələri ətrafında heç bir hədə-qorxu hallarına rast gəlmədik".
Daha sonra ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da ölkəmizdəki prezident seçkilərini demokratiyaya doğru istiqamətlənən əhəmiyyətli addım olduğunu xüsusi vurğulamışdır.
ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Dorris Barnet də ümumxalq səsverməsinin normal, şəffaf və demokratik prinsiplərə uyğun keçdiyini söyləmişdir.
Lakin gözlənildiyinin əksinə olaraq ATƏT-in digər qurumu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ Dövlət Departamenti tamamilə fərqli, ilk baxışdan "anlaşılmaz rəy" təsiri bağışlayan, əslində isə başqa məqsədlərə xidmət edən ədalətsiz mövqe tutaraq, Azərbaycan xalqının seçiminə açıq hörmətsizliklə yanaşmış, prezident seçkilərinin gedişinə və nəticələrinə münasibətdə qeyri-obyektivlik nümayiş etdirmişlər. Bu tandemin verdiyi bəyanatların təhlili açıq şəkildə göstərdi ki, bir-biri ilə siyasi və maliyyə telləri ilə bağlı olan hər iki təşkilat Azərbaycanda prezident seçkilərində ümidlərini tamamilə fərqli nəticəyə bağlamış, lakin onların proqnozları özünü doğrultmamışdır. Eyni zamanda, həmin qərəzli münasibətin arxasında "siyasi məqsədəuyğunluğun" - geosiyasi məsələlərdə Azərbaycan dövlətinin siyasi iradəsinə təzyiq göstərmək planlarının da dayanması heç kəsdə şübhə doğurmur.
Yəni, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu özünün fəaliyyət prinsiplərini kobud şəkildə pozaraq "inqilab ixracatçısı" kimi mənfi imicini daha da möhkəmləndirmiş, ABŞ Dövlət Departamenti isə "demokratiya", "insan hüquqları və azadlıqları" anlayışlarını siyasi manipulyasiya alətinə çevirməklə öz nüfuzuna ciddi zərbə vurmuşdur. Hədəf isə Azərbaycandakı ictimai-siyasi sabitlik və dövlətin siyasi iradəsi olmuşdur. Odur ki, ölkəmizdə keçirilmiş prezident seçkilərinə münasibətdə ABŞ Dövlət Departamentinin nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının nəticələrinə deyil, bir sıra dövlətlərdə, o cümlədən Rusiyada, Ukraynada, Qırğızıstanda, İrlandiyada vətəndaş qarşıdurmalarını "layihələşdirən" qurum kimi mənfi imic qazanan təsisata - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna istinad etməsi tamamilə başa düşüləndir. Bununla belə, karvan öz yolu ilə getməkdədir...
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi: "Prezident İlham Əliyevin hərtərəfli inkişaf strategiyası parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində onun üstünlüyünü təmin edir"
İndi isə siyasi və siyasiləşdirilmiş mərkəzlərin Azərbaycana münasibətdə ikili standartlara söykənən və məlum məqsədlərə xidmət edən qərəzli fikirlərini bir kənara qoyub dünyanın ciddi, nüfuzlu beyin mərkəzlərinin ölkəmiz haqqında analitik rəyləri və Azərbaycanda prezident seçkiləri haqqında proqnozları ilə tanış olaq. Onu da xüsusi vurğulayım ki, bu materiallar seçkilərdən xeyli əvvəl hazırlanmış və yayılmışdır.
Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının analitik təsisatı olan Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin bu ilin sentyabr ayının əvvəllərində yaydığı analitik hesabatda Azərbaycanın son on il ərzində keçdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişafı əhatəli təhlil olunmuş, ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı proqnoz və dəyərləndirmələr verilmişdir. "Azərbaycanın regional lider kimi yüksəlişi: İnkişaf və davamlılıq" adlanan həmin sənəd müəlliflərinin ümumi qənaətinə əsasən son iyirmi il, xüsusilə, 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə siyasi, iqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar qarşıdakı prezident seçkilərinin mümkün nəticələri barədə şanslı ehtimallar irəli sürməyə imkan verir. Təhlilçilərin proqnozlarına görə "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və gələcəyə hesablanan hərtərəfli inkişaf strategiyası parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində onun üstünlüyünü təmin edir. Bütün bunlara əsaslanaraq, Azərbaycanda qarşıdakı illərdə də mövcud siyasi stabillik və iqtisadi inkişaf xəttinin davam etdiriləcəyini söyləmək olar".
Mərkəz təhlilçilərinin Azərbaycanda prezident seçkilərinə təqribən bir ay qalmış verdikləri bu proqnoz subyektiv fikirlərə deyil, əsas etibarı ilə beynəlxalq qurumların sosial-iqtisadi dəyərləndirmələrinə, beynəlxalq təsisatların analitik materiallarına söykənmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında özünün inkişaf tempinə, rəqabət qabiliyyətinə, yoxsulluğun aradan qaldırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş fəaliyyətinə, ümummilli gəlirin adambaşına düşən payının artımına və digər parametrlərə görə çox irəlidədir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan inkişafı indeksinə əsasən 2005-2011-ci illər ərzində ölkə 25 pillə irəliləyərək, insan inkişafı üzrə yüksək göstəricilərə malik dövlətlər qrupuna qoşulmuşdur. Bundan başqa, Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyəti üzrə 2013-2014-cü illərin reytinqinə əsasən Azərbaycan 39-cu pillədə öz mövqeyini möhkəmləndirmişdir. Hesabatda Azərbaycanın artan beynəlxalq nüfuzuna misal olaraq onun bir çox nüfuzlu təşkilatda təmsil edilməsi, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş ilk post-sovet dövləti kimi tarixə düşməsi də xüsusi vurğulanır.
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi onu da xatırladır ki, 2008-2009-cu illərdə baş vermiş qlobal maliyyə böhranı bir sıra ölkələri ciddi iqtisadi çətinliklər qarşısında qoysa da, Azərbaycan nəinki müsbət iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmiş, üstəlik, həmin mürəkkəb dövrdə yuxarı orta gəlirli ölkələr sırasına qoşulmuşdur. Sənəddə bildirilir: "Ciddi iqtisadi və siyasi böhrana məruz qalan bir sıra post-sovet ölkələri bu çətinlikləri aradan qaldırmaq üçün yenidən Rusiyanın qanadı altına daxil olmaq dilemması ilə üzləşmişlər. Lakin Azərbaycan regional və beynəlxalq səviyyədə davamlı və müstəqil inkişafın uğurlu nümunəsini göstərmiş, regionda öz mövqelərini gücləndirmişdir".
Hesabatda Azərbaycan Respublikasının Neft Strategiyası, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" nəticəsində ölkənin maliyyə imkanlarının sürətlə artmasına, neft gəlirlərinin səmərəli idarə edilməsi məsələsinə də toxunulmuş və bunun sayəsində Azərbaycanın daxili transformasiya dövrünə qədəm qoyması, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, dövlət quruculuğu prosesinin sürətlənməsi, gələcək uğurlu inkişafın möhkəm təməlinin qoyulması qeyd olunmuşdur. Bildirilir ki, ölkədə informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqinə, informasiya cəmiyyətinin formalaşdırılmasına da diqqət artırılmışdır. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan edilmiş, elə həmin il Azərbaycan ilk süni peykini Yer orbitinə çıxarmışdır. O da vurğulanır ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyi sayəsində hazırda Avropa ilə Asiya arasında mühüm nəqliyyat və ticarət dəhlizinə çevrilməkdədir. Bu istiqamətdə bir sıra qlobal əhəmiyyətli layihələr reallaşdırılmış, ölkənin nəqliyyat infrastrukturunun yenidən qurulmasına və inkişafına, eləcə də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə dair uğurlu dövlət siyasəti həyata keçirilmişdir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq dəniz limanının tikintisi və Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanının genişləndirilməsi kimi strateji əhəmiyyətli layihələrin icrası buna bariz nümunələrdəndir.
Litvadakı "Ronald Regan House" Tədqiqat Mərkəzi: "Azərbaycan regionun ən sabit və uğurlu ölkəsinə çevrilib"
Litvadakı "Ronald Regan House" Tədqiqat Mərkəzinin direktoru Yustas Sireykanın "Cənubi Qafqaz 2008-2013-cü illər. Gürcüstan, Ermənistan və Azərbaycanda iqtisadi və siyasi inkişaf" adlı hesabatı bu ilin sentyabr ayında mərkəzin rəsmi veb-səhifəsində yayılaraq mütəxəssislərin ciddi marağına səbəb olmuşdur. Müəllif hər üç Cənubi Qafqaz dövlətində son beş il ərzində iqtisadi, siyasi və sosial vəziyyəti, onların yürütdüyü xarici və daxili siyasəti təhlil prizmasından keçirmiş, bu ölkələrdə cərəyan edən proseslərin regionun ümumi inkişafına, inteqrasiyaya təsiretmə imkanlarını araşdırmış, Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və sosial strategiyanın kreativliyini, real və perspektivliyini, ən nəhayət, davamlı olmasını önə çəkmişdir. Sənədin Azərbaycana dair bölməsində bildirilir ki, "Azərbaycan neft gəlirlərindən səmərəli şəkildə istifadə etməklə iqtisadi inkişafını davam etdirir. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir... Azərbaycan hökumətinin sürətli iqtisadi inkişafı uğurla ölkədə yoxsulluğun azaldılmasına yönəltməsi nəticəsində 2001-ci ildə 49%-ə çatan yoxsulluq səviyyəsi təqribən on il sonra - 2012-ci ildə cəmi 6%-ə enmişdir". Hesabata əsasən, Azərbaycan öz resurslarından düzgün istifadə etməklə müstəqil xarici siyasət yeritməkdədir. Müəllif vurğulayır: "Ölkənin siyasi və iqtisadi strategiyası 1993-cü ildə - Heydər Əliyevin hakimiyyətə gəlişi ilə formalaşmış və hazırda inkişaf etməkdədir. Azərbaycandakı bu il baş tutacaq seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi şübhə doğurmur".
Müəllifin fikrincə, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlişi ilə Rusiya, İran, Türkiyə və ABŞ kimi dövlətlərlə münasibətləri balanslaşdırmağa və ölkənin iqtisadi inkişafını hədəf götürən siyasət həyata keçirilməyə başlamışdır. Uğurlu enerji strategiyası bu siyasətin reallaşdırılmasında mühüm rol oynamışdır. Lakin Gürcüstan və Ermənistanla müqayisədə onun Rusiya ilə münasibətləri kifayət qədər fərqlidir və rəsmi Bakı bu ölkə ilə bərabərtərəfli və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. O da məlumdur ki, rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmuş, Yerevanın işğalçılıq siyasətini dəstəkləməklə yanaşı, bu gün onun təhlükəsizliyinin qarantı rolunu oynamaqdadır.
Yustas Sireyka Cənubi Qafqaz dövlətlərinin iqtisadi durumuna da toxunmuşdur. Ermənistan iqtisadiyyatından bəhs edən "Ermənistan: Borc və pul köçürmələrinə söykənən iqtisadiyyat" başlıqlı bölmədə ölkənin üzləşdiyi sosial-iqtisadi problemləri qabardaraq bildirir ki, yaranmış böhranı xarici borclar hesabına aradan qaldırmaq istəyən Yerevanın bu niyyəti əbəs olmuşdur. Əksinə, gözlənildiyi kimi böyük miqdarda xarici borcların toplanmasına gətirib çıxarmışdır. Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü iddialar və Azərbaycan Respublikası ərazilərini işğal etməsi üzündən iqtisadi təcrid vəziyyətində qaldığını vurğulayan təhlilçi onun bir dövlət olaraq Rusiyanın yardımlarından, işsizlik üzündən miqrasiya etmiş ermənilərin göndərdiyi vəsaitlərdən asılı vəziyyətə düşdüyünü bildirir. 2009-cu ildə baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində ölkənin ümumdaxili məhsulu 14% azalmışdır. Özünütəcrid vəziyyətinə düşən Ermənistan bu gün Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətindədir. Azərbaycana gəldikdə isə "Qərbə istiqamətlənmiş enerji ixrac strategiyası və balanslaşdırılmış xarici siyasət Azərbaycanı regionun ən sabit və uğurlu ölkəsinə çevirmişdir". Y.Sireyka əlavə edir: "Rəsmi Yerevan sülhün əldə edilməsi və Azərbaycan torpaqlarının geri qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Ermənistanın iqtisadi çətinlikləri daha çox siyasi məsələlərin nəticəsidir. Türkiyə və Azərbaycanla münasibətlərini korlayan ölkə iqtisadi təhdidlərə tam açıqdır və Rusiyanın yardımlarına möhtacdır. Azərbaycan isə gələcəkdə də regionun iqtisadi lideri rolunu oynamaqda davam edəcəkdir".
Polşanın Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu: "Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf baş verib"
Polşada yerləşən nüfuzlu Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu Avropa məkanına inteqrasiya prosesi, beynəlxalq əməkdaşlığın inkişafı, vətəndaş cəmiyyəti ideyasının təbliği, iqtisadi tərəqqi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üzrə ixtisaslaşdırılmış ictimai birlikdir. Qurumun direktoru Mateuş Komorovskinin rəhbərlik etdiyi ekspert qrupunun hazırladığı növbəti hesabat da Azərbaycanın son on il ərzində uğurlu inkişaf dinamikasına və ölkədə prezident seçkiləri ərəfəsində yaranmış sosial-iqtisadi vəziyyətə həsr olunmuşdur. Ekspertlərin ümumi qənaətinə əsasən, "mövcud iqtisadi və sosial inkişaf İlham Əliyevin növbəti dəfə dəstəklənməsinə və prezident seçilməsinə imkan yaratmaqla yanaşı, ölkənin inkişaf tempinin davamlılığına təminat verməkdədir".
Sənəddə qeyd olunur ki, 2013-cü ilin oktyabr ayının 18-də Azərbaycan öz müstəqilliyinin 22-ci ildönümünü qeyd edəcəkdir. Ötən iyirmi iki il ərzində ölkə əhəmiyyətli inkişaf yolu keçmiş, iqtisadi və sosial sahədə nailiyyətlər əldə olunmuşdur. Bundan başqa, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin artması onun sosial-iqtisadi inkişafına da əhəmiyyətli təsirini göstərir. Bu ölkə beynəlxalq arenada fəal siyasət aparan dövlətlərdən biridir. Dövlətlər və təşkilatlarla əlaqələrin müxtəlif səviyyələrdə qurulmasını və möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycanın beynəlxalq münasibətlərdə əhəmiyyətini yüksəldən amillər sırasında ölkənin regionda əsas sabitlik elementi rolunu oynaması, müsbət imici, əhəmiyyətli coğrafi mövqeyi, Rusiyanın təsirlərindən asılı olmaması və təbii resurslarla zənginliyi də vardır. Bu ölkə BMT, UNESCO, UNİCEF, ATƏT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər nüfuzlu qurumların üzvüdür. Eyni zamanda, Dünya Ticarət Təşkilatına üzvlük haqqında danışıqlar aparır və Avropa Birliyi ilə hərtərəfli əlaqələr qurur.
Azərbaycanda həyata keçirilən islahatların sosial istiqamətindən bəhs edən Mateuş Komorovski vurğulayır ki, ölkədə vətəndaşlara xidmətin səviyyəsini yüksəltmək istiqamətində atılan önəmli addımlardan biri də 2012-ci ildə ölkə prezidentinin dəstəyi ilə ASAN Xidmət Mərkəzinin yaradılması olmuşdur. Belə ki "Mərkəzin əsas vəzifəsi Azərbaycan vətəndaşlarının və ölkədəki sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsidir. Bu təşəbbüs xüsusi innovasiya xarakterlidir və digər ölkələr üçün də yaxşı nümunə ola bilər. Qurum vətəndaşlara şirkətlərin yaradılması, professional resurslardan istifadə, əhaliyə göstərilən sosial və iqtisadi dəstək barədə məlumat almaq üçün səmərəli vasitə rolunu oynayır".
Sənəddə o da bildirilir ki, Azərbaycan iqtisadiyyatı təbii resurslardan düzgün istifadəyə əsaslanır və Azərbaycanın ümumi neft ehtiyatı təqribən 1,6-1,9 milyard tona bərabərdir. Bu isə neft sektorunu ölkə iqtisadiyyatının dominant sahəsinə çevirmişdir. 2004-cü ildə qəbul edilmiş Neft və qaz gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya ölkədə xam neft və təbii qazın satışından əldə edilən vəsaitin düzgün istifadəsini təmin edən əsas sənəddir. Strategiyaya əsasən əldə edilən gəlirlər ölkədə infrastrukturun hərtərəfli inkişaf etdirilməsinə, regionların inkişafına və ölkədə yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi islahat proqramlarının reallaşdırılması da təbii sərvətlərin istismarından əldə edilən gəlirlərə əsaslanır. Hesabatda bildirilir ki, "Son on il ərzində əhalinin sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi doqquz dəfə artmış, təhsil, idman, tibb və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr dəfələrlə çoxalmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Sosial və iqtisadi islahatlar nəticəsində 2003-cü ildən sonra Azərbaycandakı makroiqtisadi vəziyyət daha da yaxşılaşmışdır. Ölkənin əsas iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, ötən müddət ərzində Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf baş vermişdir".
Polşalı ekspertlər Azərbaycandakı sosial-iqtisadi inkişafı təhlil edərkən 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının üstün cəhətlərini xüsusi vurğulamışlar. Onların fikrincə, bu və digər proqramlar bir sıra dövlətlərin analoji sənədlərindən fərqlənir və üstündür. Azərbaycanın bu sahədə yürütdüyü siyasət islahat paketlərinin sinxronlaşdırılması prosesi ilə seçilir. Bundan başqa, "İstənilən iqtisadi qanunvericilik aktının həyata keçirilməsi zamanı yerli amillər, xarici dövlətlərin müvafiq təcrübəsi nəzərə alınır və bu da Azərbaycanın müasir siyasi modelinin mühüm xüsusiyyətidir".
Ukraynanın Vətəndaş Cəmiyyəti Problemləri üzrə Araşdırmalar Mərkəzi: "Ölkə vətəndaşları İlham Əliyevə alternativ görmürlər"
MDB məkanında olan digər siyasi-iqtisadi təhlil qurumu - Ukraynanın Vətəndaş Cəmiyyəti Problemləri üzrə Araşdırmalar Mərkəzi yerli Tətbiqi Siyasət İnstitutu ilə birlikdə Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri və Azərbaycandakı seçkiqabağı vəziyyət haqqında hesabatlarını hazırlamışdır. Sentyabr ayının sonunda mərkəzin internet səhifəsində açıqlanan "Azərbaycan: sistemli modernləşdirmə və siyasi seçim" və Cənub Qafqaz dövlətlərindəki iqtisadi-siyasi vəziyyətdən bəhs edən "Demokratik tranzit: Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri" adlı hesabatların ayrı-ayrı məqamları oxucularda maraq doğurmaya bilməz.
Məsələn, birinci sənəddə qeyd edilir ki, "Azərbaycan növbəti prezident seçkiləri dövrünə qədəm qoyur. 2003-cü və 2008-ci illər prezident seçkilərindən fərqli olaraq, bu seçkilər ölkənin transformasiyasını müəyyən edir. Azərbaycanda demokratik inkişafın yeni mərhələsi başlayır və siyasi sistemin təkamülü ölkənin qarşısında duran çağırışlara adekvat cavabıdır. Azərbaycandakı iqtisadi və siyasi modernləşdirmə təcrübəsinin unikallığı ondan ibarətdir ki, qonşularından fərqli olaraq, bu ölkə qısa müddət ərzində sürətli iqtisadi inkişafa, əhalinin gəlirləri və həyat səviyyəsinə görə regional liderə çevrilməsinə imkan verən model yarada bilmişdir".
Hesabatda deyilir ki, ölkədə siyasi və iqtisadi islahatlara Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış, İlham Əliyev prezident olaraq onları uğurla davam etdirmişdir. Beləliklə, mövcud siyasi strategiyanın davamlılığı təmin olunmuşdur. Azərbaycan öz qonşularından daha əvvəl hüquqi sisteminin modernləşdirilməsinə başlamış, demokratik hüquq və azadlıqların genişləndirilməsi üçün qanunvericilik bazası yaratmışdır. Sürətli iqtisadi inkişaf Azərbaycanın iqtisadi modelinin daha da təkmilləşdirilməsində təməl rolunu oynamışdır. Onun əsas prinsipləri isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Buraya ölkənin neft-qaz sektorunun rəqabət qabiliyyətinin saxlanılması və daha da inkişaf etdirilməsi, "Yeni sənayeləşmə" prosesi və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə sahəsində islahatların davam etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun dövlət tərəfindən dəstəklənməsi, xarici sərmayələr üçün "açıq qapı" siyasətinin tətbiqi, insan kapitalının gücləndirilməsi və s. vəzifələr daxildir.
Ekspertlərin rəyinə əsasən, İlham Əliyevin ötən prezidentlik dövrü iqtisadi yüksəliş mərhələsi kimi yadda qalmışdır. Seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının böyük hissəsi qarşıdakı prezident seçkilərində onun namizədliyini dəstəkləyəcəkdir. Digər tərəfdən, Azərbaycanda müxalifət parçalanmış vəziyyətdədir. Müxalifət partiyaları nəinki indiyədək prezident seçkilərində real vahid namizədlə çıxış edə bilməmiş, hətta parlament seçkilərində də bir-birinə qarşı mübarizə aparmalı olmuşlar: "Müxalifət düşərgəsi yaxşı dərk edir ki, onun zəifliyi ilk növbədə siyasi liderlərinin "köhnəlməsində" və partiya funksionerləri sırasında yeni simaların yetişməməsindədir. Yeni siyasi kadrların cəlb edilməsi isə təkcə müxalifət partiyalarının hazırkı siyasi sistemdə rolunun azalmasına görə deyil, həm də bu, onların liderlərinin iddialarının parçalanmaya səbəb olması üzündən xeyli çətinləşir. Azərbaycan müxalifətinin kiçik partiyalara bölünməsi partiya liderlərinin siyasi sistemdə öz rollarını real mövqedən yüksək görmələrinin nəticəsidir".
Azərbaycanda seçkiqabağı vəziyyəti təhlil edən ukraynalı mütəxəssislər prezident seçkilərində İlham Əliyevin qələbəsinə əmindirlər. Qeyd edirlər ki, "İlham Əliyev sosial-iqtisadi sahədə bir sıra innovativ proqramlara müəlliflik etmiş və ölkənin modernləşdirilməsi məqsədilə yeni qaydalar tətbiq etməklə müxalifətin təşəbbüslərini qabaqlamışdır. Müxalifət isə prezidentin irəli sürdüyü proqramlardan daim geridə qalmış və bu, onların manevr imkanlarını azaltmışdır". Ekspertlər hesab edirlər ki, qarşıdakı prezident seçkilərində İlham Əliyevin labüd qələbəsi təkcə müxalifət sıralarında ciddi dəyişikliklərə səbəb olmayacaqdır. Eyni zamanda, yeni iqtisadi və siyasi islahatların başlanmasına təkan verən prezident komandasının yenilənməsi ilə nəticələnəcəkdir. Hesabatda o da deyilir ki, İlham Əliyevin üçüncü müddətə namizədliyinin irəli sürülməsinə baxmayaraq, Azərbaycanda "seçici yorğunluğu" hiss olunmur və ölkə vətəndaşları indiki dövlət başçısına alternativ görmürlər. Hətta onun opponentləri də bu faktı etiraf etmək məcburiyyətindədirlər.
Regional siyasi-iqtisadi vəziyyətin təhlili baxımından qardaş Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) "Azərbaycanda prezident seçkiləri: gözləntilər və reallıqlar" mövzusunda professor Nəsrin Sarıəhmədoğlunun hazırladığı hesabat da mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycanda prezident seçkiləri ərəfəsində ORSAM-ın internet səhifəsində yayılan materialda iqtidar partiyasının və müxalif düşərgənin məram və seçki strategiyaları təhlil olunmuş, prezident seçkilərinin mümkün nəticələri barədə proqnozlar verilmiş, həmin ümumxalq aksiyası ərəfəsində Azərbaycanın əsas xarici güc mərkəzləri ilə əlaqələrindən bəhs edilmişdir.
Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzi: "Azərbaycandakı real siyasətdə müxalifət yoxdur"
Azərbaycanın regionda əsas söz sahibi olmasına, qlobal güclərlə münasibətlərinə toxunan N.Sarıəhmədoğlu İlham Əliyevin prezidentliyi dövründə balanslaşdırılmış siyasətin Azərbaycanın xarici siyasətində aparıcı prinsiplərindən biri olduğunu qeyd edir. Vurğulanır ki, bu dövrdə Türkiyə-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, hər iki ölkə strateji əhəmiyyət daşıyan məsələlərdə bir-birini daim dəstəkləmişlər. Hesabatda qeyd edilir ki, prezident seçkiləri yaxınlaşdıqca, ölkənin siyasi həyatında xüsusi fəallıq müşahidə edilməkdədir. Seçkidə iştirak edən siyasi qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə həyata keçirəcəkləri dəyişikliklər barədə proqramlarını açıqlayır və vədlər verirlər. Məsələn, "Yeni Azərbaycan Partiyasından olan namizəd hazırkı dövlət başçısı İlham Əliyev seçkilərə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə gedir. İqtidar qarşıdakı illər ərzində sürətli iqtisadi inkişafın davam etdiriləcəyini, ümumdaxili məhsulun bir neçə dəfə artacağını və adambaşına düşən milli gəlirin on min ABŞ dolları həddini keçəcəyini vəd edir. Əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasında fərqlərin azaldılacağı, iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf etdiriləcəyi qeyd edilir".
Sənəddə göstərilir ki, müxalifət düşərgəsinin seçkilərdə öz namizədini irəli sürməsi kifayət qədər problemli olay kimi yadda qalmışdır. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası "İctimai Palata" adlandırılan təşkilat ətrafında birləşsələr də, vahid namizədin irəli sürülməsi məsələsində onlar arasında ciddi narazılıq yaranmışdır. Eldar Namazov müxalifət düşərgəsini "EL" hərəkatında birləşdirməyə çalışsa da, məhz Müsavat Partiyasının və AXCP-nin sərt müqaviməti nəticəsində buna nail ola bilməmişdir. Daha sonra növbəti birlik modeli kimi meydana çıxmış "Milli Şura"nın Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsinə baxmayaraq, Müsavat Partiyası onu və E.Namazovu kəskin şəkildə tənqid atəşinə tutmuş, üstəlik, AXCP-ni və onun lideri Əli Kərimlini "saxta müxalifətçilikdə" ittiham etmişdir.
Sonradan R.İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşı olması, Azərbaycana dönmək istəməməsi və Dağlıq Qarabağla bağlı anlaşılmaz bəyanatlar verməsi birmənalı qarşılanmamış, ona ictimaiyyət arasında "milli maraqlardan uzaq düşmüş namizəd" imici qazandırmış, son nəticədə müxalifət arasında növbəti fikir ayrılığı yaratmışdır. Daha sonra kompromis variant olaraq Cəmil Həsənlinin namizədliyi "Milli Şura"da təsdiqlənmişdir. Beləliklə, müxalifət düşərgəsinin qarşılıqlı narazılıqlarını və ittihamlarını nəzərə alan müəllif "İctimai Palata"nı fəaliyyətsiz quruma çevirən Müsavat-AXCP qarşıdurmasını "Milli Şura"nın da dağılmasına aparan yol kimi dəyərləndirmişdir.
Belə ki, Nəsrin Sarıəhmədoğlu sənədin "Müxalifət və iqtidar arasındakı qüvvələr balansı və gələcək beş il" adlanan bölməsində Azərbaycan müxalifətinin daxilində gedən prosesləri onun geriləmə səbəblərini ətraflı təhlil etməklə yanaşı, qarşıdakı prezident seçkilərində onların qələbə şanslarının son dərəcə aşağı olmasını bildirmişdir. Qeyd edir ki, bu gün müxalifət düşərgəsini təmsil edən hər hansı bir partiyanın təkbaşına hakimiyyətə gəlmək potensialı yoxdur və ötən iyirmi il ərzində birləşmək və güc toplamaq istiqamətində nəzərə çarpan fəaliyyətləri də olmamışdı: "Uzun illərdir ki, müxalifətin öndə gedən rəhbərləri - İsa Qəmbər və Əli Kərimli arasındakı fikir ayrılıqları "Milli Şura"nın nüfuzunu aşağı salmaqdadır".
Hesabatın "Seçkinin faqositi İlham Əliyevdir" başlıqlı hissəsində seçkilər ərəfəsində keçirilmiş rəy sorğularının nəticələrini təhlil edən N.Sarıəhmədoğlu hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə ən şanslı namizəd olduğunu diqqətə çatdırır: "İlham Əliyevin xalqın geniş dəstəyini qazandığı bir dövrdə "Milli Şura"da baş verməkdə olan proseslər müxalifət daxilində ciddi anlaşılmazlıqlar olduğunu göstərir. Bu, hər şeydən əvvəl, ideoloji anlaşılmazlıqdan, çoxlu maraqların toqquşmasından, müxalifətin xalq arasında dəstəyinin olmamasından irəli gəlir. Siyasətin ictimai düşüncəyə təsir etmək, insanların etibarını və dəstəyini qazanmaq olduğunu nəzərə alsaq, Azərbaycandakı real siyasətdə müxalifət yoxdur".
Vaşinqtondakı "İkinci müdafiə xətti" Araşdırma Mərkəzi:"Azərbaycan digər müsəlman ölkələri üçün örnəkdir"
Vaşinqtondakı Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzi dünyanın aparıcı beyin mərkəzlərindən biri kimi tanınmaqdadır. İnstitutun direktoru Riçard Veytsin "Azərbaycanın regional rolu. İran və digər bölgələr" mövzusunda apardığı hesabat xarakterli tədqiqatların nəticələri bu ilin ortalarında beynəlxalq hərbi təhlükəsizlik üzrə ixtisaslaşdırılmış "İkinci müdafiə xətti" Araşdırma Mərkəzi tərəfindən yayılmışdır.
R.Veyts hesabatında qeyd edir ki, SSRİ-nin süqutundan az sonra ABŞ-ın yaxın müttəfiqlərindən olan Azərbaycan Respublikasının geosiyasi əhəmiyyəti artmış, bu ölkə digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinin uğurlu həlli nümunəsi kimi mühüm rol oynamaqdadır. Belə ki, "Özünün dünyəvi siyasəti və müxtəlif dinlərə və xalqlara pozitiv münasibəti ilə seçilən Azərbaycan olduqca səmərəli "yumşaq güc" imkanlarına yiyələnmiş, onun təcrübəsi isə digər müsəlman ölkələri üçün örnək olmuşdur".
Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı rola toxunan müəllif bu ölkənin dünyəvi dövlət prinsiplərinə sadiq qalmasını təqdir edərək ölkədə bütün dini icmaların azad şəkildə öz ibadətləri üçün hərtərəfli şəraitin yaradılmasını xüsusi qeyd edir: "Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşamış və onlara qarşı münasibət daim fundamental bəşəri prinsiplərə və mənəvi-əxlaqi dəyərlərə əsaslanmışdır".
R.Veyts onu da vurğulayır ki, Azərbaycan qonşu İran dövləti ilə tarixi və mədəni əlaqələrə malik olsa da, rəsmi Bakı Tehranla normal münasibətlərin formalaşması üçün səylər göstərsə də, İİR bu ölkənin milli və dünyəvi siyasətinə mənfi münasibətini gizlətmir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İran normal olaraq özünün müsəlman qonşusuna deyil, məhz xristian Ermənistanına güclü dəstək vermişdir. Təhlilçi qeyd edir ki, Azərbaycan ABŞ-ın enerji strategiyasında və geosiyasi maraqlarında mühüm rol oynamaqdadır. Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına çıxarılması zamanı alternativ marşrut ölkəsi olan Azərbaycan enerji bazarlarında Rusiya və İran kimi ölkələrin öz ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə imkanlarını xeyli azaldır. Bundan əlavə, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən strateji məqsədlər naminə məharətlə istifadə edərək, bir sıra qlobal layihələrin təşəbbüsçüsü və icraçısı olmuş, Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə bağlayan məkana çevrilmişdir. Azərbaycan bu nailiyyətlərə özünün xüsusi düşünülmüş və praqmatik siyasəti sayəsində nail olmuşdur. Maraqlı məqamlardan biri də budur ki, R.Veyts Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını pisləməklə yanaşı, ABŞ rəhbərliyinə Azərbaycanla bağlı siyasətində qəti mövqe tutmağı və ona dəstək verməyi tövsiyə etmişdir.
Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi: "Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətidir"
Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi də Cənubi Qafqaz dövlətlərinin son on ildə keçdiyi inkişaf yolundan bəhs edən hesabat hazırlamışdır. Mərkəzin eksperti, politoloq Mattias Dornfeldin Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən təhlili materialı bu il oktyabr ayının 2-də Almaniyanın nüfuzlu "Qlobal Diplomatiya" analitik portalında yayılmışdır.
M.Dornfeld vurğulayır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisinin və ona bitişik rayonların Ermənistan tərəfindən zəbt edilməsi nəticəsində işğalçı dövlət regional layihələrdən və inteqrasiya prosesindən kənarda qalmış, Cənubi Qafqazın ən kasıb ölkəsinə çevrilmişdir. Azərbaycana gəldikdə isə "Bu ölkə zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası, hökumətin planlı şəkildə həyata keçirdiyi iqtisadi islahatlar sayəsində regionun ən güclü və inkişaf etmiş dövləti olmuşdur. Halbuki SSRİ-nin süqutundan sonra ölkə daxilində baş vermiş siyasi böhran və Dağlıq Qarabağ ətrafında müharibə ilk vaxtlar Azərbaycanı Cənubi Qafqazın ən geridə qalan ölkəsinə çevirmişdir".
Müəllif sonra əlavə edir ki, Prezident İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı maraqlarını Azərbaycanın mənafelərinin təminatına yönəltməyi bacarmış, ölkənin beynəlxalq əlaqələrini, enerji ixracı və nəqliyyat şəbəkəsini inkişaf etdirmiş və bununla da Rusiyanın bu sahədə inhisarçılığına son qoymuşdur. TAP və TANAP kimi layihələrin də reallaşdırılmasından sonra ilk dəfə olaraq Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxarılacaqdır. Eyni zamanda, ölkənin güclü iqtisadi təməli siyasi stabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirməkdədir. Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə Azərbaycan regional iqtisadi mərkəzdir. Bu ölkə Gürcüstana ən çox kredit ayıran və investisiya qoyan dövlətdir. Belə ki, Azərbaycanın Gürcüstana qoyduğu yatırım bütövlükdə üç milyard ABŞ dolları təşkil edir.
M.Dornfeld yazır: "Azərbaycan öz gələcəyini Gömrük İttifaqına və yaranmaqda olan Avrasiya İttifaqına bağlamır. Avropa İttifaqı perspektivi də onun üçün cəlbedici görünmür. Ermənistan və Gürcüstandan fərqli olaraq, öz təbii ehtiyatlarına güvənən Azərbaycan Brüsseldən gələn maliyyə transferindən də qətiyyən asılı deyildir". Berlinli ekspertin hesabatında Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin son on ildə davamlı səkildə inkişaf etdiyi və alman şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti də vurğulanmışdır.
İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu: "İlham Əliyevin qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu vəziyyət qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaqdır"
Cənubi Qafqazda son on il ərzində baş vermiş proseslər İtaliyanın ən nüfuzlu beyin mərkəzi sayılan Milan şəhərindəki Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun da diqqətindən kənarda qalmamışdır. İnstitutun sentyabr ayında yaydığı "Hərəkətdə olan on il. Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatda ötən müddət ərzində Azərbaycan, Ermənistan və Gürcüstanda son on ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyəti təhlil olunmuş, regional təhlükəsizliyə qarşı yönəldilən təhdidlər araşdırılmış və qarşıdakı onillik üçün proqnozlar verilmişdir.
İnstitutun eksperti Matteo Verdanın hazırladığı sənədə əsasən, son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir. Münaqişə iştirakçısı olan tərəflərin arasında vasitəçilik etmək üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmış, lakin bu təşkilatın fəaliyyəti səmərəsiz olmuşdur. Mövcud status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid olunsa da, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlər status-kvonun dəyişdirilməsi istiqamətində siyasi iradə nümayiş etdirə bilməmişlər. O da qeyd olunur ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan yeganə Cənubi Qafqaz dövləti kimi Rusiyanın regionda təsir imkanlarının qorunub saxlanmasında önəmli rol oynamaqdadır. Onun Rusiya tərəfindən dəstəklənməsi və bu ölkənin hərbi bazasına ev sahibliyi etməsi hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistana yardımçı olsa da, bu ölkənin müstəqilliyini kəskin şəkildə məhdudlaşdırmışdır. Ermənistan hökuməti, əslində, bütün önəmli xarici siyasət və təhlükəsizlik sahəsindəki qərarlarını rəsmi Moskva ilə razılaşdırmalıdır. Bu isə iki dövlət arasında qeyri-bərabər münasibətlərin mahiyyətini ortaya qoyur".
Ekspert vurğulayır ki, əvvəlki dövrlərdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həllinin uzanması Azərbaycanı öz hərbi qüdrətini artırmağa vadar etmiş, hərbi məqsədlərə ümumilikdə 15 milyard ABŞ dollarından çox vəsait xərcləmişdir. Belə ki, 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çox olmuşdur. İtaliyalı təhlilçi Ermənistanın çətin iqtisadi vəziyyəti və regional izolyasiyada qalması onun Rusiya ilə xüsusi münasibətlərə həddindən artıq önəm verməsinə gətirib çıxarmışdır. Belə ki, Rusiyada iqtisadi çətinliklərin yaranacağı təqdirdə, Ermənistanın çox çətin vəziyyətə düşəcəyi labüddür. Matteo Verda bildirir: "Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım sürətinə nail olubsa, Gürcüstan və Ermənistanda bu proses çox zəif getmişdir. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da, Azərbaycan pozitiv inkişaf tempini qoruyub saxlamışdır".
Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun eksperti 2013-cü ilin hər üç Cənubi Qafqaz ölkəsində seçki ili olduğu üçün xüsusi önəm daşıdığını da vurğulamışdır. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən Matteo Verda səsvermənin mümkün nəticələrinə toxunaraq bu qənaətə gəlmişdir: "Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qələbə qazanması ehtimalı çox yüksəkdir. İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu vəziyyət qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaqdır".
İtaliyalı mütəxəssis prezident seçkilərindən sonra Cənubi Qafqazda ən mürəkkəb vəziyyətin Ermənistanda yaranacağını proqnozlaşdırır. O, ağır iqtisadi və maliyyə böhranının Dağlıq Qarabağ ətrafında münaqişənin Ermənistan üçün yaratdığı çətinliklərin ölkənin siyasi sisteminə ciddi mənfi təsirlər göstərəcəyinə əmindir.
Bununla belə, son on il Azərbaycanda daxili proseslərdə sabitliyin əldə olunması və sürətli inkişaf mərhələləri ilə yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuş, dövlət quruculuğu prosesinə başlamışdır. Daha sonra İlham Əliyev prezident seçkilərində qələbə qazanmışdır. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə bilməmiş və Yeni Azərbaycan Partiyasına ciddi rəqib olmamışlar: "Müxalifət partiyalarının marginallaşması davam etmiş, parçalanaraq daha çox bir-birilərinə qarşı mübarizə aparmaqla məşğul olmuşdurlar. Müxalifətin 2013-cü il prezident seçkilərində ilk namizədi olmuş Rüstəm İbrahimbəyov ikili vətəndaşlığına görə prosesdə iştirak edə bilməmiş, onu əvəzləyən Cəmil Həsənlinin isə yuxarıda sadalanan səbəblər üzündən qalib gəlmək şansı yoxdur".
Ekspert İlham Əliyevin qələbə şanslarını Azərbaycanda sosial, iqtisadiyyat sahələrində aparılmış uğurlu islahatlar, ölkənin sürətli inkişaf tempi və cəmiyyət arasında artan şəxsi nüfuzu ilə əlaqələndirir.
2013-cü il oktyabr ayının 2-də Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin nəzdində fəaliyyət göstərən Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tseretelinin yaydığı "Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik naminə əməkdaşlıq" adlı hesabatı da regional siyasi, iqtisadi proseslərin təhlili baxımından maraq doğurur. Həmin hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək yolu Araşdırmaları Proqramının dəstəyi ilə hazırlanmışdır.
Sənəddə bildirilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan təkcə ortaq sərhədlərə deyil, həmçinin birgəyaşayış ənənələrinə də malikdirlər. Regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid isə Ermənistan və Azərbaycan arasında həll edilməmiş hərbi münaqişədir. Regiondakı üç separatçı bölgə - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ rejiminin əraziləri BMT və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycan və Gürcüstanın ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində Rusiya qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində Rusiya hərbi bazalarına yer vermiş və bu amildən öz təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi istifadə etməyə çalışır. Ermənistan silahlı birləşmələri hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlayırlar. Qərbmeyilli siyasət yeridən Gürcüstan və Azərbaycan, o cümlədən Moldova mərkəzi hakimiyyətə tabe olmayan bölgələrə malik olduqları halda, Rusiyameyilli siyasət yürüdən Ermənistanın belə problemləri yoxdur.
Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd fəal şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın, tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır: "Azərbaycan özünün zəngin hidrokarbon ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atmışdır. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilmiş və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaqdır. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan vermişdir".
Hesabatda qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında fəal ikitərəfli münasibətlər qurulmuş, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilə imzalanmış, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılmışdır. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər - Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gəlmişlər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə sövq edən ən mühüm amil idi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ekspert bildirir ki, məhz Rusiyanın birbaşa siyasi və hərbi yardımı ilə Ermənistan Azərbaycanla münaqişədə hərbi uğurlar əldə etmişdir. Müəllifə görə, Minsk qrupu çərçivəsində bütün fəaliyyətlərə baxmayaraq, Rusiya, əslində, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyildir. Belə ki, bu münaqişə Rusiya üçün bölgədə özünün hərbi, siyasi və iqtisadi varlığının davam etdirilməsi üçün vasitədir. 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Azərbaycan Rusiya ilə açıq qarşıdurmalardan yayınaraq diqqətini və resurslarını iqtisadi inkişafa yönəltmişdir. Zaman göstərdi ki, bu, çox düzgün və praqmatik siyasət idi.