...

Braziliya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Siyasət Materials 23 Oktyabr 2013 04:13 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə Rio-de-Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş "Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər" adlı konfrans keçirilib.
Braziliya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə Rio-de-Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş "Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər" adlı konfrans keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 20 ildə Azərbaycan-Braziliya münasibətlərində siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. O, son zamanlar ikitərəfli təmaslarda müşahidə olunan dinamikanı vurğulayaraq hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Sonra Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Vüsal Qasımlı "Azərbaycan: inkişaf edən iqtisadi güc" adlı təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irihəcmli layihələrlə bağlı ətraflı danışıb.

Daha sonra universitetin Beynəlxalq münasibətlər fakültəsinin professoru Aleksand Jebit çıxış edib, Braziliya-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu bildirib və bu kimi tədbirlərin müntəzəm təşkil olunmasının vacibliyini vurğulayıb.

Sonda Rio-de-Janeyro Federal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Paulo Henrike də çıxış edərək bu yaxınlarda Braziliyada Azərbaycanın bu ölkədəki səfirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı inşa müsabiqəsinin uğurlu nəticələrindən söz açıb və baş tutmuş bu kimi digər layihələrdən danışıb.

Qeyd edək ki, tədbirdə müəllim və tələbə heyəti, o cümlədən Braziliya Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Tədbir sonunda iştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını və digər sahələri əks etdirən materiallar paylanılıb.

Xəbər lenti

Xəbər lenti