Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Əliyev/
Rusiya üçün millətlərarası barışıq vacibdir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Onun sözlərinə görə, Rusiyanın heç bir şübhəsi yoxdur ki, RF-Azərbaycan münasibətləri ölkənin xarici siyasətinin prioritetlərindən biridir: "Rusiya-Azərbaycan və iki ölkə xalqının əlaqələri hər hansı kriminal insidentlərlə əlaqədar yarana biləcək məqamlardan asılı deyil. Rusiyada xeyli sayda azərbaycanlı yaşayır, Azərbaycanda da yaşayan rusların sayı çoxdur. Bizim üçün millətlərarası barışıq önəmlidir".
M.Şvıdkoy bildirib: "Bizim üçün çox vacibdir ki, iki ölkə və xalqları arasında millətlərarası münasibətlər mütləq davamlı və sabit xarakter daşıyır. Bu, Azərbaycan üçün də vacibdir. Biz bir-birimizdən asılıyıq, azərbaycanlıların Rusiyada necə yaşaması rusların Azərbaycanda necə yaşamasında əks olunur. Rusiyada Azərbaycan əleyhinə və ya əksinə, Azərbaycanda Rusiya əleyhinə əhval-ruhiyyəni qızışdırmaq ağılsızlıq olardı".
Qeyd edək ki, M.Şvıdkoy bu gün öz işinə başlayan III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edir.