Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir V.Javoronkova/
III Bakı Beynəlxalq Humanitar Forumu göstərdi ki, bu çox əhəmiyyətli və vacib beynəlxalq tədbirdir, siyasətlərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşdükləri beynəlxalq intellektual cəmiyyətin meydançasıdır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
"Dünyada belə meydança tapmaq çətindir. Çoxlu sayda qonaqların gəlməsi isə müasir varlığın ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemlərini müzakirə etməyə ehtiyacın olduğunu göstərir".
Mixail Şvıdkoy cümə axşamı öz işinə başlayan III Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak edir.
Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.