...

Ankara-Moskva münasibətləri: ortaq iqtisadiyyat, fərqli siyasət

Siyasət Materials 22 Noyabr 2013 17:15 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri çərçivəsində keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasının gündəliyində əsas müzakirə mövzularından biri də iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu.
Ankara-Moskva münasibətləri: ortaq iqtisadiyyat, fərqli siyasət

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri çərçivəsində keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasının gündəliyində əsas müzakirə mövzularından biri də iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu.

R.T.Ərdoğanın Rusiya səfəri zamanı beş müxtəlif saziş və əməkdaşlıq haqqında memorandum da imzalandı.

Əslində Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələr istənilən səviyyədə olmasa da, bu əlaqələrin tarixinə nəzər salsaq, iqtisadi münasibətlərin hazırda əvvəlkindən daha yaxşı olduğunu görə bilərik.

2013-cü ilin rəsmi statistikalarına əsasən, hazırda Türkiyənin tikinti şirkətləri Rusiyanın müxtəlif bölgələrində 33 layihə reallaşdırır ki, bu layihələrin də ümumi dəyəri 2 milyard 233 milyon dollar həcmindədir. 2012-ci ildə isə 64 layihənin ümumi dəyəri 2 milyard 914 milyon dollar dəyərində olub.

Digər tərəfdən, Türkiyə Statistika İnstitutunun (TÜİK) 2012-ci il üzrə hesabatına əsasən, Rusiya Türkiyəyə 26 milyard 625 milyon 286 min dollar dəyərində idxalat həyata keçirməklə bu göstərici üzrə birinci yerdədir.

TÜİK-in həmin il üzrə statistikalarına əsasən, Türkiyənin Rusiyaya ixracatı 6 milyard 680 milyon 777 min dollar təşkil edib.

Ölkə rəsmiləri keçirdikləri görüş zamanı qarşılıqlı ticarət dövriyyəsinin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılacağını bildirdilər.

Həmçinin, Baş nazir Rusiyanın Türkiyə üçün iqtisadi sahədə bir nömrəli tərəfdaş olduğunu açıqladı.

Təbii ki, hər iki ölkənin iqtisadi potensialı və rəsmi Ankaranın son illər ölkə iqtisadiyyatının inkişafı üçün səyləri nəzər alınsa, bu əlaqələrin bundan sonra da güclənəcəyini söyləmək olar.

Tərəflər bir çox iqtisadi məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyət, Suriya böhranının həlli, Misirdə hərbi çevrilişdən sonra siyasi vəziyyəti və təbii ki, Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər.

Lakin Ankara ilə Moskvanın iqtisadi müstəvidə yaxınlaşması heç də siyasi sahədə maraqların üst-üstə düşəcəyi anlamına gəlmir. Əsas fikir ayrılığının isə Suriya böhranının həllində olduğunu əminliklə söyləmək olar. Hətta Rusiya Prezidenti Vladimir Putin R.T.Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında tərəflərin Suriya məsələsində fərqli mövqelərdə olduğunu təsdiqlədi.

Suriya məsələsində tərəflərin fərqli mövqedə olması əslində normaldır, ən azından ona görə ki, Ankara ilə Moskva münaqişəyə və həll prinsiplərinə fərqli prizmadan yanaşırlar. Lakin tam əminliklə söyləmək olar ki, rəsmi Ankara Suriyaya yönəlmiş siyasətində ciddi uğur əldə edə bilmədi.

Rusiya isə əksinə, Suriya Prezidenti Bəşşar Əsədə dəstək verərək Ankaranın tənqid siyasətini arxa plana keçirtməklə yanaşı, Türkiyənin Misirə yönəlmiş siyasətini də üstələdi.

Rusiyanın son zamanlar Misirə münasibətdə yürütdüyü siyasəti sadəcə yaxınlaşma siyasəti kimi dəyərləndirmək bir o qədər də doğru olmazdı. Əslində bu siyasət ərəb dünyasında siyasi İslamın ("Müsəlman Qardaşlar" təşkilatının hakimiyyətinin devrilməsi) iflasından sonra Türkiyənin simasında regionda güclənəcək "neoosmanizm"in qarşısını almaq üçün atılan addımdır.

V.Putinlə R.T.Ərdoğanın Rusiyada keçirilən görüşünün nəticəsi olaraq demək olar ki, iki ölkə arasında iqtisadi sahədə əlaqələrin güclənməsinə baxmayaraq, yaxın günlərdə ortaq siyasətin olacağı qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti