...

Avropa komissarı: Viza rejiminin sadələşdirilməsi üzrə sazişin imzalanması Aİ-nin Azərbaycanla əməkdaşlığında mühüm mərhələdir

Siyasət Materials 29 Noyabr 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanması Aİ-nin ölkə ilə əməkdaşlığında mühüm mərhələdir və bu, Azərbaycan vətəndaşlarına hiss ediləcək dərəcədə fayda gətirəcək. Trend-in Avropa İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Aİ-nin daxili işlər üzrə komissarı Sesilia Malmström deyib.

S.Malmström bildirib: "Mən çox şadam ki, Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalandı. Bu, Azərbaycan vətəndaşlarına "Şengen" məkanına, həmçinin Aİ ölkələrinin vətəndaşlarına Azərbaycana daha rahat səfər etməyə imkan verəcək. Bu, Aİ və Azərbaycan vətəndaşları arasında qarşılıqlı əlaqələri bundan sonra da təşviq edəcək".

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar.

Vilnüsdə keçirilən III "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, "Şengen" zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti