Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycan, Türkiyə və Gürcüstan müttəfiq dövlətlər olaraq öz siyasətlərində bir-birinin ərazi bütövlüyünü yalnız sözdə deyil, əməldə də dəstəkləməlidirlər. Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda keçirilən beynəlxalq konfransda SAM-ın direktoru Fərhad Məmmədov bildirib.
F.Məmmədov qeyd edib ki, regionun inkişafına zərər vuran və sülh, təhlükəsizliyin bərqərar olmasına əngəl törədən münaqişələrin həll olunması hər üç ölkənin ortaq marağındadır: "2012-ci ildə Trabzon Bəyannaməsində bu məsələ vurğulanıb. Müttəfiq dövlətlər öz siyasətlərində bir-birinin ərazi bütövlüyünü yalnız sözdə deyil, əməldə də dəstəkləməlidirlər. Bunu deməkdə məqsədim odur ki, bəzən "balans" qorumaq arzusu ilə bürokratların səsləndirdikləri bəyanatlar ortaq marağımıza zərər vura bilir. Təəssüflə qeyd etməliyəm ki, balans saxlanılması adına bu tipli bəyanatların səsləndirildiyi ölkə - Ermənistan hər üç ölkənin nəinki strateji əməkdaşlığından narahatdır, öz siyasətində qonşu ölkələrə qarşı da səmimi deyil".
Bundan əlavə, SAM rəhbərinin fikrincə, beynəlxalq səviyyədə tərəflər bir-birinə dəstəyi davam etdirməlidirlər. Artıq bunun parlaq nümunələri mövcuddur: "BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" Qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib, BMT Baş Assambleyasında Gürcüstanın təşəbbüsü ilə irəli sürülmüş "Gürcüstanın Abxaziya və Gürcüstanın Cənubi Osetiyanın Tsxinvali rayonundan olan məcburi köçkün və qaçqınların vəziyyəti" Qətnaməsinə dair səsvermə zamanı Azərbaycan Gürcüstanı dəstəkləyib. Amma Gürcüstanın BMT Baş Assambleyasında "Abxaziya (Gürcüstan) və Cənubi Osetiyada (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə" Qətnamənin səsverməsində və analoji səsvermələrdə Ermənistanın tutduğu mövqeyi nəzərdən keçirməyinizi tövsiyə edirəm. Bu və bənzər məsələlər göstərir ki, əslində Ermənistan rəhbərləri nə qədər Gürcüstana qarşı "mehriban qonşuluq siyasəti" həyata keçirdiklərini desələr də, əməldə həmişə bunun əksi ortaya çıxıb".