Azərbaycan, Bakı, 21 fevral /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlamentlə bölüşməklə 2004-cü il konstitusiyasına qayıdışla bağlı təşəbbüs göstərəcəyini elan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
V.Yanukoviç bildirib: "Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə təşəbbüs göstərəcəyimi bəyan edirəm".
Ukrayna Prezidenti milli etimad hökumətinin formalaşdırılması proseduruna başlamağa çağırıb: "Mən sakitliyi bərpa etmək və gələcəkdə qarşıdurmalar zamanı ölüm hallarının olmaması üçün atılmalı addımlar barədə bəyan edirəm".
Prezidentin sözlərinə görə, o, Ukraynanın dövlət başçısı və konstitusiyanın qarantı kimi ölkədə dövlətçiliyin və insanların həyatının qorunması, sülh və əmin-amanlıq naminə xalq, Ukrayna və Tanrı qarşısında öz borcunu yerinə yetirir.
Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 80 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.