...

Türkiyədəki qadağalar – ölkənin özünümüdafiə instinkti

Siyasət Materials 8 Aprel 2014 14:57 (UTC +04:00)
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkədə baş verən digər hadisələri kölgədə qoysa da, seçkilərin fonunda ölkədə bir çox önəmli hadisələr yaşandı.
Türkiyədəki qadağalar – ölkənin özünümüdafiə instinkti

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkədə baş verən digər hadisələri kölgədə qoysa da, seçkilərin fonunda ölkədə bir çox önəmli hadisələr yaşandı.

Bunlardan ən önəmlisi Türkiyə məhkəməsinin qərarı ilə ölkədə martın 21-də "Twitter", martın 27-də isə "YouTube" video şəbəkəsinin bağlanılması oldu. Hətta "Facebook" sosial şəbəkəsinin də bağlanacağı ehtimallar arasında idi.

Ölkədə ifadə azadlığına qadağa kimi dəyərləndirilən sosial şəbəkələrin seçki öncəsi bağlanılmasının hakim partiyanın bələdiyyə seçkilərindəki səs sayına neqativ təsir edəcəyi gözlənilsə də, belə olmadı.

"Twitter"-in bağlanması ifadə azadlığına qadağa kimi dəyərləndirilsə də, Türkiyə rəsmiləri bunun tam olaraq hüquqi çərçivədə həyata keçirildiyini bildirdilər.

Ölkə rəsmiləri verdikləri açıqlamalarda "Twitter" sosial şəbəkəsinin Türkiyəyə münasibətdə ikili standartlar tətbiq etdiyini bildirdilər. Bütün bunlara yanaşı, o da qeyd olundu ki, iki il bundan əvvəl "Twitter" Fransa məhkəməsinin qərarına tabe olaraq ölkədə antisemitizmin qızışdırılmasına yönəldilmiş 350 mindən artıq tviti pozsa da, Türkiyə məhkəmələrinin qərarlarını gözardı edir.

Daha sonra Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə "Twitter" sosial şəbəkəsinə girişə qoyulan qadağa ortadan qaldırıldı.

Ölkənin ən önəmli siyasi fiquru Baş nazir Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin "Twitter" qadağasını aradan qaldırmasını milli maraqlara zidd addım kimi qiymətləndirdi.

Konkret olaraq "YouTube" video şəbəkəsinə olan qadağaya gəlincə isə, burada vəziyyətin daha fərqli olduğunu görmək olar. Belə ki Türkiyədə "YouTube" video şəbəkəsi martın 26-da xarici işlər naziri Əhməd Davudoğlu, ölkənin kəşfiyyat xidmətinin (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Hərbi Hava Qüvvələrinin generalı Yaşar Gülərin Suriya məsələsinə dair müzakirələrinin səs yazılarının sosial şəbəkədə yayımlanmasından sonra bağlanıb.

Aparılan müzakirələr Türkiyənin Suriyanın Rakka əyalətindəki yeganə torpağı olan Süleyman Şah Türbəsi və Caber qalasına İŞİD (İraq və Şam İslam Dövləti) terror təşkilatının hücumlarının Suriyaya hərbi müdaxilə vasitəsi kimi istifadə ediləcəyi olub [Süleyman Şah Türbəsi və Caber qalası Osmanlı dövlətinin süqutundan sonra, 1923-cü ildə Ankara və Lozan müqaviləsi nəticəsində Türkiyəyə verilir. 1938-ci ildən bu günə qədər türbə və qala türk əsgəri tərəfindən qorunur].

Əslində dövlətin "qara qutusunda" olan səs yazılarının sosial şəbəkələrdə yayımlanması heç də hər zaman birmənalı qarşılana bilməzdi. Bir çox siyasi analitiklər bunu seçkiqabağı gündəmi dəyişmək kimi, bəziləri isə isə ölkə xaricindəki qüvvələrin Ərdoğan hökumətinə təhdidi kimi dəyərləndirdi.

Təbii ki, Türkiyə hökuməti yaxşı bilir ki, "YouTube" video şəbəkəsinə qadağanın tətbiq edilməsi ilə yayılan səs yazılarının qarşısını almaq olmayacaq.

Məhz bu səbəbdən də Türkiyədə sosial şəbəkələrə tətbiq edilən qadağaları ölkənin özünümüdafiə instinkti kimi qiymətləndirmək olar.

Digər bir tərəfdən, məxfi şəkildə keçirilən Suriya müzakirələrinin sosial şəbəkələrdə yayımlanmasının Ankaranın xarici siyasətinə təsirsiz ötüşəcəyi inandırıcı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti