Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əhmədova/
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E.Abdullayev qeyd edib ki, müraciətində Makvala Qonaşvili 2012-ci ilin 16-18 oktyabr tarixlərində"Beynəlxalq poeziya festivalı"nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulamış və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib.
E.Abdullayevin sözlərinə görə, həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davrancağına öhdəlik götürdüyünü qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, Makvala Qonaşvili azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasını xahiş edib.