...

Elmar Məmmədyarov: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə prioritet vəzifələrindən biri korrupsiya ilə mübarizə olacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 İyun 2014 20:23 (UTC +04:00)
Azərbaycanın AŞ PA-da sədrliyi dövründə prioritet vəzifələrindən biri korrupsiya ilə mübarizə olacaq.
Elmar Məmmədyarov: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə prioritet vəzifələrindən biri korrupsiya ilə mübarizə olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə prioritet vəzifələrindən biri korrupsiya ilə mübarizə olacaq. Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın iclasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyinin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi sahəsindən seçilib. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilib. Azərbaycan korrupsiya ilə mübarizə sahəsində xeyli uğur qazanmış dövlət kimi təşkilatın bu sahəyə səylərinə töhfə verməyə hazırdır: "Belə ki, ayın sonunda Bakıda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində yüksək səviyyədə konfrans təşkil ediləcək. Konfrans milli təcrübələr və antikorrupsiya qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi sahəsində qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparmaq üçün unikal imkan yaradacaq".

XİN rəhbəri bildirib ki, müxtəlif etnik və dini icmaların əsrlərdir sülh içərisində yaşadığı bir dövlət olan Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqini özünün xarici siyasətinin prioritetinə çevirib: "Son illərdə Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir çox mötəbər beynəlxalq təşəbbüs və tədbirlərin ev sahibi olub. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan hökumətinin bu sahədə beynəlxalq səylərə dəstəyini daha da gücləndirmək məqsədi daşıyır. Bundan başqa, biz 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi daha bir mötəbər tədbirə də ev sahibliyi etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan sədrliyi zamanı çoxmədəniyyətli cəmiyyətlərin qarşılıqlı anlayış və hörmət mühitində birliyi istiqamətində çalışacaq. Bu məqsədlə bu ilin 1-2 sentyabr tarixlərində Bakıda Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektləri mövzusunda illik iclası keçiriləcək. Bu görüş dini və qeyri-dini şəxsiyyətlərin iştirakı ilə debatların keçirilməsinə imkan yaradacaq. Görüşün əsas mövzusu çoxmədəniyyətli cəmiyyətlərdə din və qeyri-dini inancların tolerantlığı, onların bütün növ ayrı-seçkilik, dözümsüzlük və zorakılıqla mübarizəyə verdiyi töhfələri, eyni zamanda, dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa töhfəsi olacaq: "Assambleya nümayəndələrinin bu vacib tədbirə qatılaraq fəal iştirakına ümid edirəm. Bu prioritet xəttə uyğun olaraq, Azərbaycanın sədrliyi mədəniyyətlə bağlı daha bir sıra tədbirlərə ev sahibliyi edəcək. Bunların sırasında iyul ayının əvvəllərində keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi, hər ikisi oktyabr ayında Bakı şəhərində keçiriləcək 2014-cü il Mədəni Marşrutlar üzrə Məşvərətçi Forumu və İrs günlərinə həsr olunmuş tədbir və oktyabr ayında Qəbələdə keçiriləcək "Nifrət Nitqinə Yox Hərəkatı" Gənclər Forumu daxildir".

Nazir qeyd edib ki, futbol yarışları da daxil olmaqla, müxtəlif idman müsabiqələrinin manipulyasiyası korrupsiya fenomeninin önəmli aspektlərindən və yeni təhlükələrindən hesab olunur: "Bununla bağlı olaraq, Assambleyanın ötən ay bu qurumun adından fəaliyyət göstərən Daimi Komitənin Bakıdakı iclasında qəbul edilmiş 287 saylı Rəy (2014) vasitəsilə İdman yarışlarının manipulyasiyası haqqında Konvensiyanın layihəsinə razılığını verməsi və öz şərhlərini bildirməsindən olduqca məmnunam. Hazırda mətn yuxarıda qeyd olunan rəy əsasında Nazirlər Komitəsi tərəfindən nəzərdən keçirilir".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın sədrliyi Konvensiyanın ən qısa zamanda qəbulu üçün əlindən gələni əsirgəməyəcək: "Konvensiyanın məhz 2015-ci il Avropa oyunlarına ev sahibliyi edəcək Azərbaycanın sədrliyi zamanı qəbulu bizim üçün məmnunluq və qürur mənbəyi olacaq".

Onun sözlərinə görə, bundan başqa, Azərbaycan Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) maliyyə dəstəyi göstərəcək.

XİN rəhbəri bildirib ki, Azərbaycan sosial vəhdətin sabit, çiçəklənən və çoxmədəniyyətli cəmiyyətlərin inkişaf və davamlılığının əsas zəmini olduğu qənaətindədir: "Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcək. Xüsusilə risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif alətlərinin təmin etdiyi hüquqlardan tam istifadə edə bilməlidir. Xarici işğal nəticəsində irimiqyaslı daxili köçkünlük təcrübəsi yaşamalı olan Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif seqmenti olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə sədrliyə aid müvafiq fəaliyyətlər çərçivəsində böyük diqqət ayıracaq. Eyni zamanda, gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılmasına olan diqqət də gücləndirilməlidir. Bununla bağlı olaraq, Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində görüləcək tədbirlərin təkmilləşdirilməsinə hədəflənən Enter-2 layihəsinə maliyyə dəstəyi ayırmaq qərarı verib".

E.Məmmədyarov deyib ki, qadın haqları da heç bir halda diqqətdən kənarda qalmamalıdır: "Bununla bağlı, bir neçə gün öncə Bakı şəhərində keçirilmiş Avropa Ombudsmanlarının Konfransında milli insan haqları institutlarının qadın haqlarının təmin edilməsi istiqamətində rolu mövzusunda geniş müzakirələr aparılıb. Sosial vəhdətlə bağlı sədrlik prioritetlərimiz çərçivəsində cari ilin sentyabr ayında Bakıda Avropa Şurasının Sosial Vəhdət Strategiyası və Fəaliyyət Planı müzakirə olunacaq. Bundan başqa, Azərbaycanın Avropa Şurası ilə bu xüsusi sahədə əməkdaşlığının daha da dərinləşdirilməsi səylərinin məntiqi davamı olaraq, Sosial Vəhdətə məsul olan Avropa Şurası Nazirlər Konfransının Bakıda keçirilməsinə dair niyyətimizi ifadə etmişik".

Onun sözlərinə görə, sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli Nazirlər Konfransı təşkil ediləcək: "Konfrans Nazirlər Komitəsi çərçivəsində bu ölkələrlə siyasi dialoqu necə gücləndirməyə dair davam edən dialoqu tam nəzərə alaraq, Avropa Şurasının qonşuluq siyasətinə daxil olan ölkələrdə uzunmüddətli öhdəliklərin araşdırılması üçün əhəmiyyətli forum rolunu oynayacaq. Azərbaycanın sədrliyi ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla bu əməkdaşlığı gücləndirməyə çalışacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti