...

Qubad İbadoğlu: Arif Hacılının öz potensialı, resursları ilə mənə qalib gəlməsinə inanmaram (MÜSAHİBƏ)

Siyasət Materials 29 Sentyabr 2014 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun Trend-ə müsahibəsi

- Müsavat Partiyasının qurultayında nədən narazı qaldınız, nə xoşunuza gəlmədi?

- Mənim "Müsavat"ın qurultayı ilə bağlı narazılığım yoxdur, amma xoşuma gəlməyən məqamlar oldu. Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni, xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır.

Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi.

Digər məqam ondan ibarətdir ki, Müsavatda hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni, onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu.

Xoşuma gələn məqamlar da var - təbii ki, səslərin şəffaf sayılması, səslərin sayılmasının mətbuat tərəfindən müşahidə olunması, səsvermə prosesinin özünün təşkilində bir az qüsurlar olsa da, bütövlükdə yaxşı təşkil olunması.

- Qubad bəy, belə başa düşdüm ki, İsa Qəmbərin adından sui-istifadələrin olması başqanlığa seçkilərin nəticəsinə təsir etdi?

- Əvvəla, onu da qeyd edim ki, mənə səs verənlər əksəriyyəti Müsavat partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib hesab edənlər, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar oldu. O da az olmadı. Bu, onu göstərdi ki, Müsavat partiyasında bunu istəyən kifayət qədər adam var.

Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən İsa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı.

- Sui-istifadə hallarının arasında İsa Qəmbərin özünün də Arif Hacılıya istiqamətlənmiş göstərişləri və onun başqanlığa namizədliyini dəstəkləməsinə dair digər hallar özünü büruzə verdimi?

- Jurnalistlər kimi müsavatçılar da ayıq adamlardırlar. Fikirlərimi bölüşənlər də var. Müşahidə etdiyim məqamlar əslində elə bu və digər səbəblər eləcə də sui-istifadə halları ilə bağlıdır. Sui-istifadə məsələsində icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu rəsmi qəbul olunmuş mesaj idi. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram.

- Qubad bəy, partiyada bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- Partiyada mənim kifayət qədər tərəfdarlarım var. O özünü yalnız seçkinin nəticələri ilə ifadə etmir. Bilirsiniz ki, seçkidən kənarda qalan xeyli gənc, partiyanın qadınlar təşkilatı, ziyalıları, açıq şəkildə mənə dəstək verib. Seçkinin nəticələri də az göstərici deyil, kifayət qədər böyük göstəricidir. Biz bu qərarı birlikdə veririk, yəni bu, təkcə mənim fərdi qərarım deyil. Hər halda bizim məsləhətləşmələrdə ilkin rəy ondan ibarətdir ki, partiyada fəaliyyətimizi davam etdirək. Fəaliyyətimizin hansı formada, hansı formatda, hansı səviyyədə olması ilə bağlı müzakirələr gedir. Hələ ki, bizim nə seçkili orqanlarda, nə təyinatlı vəzifələrdə yer almaq fikrimiz var. İstəyirik ki, həm də yeni seçilmiş komandaya, eyni zamanda, onların köhnə platformasına bir meydan verək. Davam etsinlər, görək, Müsavatı hara aparırlar, necə inkişaf etdirirlər?

- Qubad bəy, yeni komandanın sizə qarşı təzyiqlərindən ehtiyatlanırsınızmı? Çünki siz fikirlərinizi açıq şəkildə ifadə etdiniz. Necə hesab edirsiniz, ola bilərmi ki, sizə və sizin komandanıza qarşı partiyada təpkilər, təzyiqlər olsun?

- Təbii ki, bizim bir işimiz də ondan ibarətdir ki, partiyanın nizamnamə əsasında idarə olunmasına nəzarət edək. Bu nizamnamədən kənar hansı hallar baş verəcəksə, əlbəttə ki, biz ona qarşı öz mövqeyimizi ortaya qoyacağıq. Bu mərhələdə həm də partiyanın nizamnamə ilə idarə olunması üçün çalışacağıq. Nizamnamədən kənar qərarlara laqeyd qalmayacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti