...

Azərbaycan və İran münasibətlərində yeni səhifə

Siyasət Materials 10 Noyabr 2014 10:57 (UTC +04:00)
Noyabrın 12-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri baş tutacaq. Səfər zamanı iki ölkə arasında əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 10 sənəd imzalanacaq.
Azərbaycan və İran münasibətlərində yeni səhifə

Fars xəbərlər xidməti

Təmkin Cəfərov - Trend:

Noyabrın 12-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri baş tutacaq. Səfər zamanı iki ölkə arasında əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 10 sənəd imzalanacaq.

Azərbaycan və İran arasında münasibətlər ötən 20 il ərzində enişli-yoxuşlu da olsa, inkişafa meyilli olub. Azərbaycan və İran dövləti və xalqlarını bir-birinə dərin tarixi, mədəni və dini köklər bağlayıb. Bu dərin bağların olması iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün zəmin yaradır. Azərbaycan və İran rəsmilərinin və hər iki ölkənin siyasi ekspertlərinin qənaətincə, son aylar ərzində dövlət nümayəndələrinin qarşılıqlı səfərləri onu göstərir ki, Bakı-Tehran əlaqələrində yeni səhifə açılıb.

Ümumi sərhədlərinin uzunluğu 670 kilometrdən çox olan Azərbaycan və İran Xəzəryanı ölkələrdir. İki ölkə arasında indiyədək təhlükəsizlik, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində 3 sənəd imzalanıb. Bu sənədlərin imzalanması dövlətlər arasında qarşılıqlı inamın yaranması və anlaşılmazlıqların aradan qaldırılması istiqamətində atılmış önəmli addımlardandır.

İki ölkə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların yatırılması, Bakı-Astara magistral yolunun yenidən qurulması, Parsabad-İmişli- Şirvan- Salyan elektrik ötürücü xəttinin inşası, "svap" əməliyyatlar çərçivəsində Naxçıvana qazın ötürülməsi, Araz çayı üzərində su elektrik stansiyasının tikintisi, sərhədyanı bölgələrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi, sərhəd-buraxılış məntəqlərində gediş-gəlişin sadələşdirilməsi, elm və mədəniyyət sahəsində əməkdaşlıq, iki ölkə arasında aviareyslərin sayının artırılması, o cümlədən Bakı-Təbriz-Tehran reysinin təşkili kimi məsələlərdə sıx əməkdaşlıq edir.

Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün geniş potensial var və hər iki ölkə bu potensialdan istifadə etməklə strateji müttəfiq ola bilər. İran Azərbaycanın regionda önəmli ölkə və Qafqaza açılan qapı olduğunu bilir. İki ölkə arasında həm quru, həm də su sərhədlərinin olması ticarət, tranzit və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün zəmin yaradır. Azərbaycan da İranın regionda və dünyadakı mövqeyini və rolunu qiymətləndirir. İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı regionda sülh və təhlükəsizliyini təmininə töhfə verə bilər.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcudluğuna baxmayaraq, rəsmi Tehranla Bakı arasında əlaqələr hələ ki, arzuolunan səviyyəyə çatmayıb. Lakin hər iki ölkənin rəhbərliyi əlaqələrin ən yüksək səviyyəyə çatmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti