...

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Omaha və Linkoln şəhərlərində bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 13 Noyabr 2014 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Səbinə Әhmədova/

Azərbaycanın aparıcı media qurumları, Mərkəzi Seçki Komissiyası və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti Açıq Dünya Proqramı çərçivəsində ABŞ-ın Nebraska ştatının Omaha və Linkoln şəhərlərində bir sıra görüşlər keçirib.

Trend-in məlumatına görə, proqram iştirakçıları əsasən Nebraska ştatında seçkilərə hazırlıq, seçki təşviqat kampaniyası və seçkilərin keçirilməsi prosesi barədə geniş məlumatlandırılıb.

Nebraska Universitetində proqram iştirakçıları universitetin hökumət əlaqələri üzrə direktoru və vitse-prezidenti Ron Vitzem ilə görüşüblər. Görüşdə proqram iştirakçıları universitet sistemi barədə geniş məlumat əldə ediblər. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti Nebraska ştatı barədə də məlumatlandırılıb. R.Vitzem qeyd edib ki, Nebraska Ştatının büdcəsi 6 milyard dollar təşkil edir ki, bunun da böyük hissəsi sosial məsələlərə xərclənir.

R.Vitzem Nebraska ştatının qanunvericilik sistemi barədə də danışıb. Onun sözlərinə görə, ştatın qanunvericilik orqanı bir palatadan ibarətdir.

Nebraska Universitetinin tibb mərkəzi barədə danışan vitse-prezident qeyd edib ki, bu yaxınlarda Ebola virusuna yoluxmuş iki amerikalı bu mərkəzdə müalicə alaraq tamamilə sağalıb.

Daha sonra nümayəndə heyəti "Lincoln Journal Star" qəzetinin siyasi məsələlər üzrə jurnalisti Don Valton və seçkilər üzrə redaktor Şelli Kulaneklə görüşüblər.

Ş.Kulanek ABŞ-da keçirilən seçkiləri fəaliyyət göstərdiyi redaksiyadan 20 jurnalistin işıqlandırdığını bildirib.

Görüşdə, həmçinin vurğulanıb ki, jurnalistlər və ya seçicilər tərəfindən hər hansı pozuntu halına rast gəlindiyi zaman bu barədə hökumətə məlumat verilir və hökumət bu məsələni dərhal araşdıraraq lazımi tədbirlər görür.

Daha sonra nümayəndə heyəti Nebraska Ştatının senatoru Bill Everi ilə görüşüb. B.Everi qeyd edib ki, Nebraska ştatının çox unikal qanunvericilik sistemi mövcuddur.

Seçkilər barədə danışarkən senator vurğulayıb ki, seçicilərin namizədlər haqqında kifayət qədər məlumatlı olmasına böyük önəm verir: "Hesab edirəm ki, namizədlər haqqında məlumat ictimaiyyətə hər zaman açıq olmalıdır".

Görüşün ardınca proqram iştirakçıları Linkoln şəhərində yerləşən Kapitol binası ilə yaxından tanış olublar və iştirakçılara binanın tarixi barədə geniş məlumat verilib.

Proqram iştirakçıları, həmçinin Respublika və Demokrat partiyalarının Nebraskadakı qərargahlarında olub və hər iki partiyanın icraçı direktorları ilə görüşüblər. Nümayəndə heyəti Nebraska Ştatının Seçkilər üzrə dövlət katibi Nil Erikson ilə də ştatın seçki qanunvericiliyi barədə geniş müzakirələr aparıblar.

Daha sonra nümayəndə heyəti Qellap İnstitutunda, "Omaha World Herald" qəzetində və Qadın Seçiciləri Liqasında da görüşlər keçirib və seçki prosesi ilə bağlı problemləri müzakirə ediblər.

Azərbaycan nümayəndə həyətinin üzvləri Nebraska Ştatının fəxri vətəndaşı (Honorary Nebraska Citizen) sertifikatı ilə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti