...

Arzu Nağıyev: "Azərbaycan istər dünya, istər Avropa siyasətində öz sözünü deyən ölkəyə çevrilib" (VİDEO)

Siyasət Materials 17 Noyabr 2014 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin ölkəmiz üçün nə kimi əhəmiyyət kəsb etdiyinə dair Region TV-nin suallarını cavablandırıb.

- Arzu müəllim, ötən həftə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başa çatdı. Bu 6 aylıq müddətdə ölkənin sədrliyini necə xarakterizə etmək olar?

- Bildiyimiz kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu 14 il ərzində o, bir üzv olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Son 6 ayda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişdir və 14 noyabr tarixində həmin sədrliyi yekunlaşdıraraq Belçikaya təhvil vermişdir. Bu müddətdə hansı prioritet istiqamətdə işlər görülübsə, noyabr ayının 14-də, sədrlik Belçikaya təhvil verilən vaxt bu barədə XİN rəhbəri cənab Elmar Məmmədyarov qısa hesabat verdi. Azərbaycanın sədrliyi əsasən Avropada gərgin geopolitik vəziyyətlər vaxtına düşmüşdü və ölkə Avropa İttifaqına daxil olan hər bir ölkə ilə qonşuluq siyasətini həyata keçirmək üçün demək olar ki, bütün addımları atdı.

- Ölkənin komitədə sədrliyinin Qarabağ problemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından nə kimi önəmi oldu?

- Bu gün Qarabağ məsələsi ilə bağlı bizim əsas fikrimiz həqiqətləri dünyaya çatdırmaq və bunun hüquqi bazasını həll etməkdir. Bu baxımdan, əlbəttə, bizim belə bir mötəbər qurumda sədrlik etməyimiz Qarabağ məsələsi ilə bağlı həqiqətlərin dünyaya və qonşulara çatdırılmasında böyük rol oynadı. Yəni bizim sədrliyimiz həqiqətən də Qarabağ məsələsi və dünyanın bir sıra ölkələrində olan diaspor təşkilatları ilə əlaqələrimiz baxımından da böyük nailiyyətlər əldə edib.

- Azərbaycanın sədrliyi regional problemlərin tüğyan etdiyi bir dövrə təsadüf etdi. Nəzərə alsaq ki, Ukrayna böhranı bu dövrdə yaşandı, həmin quruma üzv olan ölkələrin bir çoxunun Rusiya ilə münasibətlərində gərginlik müşahidə olundu, Azərbaycanın bu gərgin dövrdə həm Qərb, həm Ukrayna, həm də Rusiya arasında balanslı siyasətini necə dəyərləndirmək olar?

- Bəli, doğrudan da bu sədrlik dövründə ümumiyyətlə, regionda bir sıra çaxnaşmalar hiss olundu, eyni zamanda, Rusiya və Ukrayna arasında həmin problemlər də yaşandı. Lakin Azərbaycan ümumi dövlətimizin balanslı siyasətini bir əsas xətt kimi götürərək həm Rusiyaya olan sankiyalarla bağlı, həm də Ukraynanın ərazi bütövlüyünün tənzimlənməsi baxımından çox balanslı bir siyasət yeritdi. Yəni dövlətimizin ümumi balanslı siyasəti bir daha həmin sədrlik dövründə özünü büruzə verdi.

- Azərbaycanın sədrliyi həm də həmin quruma üzv olan ölkələrlə əməkdaşlığın daha da sıxlaşması baxımından əhəmiyyətli oldu. Buna münasibətiniz necədir?

- Əsas prioritet istiqamət kimi Avropa dövlətlərinin keçirdiyi və keçiriləcək bir sıra tədbirlərini dünyaya çatdırmaqdır. Məsələn, Azərbaycan öz sədrliyi dövründə korrupsiyaya qarşı mübarizə məsələsini bir prioritet kimi qoymuşdu. Bu məqsədlə konfrans da təşkil olunmuşdu. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ölkədə ilk Avropa Oyunlarının keçirilməsinə nəzər yetirdi. Bununla bağlı idman yarışlarının manipulyasiyası, idman nazirlərinin görüşü, eyni zamanda, 2015-ci il Olimpiya hərəkatının Avropa ölkələrinə təqdimatı məsələsinə geniş yer ayrıldı.

- Bu sədrlik eyni zamanda, parlamentlərarası münasibətlərin də inkişafına gətirib çıxardı. Bu da gələcək baxımından böyük önəm daşıyır...

- Bəli, Nazirlər Komitəsi və Parlament Assambleyası arasında sıx və qarşılıqlı bir əlaqə yaranması ilə yadda qaldı. Bakıda bu qurumların birgə tədbiri keçirildi. Və bu istiqamətdə də Azərbaycan çox mühüm bir addım atmış oldu. Bundan başqa, bu sədrlik dövründə mədəniyyətlərarası dialoq məsələsi bir tədbir formasında keçirildi, Gənclər Siyasəti üzrtə I Qlobal Forum keçirildi. Yəni bunlar hamısı - Avropa ilə bizim özümüzün apardığımız siyasi təbliğat eyni zamanda, komitə rəhbəri kimi Azərbaycanın bütün Avropa ölkələrinə transfer ediləcək bir mədəniyyətini ortaya qoydu. Avropada fəaliyyət göstərən bəzi strukturlar Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədr olan vaxt müxtəlif əsaslarla bizə qarşı bir o qədər də müsbət mövqedən çıxış etmədilər. Buna baxmayaraq, Azərbaycan bir daha sübut etdi ki, öz balanslı siyasətini yeritməkdədir, heç bir qərəzli mövqedən çıxış etmir, bütün Avropa qonşuları ilə eyni səviyyədə dialoqa gedir. Bir sözlə, Azərbaycan özü haqqında söylənilən qərəzli mövqe fikrini alt-üst etdi.

- Azərbaycanın bu cür təşkilatlarda sədrliyi ilk dəfə deyil. Ölkə bundan əvvəl də bir neçə beynəlxalq qurumda sədrlik edib. Əldə etdiyimiz təcrübələrin gələcək dövrlərə ötürülməsini və bundan yararlanmasını necə dəyərləndirmək olar?

- Ola bilsin ki, illər əvvəl Azərbaycan belə böyük siyasi arenalarda o qədər də tanınmırdı. Ancaq bu gün artıq Azərbaycan istər dünya, istər Avropa siyasətində öz sözünü deyə bilən bir ölkəyə çevrilmişdir. Bununla bağlı onun böyük qurumlarda bir daha sədrlik etmək təcrübəsi mövcuddur. Təbii ki, keçirilən təbdirlərdən sonra Azərbaycanın təcrübəsi daha da artmışdır və ölkə gələcəkdə yeni-yeni komitələrə sədrlik etmək iqtidarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti